Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda şəhidlərin xatirə abidəsinin açılışı olub

19 iyun 2021 | 16:00

19 iyun 2021-ci il tarixdə Beyləqan şəhərində şəhid Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərov küçəsi ilə, şəhid Elxan Əliyev küçələrinin kəsişməsində Birinci Qarabağ və İkinci Qarabağ müharibəsində canlarını Vətən uğurunda fəda edən Beyləqan şəhər şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi olmuşdur.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Aparıcı şair Elman İsrafiloğlu Beyləqanın tarixinə qısa səyahət etdi. İlk öncə çıxış etmək üçün Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayevə söz verdi. Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 44 gün davam edən müharibədə Beyləqanlıların dəmir yumuruq kimi birləşərək Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun tərkibində göstərdiyi qəhrəmanlıqdan söz açdı. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz cəbhənin bütün istiqamətlərində şücaət, qəhrəmanlıq göstərməsindən bəhs etdi. Bildirdi ki, bu qəhrəmanların qarşısında dayana bilməyən düşmən mövqelərinin tərk edərək qaçmışlar. Dekabır ayının 10-da Zəfər bayramını qeyd etdik. Çıxışının sonunda Cənab Asif Ağayev şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə Allahdan şəfa dilədi.

Sonra Şəhidlər abidə kompleksinin üzərindən ağ örtüyü götürmək üçün Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı cənab Asif Ağayev və Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun nəvəsi Akif Əkbərov abidə önünə dəvət edildi. Abidənin önündən ağ örtük götürüldükdən sonra birinci Qarabağ və ikinci Qarabağ müharibəsində həlak olan Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Beyləqan rayon İcra hakimiyyəti adından, Beyləqan rayon Qaziləri adından, Beyləqan rayon F.Hacıyev adına 2 nömrəli tam orta məktəbin kollektivi adından, məhəllə sakinləri adından şəhidlər abidə kompleksinin önünə əklillər qoyuldu, rayon ictimaiəti abidə onünə gül çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər.

Şəhid ailələrinin üzvləri abidə önünə dəvət edildi. Şəhid ailələrinin üzvlərindən Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun bacısı Qəmər Fərhadova, Şəhid İlqar Mehdi oğlu İsmayılovun anası Sara İsmayılova, Şəhid Vasif Quliyevin atası Tahir Quliyev çıxış edərək Dövlətimizin Rəhbəri Prezident cənab İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdilər.

Qarabağ Müharibəsi Veteranları Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev,Qarabaq müharibəsi Qazilər Birliyinin Beyləqan bölməsinin üzvlərindən Həsənov Orxan Həsən oğlu, Heydərov Orxan İlyas oğlu, Azərbaycan Respublikası Şəhid Ailələri Əlilləri və müharibə veteranları İctimai birliyinin sədri Tahir Məmmədov, Tərəqqi medallı tarix müəllimi Nadir Abdullayev çıxış etmişlər.

Beyləqan şəhər F.Hacıyev adına 2 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərimizə həsr olunan şeirlər söylədilər.Tədbirin sonunda şair Elman İsrafiloğlu Şəhidlər abidə kompleksinin ucaldılmasında zəhməti olan məhəllə sakinlərinin hər birinə təşəkkürünü bildirdi. Abidə önündə xatirə şəkilləri çəkdirdilər.

Keçidlər