Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Vətən müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillər təqdim olunub.

22 iyul 2022 | 10:07
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beyləqan rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə mənzillər təqdim olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev şəhid ailələri və müharibə əlillərinin daim dövlətin diqqət mərkəzində olduğunu bildirərək respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət dəstəyinin müxtəlif istiqamətləri əhatə etdiyini bildirib. Xüsusilə, mənzillə təminatı proqramının miqyasının ildən-ilə genişlənməsini vurğulayan A.Ağayev rayonda şəhid ailələrinə təqdim olunan yeni mənzillərdə onların rahat yaşaması üçün hər cür şərait yaradıldığını bildirib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfər qazandığı Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Nazirlik tərəfindən şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək paketi icra olunur.
Bu sosial dəstək paketi 100 mindən artıq şəhid ailəsi üzvü və müharibə iştirakçısını əhatə edib, onlara 193 min sosial dəstək xidməti göstərilib. Nazir müavini mühüm sosial dəstək tədbirlərindən birinin də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı olduğunu vurğulayıb. Qeyd edib ki, bu proqram ötən il 5 dəfə genişləndirilib. Və işlər mərhələli şəkildə davam etdiriləcək.
Yeni mənzillərlə təmin edilən şəhid ailələri diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə tam təmirli yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər