Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid baş leytenant Mahir Dadaşzadənin doğum günü qeyd edilib.

02 sentyabr 2022 | 17:52
1 Sentyabr 2022-ci il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində şəhidlik adına ucalmış Azərbaycan Ordusunun baş leytenantı Mahir Qərib oğlu Dadaşzadənin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, aparatın şöbə müdiri Heybət Əliyev, şəhidin ailə üzvləri və doğmaları, eləcədə rayon idarə və müəssisə rəhbərləri, qazilər, şəhidin döyüş və kurs yoldaşları, yaxın dostları iştirak ediblər.
Tədbir ilk öncə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Sonra isə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov çıxış edərək bildirdi ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Tədbirdə cıxış edən şəhidin ailəsi və onun yaxınları, şəhid baş leytenant Mahir Dadaşzadənin keçdiyi döyüş yolundan, onun vətənə məhəbbət və silahdaşlarına sadiqliyindən, döyüşlər zamanı göstərdiyi çox sayda igidliklərdən danışıblar.
İdarə və müəssisə rəhbərləri, eləcə də şəhidin yaxınları Mahir kimi neçə-neçə qəhrəmanlarımızın Qarabağı son damla qanına qədər savaşaraq öz dogma sahibinə qaytaradığını və bununla da Azərbaycanın zəfər tarixində yeni bir səhifə açdığını qeyd ediblər.
Sonda isə şagirdlərin ifasinda şəhidlərə həsr olunmuş şeirlər və Mahir Dadaşzadənin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mahir Dadaşzadə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Keçidlər