Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənə, dövlətə canımız fəda!” devizi altında hərbi vətənpərvərlik mərasimi keçirilib

18 oktyabr 2016 | 16:00

18 oktyabr 2016-cı il tarixdə Beyləqan rayon Mədəniyyət Sarayında Müdafiə Nazirliyi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə “Vətənə, dövlətə canımız fəda!” devizi altında hərbi vətənpərvərlik mərasimi keçirilib.

Beyləqan rayon mədəniyyət sarayında keçirilən tədbirdə Füzuli, Ağcabədi, Xocavənd və Beyləqan rayonları ərazisindəki hərbi hissələrin əsgər və zabitləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Müdafiə Nazirliyinin rəsmiləri və rayon icra hakimiyyətinin rəhbərliyi əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Mərasimdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əməkdar İncəsənət Xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanmış ədəbi-musiqili-xoreoqrafik kompozisiya tamaşaçılarda böyük maraq doğurub.
Aparıcılar Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasına gedən yolların hələ 1970-ci illərdə ölkəmizə rəhbərlik etmiş dünya şöhrətli siyasətçi Heydər Əliyevlə başlandığını və bu istiqamətdə uzaqgörənliklə mühüm addımlar atıldığını qeyd ediblər.
Mərasimdə müstəqilliyin qazanılmasından daha çox onun qorunması, əbədi, dönməz və sarsılmaz olması naminə mübarizə aparmağın daha çətin və şərəfli olduğu vurğulanıb. Dövlət müstəqilliyimizin və milli təhlükəsizliyimizin qarantı olan Silahlı Qüvvələrimizin yaranması, formalaşması və Qafqazda ən güclü orduya çevrilməsi barədə ətraflı məlumat verilib. Ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin mütəşəkkil, qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır və qadir olan ordunun yaranmasında müstəsna xidmətləri nəzərə çatdırılıb.
Tədbirdə xalqımıza qələbə sevinci yaşadan aprel döyüşlərinin qəhrəmanları xatırlanıb. Bu döyüşlərin dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini bir daha nümayiş etdirdiyi bildirilib.
Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı kollektivi və hərbi birliyin birləşmiş özfəaliyyət kollektivlərinin ifa etdikləri hərbi marşlar, şeirlər, vətənpərvərlik mahnı və rəqsləri tamaşaçılarda xoş duyğular oyadaraq, onları Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizəyə ruhlandırıb.
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev, general-mayor Mais Bərxudarov, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov tədbir iştirakçılarını əlamətdar, tarixi gün münasibətilə təbrik edib, Azərbaycanın Dövlət bayrağının etibarlı əldə olduğunu və dövlət müstəqilliyimizin bundan sonra da inamla qorunacağına əminliklərini bildiriblər.
Hərbi vətənpərvərlik mərasimi Azərbaycanın Dövlət himninin oxunması ilə başa çatıb.

Keçidlər