Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Səddam Həsənovun əbədiyyətdəki ilk doğum günü

15 oktyabr 2021 | 16:00

Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bu uca məqama yüksələnlərdən biri düşmənə aman verməyən, cəsur, mərd Həsənov Səddam idi. Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid idi Səddam.
Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən Səddamın  daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var idi. Elə buna görə də o şüurlu şəkildə ölümü gözə ala bildi Döyüşlərdə yaralanmasına baxmayaraq, yaralı qolunu sarıyıb irəli getdi Xüsusi Təyinatlı Şəhidimiz. Həmin gün Səddam və onun döyüş yoldaşları düşməni bir addım da irəli buraxmamaq üçün son damla qanlarına kimi vuruşdular. Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Səddam kimi şəhidlərimiz bir daha sübut etdi ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir.
Bu gün yəni, 15 oktyabr Səddamın cənnətdə 29-cu yaşı tamam oldu. Səddam 15 oktyabr 1992-ci ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. 2010-cu ildə Yeni Mil kənd tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanan şəhidimiz xidmət müddətində öz vətənpərvərliyi, dözümü və iradəsi fərqlənmişdir. Hərbiyə olan marağı və diqqəti nəticəsində hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir hazırlıq kursuna daxil olmuş və həmin kursu müvəffəqiyyətlə bitirib, Naxçıvanda yerləşən N-saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirmişdir. Zəkası və fiziki  qabiliyyəti ilə seçilən Səddam daha sonra Xüsusi Təyinatlı Taborun qrup kamandirinin müavini vəzifəsində təyin olunmuşdur. Səhidimiz 2014-2019-cu illər ərzində müxtəlif vəzifələrdə fəqlənmişdir. Müxtəlif dövrlərdə TÜrkiyədə təşkil olunan xüsusi təlimlərdə iştirak etmiş, həmin təlimləri uğurla tamamlamışdır. Səddam həmçinin, Naxçıvanda xidmət edərkən Günnüt əməliyyatında iştirak etmiş , Günnüt kəndinin işğaldan azad edilməsində böyük şücaət göstərmişdir. Beləliklə, ömrünü gününü vətənə xidmətə həsr edən Səddamın son döyüşü və ən böyük qalibiyyəti İkinci Qarabağ Müharibəsində təsadüf edir.
Xüsusi Təyinatlı Qüvvələrin Giziri olan qəhrəmanımız cənub istiqamətindəki bütün döyüşlərdə iştirak edən xüsusi dəstə qruplarından birini təmsil edib. Ona tapşırılan ən çətin əmr və tapşırıqların öhdəsindən şərəflə gəlib. Murovdağ zirvəsinin alınmasında, Füzuli rayonun azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib. Həmişə öndə gedən, saysız igidliyə imza atan Səddam 17 oktyabr tarixində Vətən müharibəsinin Hadrut cəbhəsində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.
Bu gün Şəhidimizin doğum günü ilə əlaqədar onun xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, mediya və ictimaiyyət nümayəndələri, şəhidimizin məktəb müəllimləri və şagirdləri iştirak ediblər. Şəhidin məzarı önünə gül düzülüb, adına dualar oxunub, ruhuna ehtiram bildirilib. Şəhidin doğum günü tədbiri böyüyüb boya-başa çatdığı evində davam etdi.
Şəhidimizin ruhu qarşısında baş əyir, onu böyük ehtiramla yad edirik!

 

Keçidlər