Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elyar Mirzəyevin qızı Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.

11 noyabr 2022 | 21:02
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev torpaqlarımızın azadlığı uğrunda savaşaraq qəhrəmancasına şəhid olan Elyar Mirzəyevin qızı Mirzəzadə Xanım Elyar qızı və onun babası ilə görüş keçirib.
 
Görüş zamanı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Şəhid Elyar Mirzəyevin mərdlik və qorxmazlığından danışdı. Rayon rəhbəri beynəlxalq yarışlarda ölkəmizi, o cümlədən rayonumuzu layiqincə təmsil etdiyi və yüksək nəticələr qazandığı üçün gənc futbolçu, şəhid övladı Mirzəzadə Xanım Elyar qızını təbrik edib və gələcək yarışlarda ona uğurlar arzulayıb.
 
Mirzəzadə Xanım Elyar qızı 03 noyabr 2006-ci ildə Beyləqan rayonu Bahar qəsəbəsində doğulub və həmin qəsəbədə orta təhsil alıb. Atası kimi Mirzəzadə Xanım da uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olub. Futbol idman növü üzrə “Neftçi” klubunun və Azərbaycan Milli Yığma komandasının üzvü olan gənc idmançımız ölkə daxilində 17 yaşlılar üzrə keçirilən turnir yarışlarda fəal olaraq iştirak edir və hətta keçən ay Latviya Respublikasında Beynəlxalq yarışda da çıxış edib. 2021-2022-ci illər üzrə futbol idman növü üzrə keçirilən 15 yaşlı qızlar arasında turnirdə daxil olduğu komanda birinci yeri tutub.
 
Gənc və uğurlu idmançı Mirzəzadə Xanım onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürünü bildirmiş və atasının xatirəsini öz uğurları ilə daim yaşadacığını qeyd etmişdir.
 
Sonda şəhid övladına Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanı və hədiyyələri təqdim olunub.
Keçidlər