Şriftin ölçüsü :

Saytın rəngi :

“Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatıb.

26 aprel 2016 | 16:00

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatıb. Layihə çərçivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb.Layihənin başa çatması münasibətilə Beyləqan şəhər 1 nömrəli tam orta məktəbdə açılış mərasimi keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi iştirak edib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev rayon haqqında qonaqlara məlumat verib, iki dost ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycanda həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib.
Mərasimdə çıxış edən Tsuquo Takahaşi layihənin başa çatması ilə əlaqədar müəllim və şagirdləri təbrik edib, ölkəsinin Azərbaycanda həyata keçirdiyi sosial layihələrdən danışıb. Bildirilib ki, Yaponiya hökuməti indiyədək Beyləqan rayonunda 2 layihə həyata keçirib və bu artıq 3-cü layihədir. Layihənin ümumi məbləği  90 min 300 ABŞ dollarıdır.
Məlumat verilib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində indiyədək Azərbaycanın bölgələrində yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin artırılması ilə bağlı ümumi dəyəri 18 milyon 037 min 869 ABŞ dolları olan 211 layihə üzrə qrant müqaviləsi imzalanıb. Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1,1 milyard ABŞ dollarını keçib.
Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olub, şagirdlərin rəsm sərgisinə və idmançıların çıxışlarına baxıblar.

Keçidlər