Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” münasibəti ilə Beyləqan rayonunda anım tədbiri keçirildi

30 mart 2019 | 16:00

30 mart 2019-cu il tarixdə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” münasibəti ilə Beyləqan rayonunda anım tədbiri keçirildi
Tədbir iştirakçıları əvvəlcə  “Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi”ni  ziyarət etmiş, önlərinə gül-çiçək dəstələri düzmüşlər. 
    Heydər Əliyev Mərkəzində  davam edən  tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
    Əvvəlcə 31 Mart-azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olundu.
    Qətlə yetirilmiş soydaşlarımızın xatirəsi anılaraq bir dəqiqəlik sükutla yad edildikdən sonra Rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev  tədbirdə çıxış edərək, 1918-ci ilin martında erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlar barədə geniş məlumat verdi. O bildirdi ki, ermənilərin iki yüz ilə yaxın bir müddətdə xalqımıza qarşı yürütdüyü düşmənçilik siyasəti bu gün də davam edir.
1905-1907-ci və 1918-1920-ci illərdə erməni hərbi dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qətllər və talanlar, həmçinin 1948-53-cü illərdə soydaşlarımızın Ermənistanın ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, ermənilərin 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi ilə başladıqları müharibə və onun acı nəticələri konkret faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
    Cənab Asif Ağayev qeyd etdi ki, məhz Ümummilli Lider Heydər Əliyevin ciddi səyi və təşəbbüsü nəticəsində erməni vəhşiliklərinə hüquqi və siyasi qiymət verilmişdir. Ulu öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla hər il martın 31-i azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.
    Tədbirdə digər çıxış edən rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, rayon Ağsaqqallar Şurasının üzvü Nadir Abdullayev, tarix müəllimləri Vüqar Abbasov, İlhamə Məmmədova və Rəqsanə Zeynalova  bildirdilər ki, erməni şovinistlərinin tarixboyu Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğınlar içərisində 31 mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir. 1918-ci ilin martında Bakı quberniyasında və digər bölgələrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində minlərlə günahsız insan öldürülüb, minlərlə insan elindən-obasından didərgin düşüb. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və digər ətraf rayonlar illərdir ki, Ermənistanın işğalı altındadır və Soyqrırımı gününü bizim xalqımız heç vaxt unutmamalıdır.

 

Keçidlər