Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda şəhid ailələri və qazilərə orden və medallar təqdim olunub.

06 iyul 2021 | 16:00


06.07.2021-ci il tarixdə İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin  birgə təşkilatçılığı ilə Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərlə görüş təşkil edilib. Görüşdə müharibə qəhrəmanlarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən orden və medallar təqdim olunub.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan icra başçısı Asif Ağayev bildirdi ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən danışıblar. Bildirilib ki, qısa müddət ərzində Azərbaycan Ordusu 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad edib. Azərbaycan Ordusu arsenalında olan ən müasir silahlarla faktiki olaraq Ermənistan ordusunu darmadağın edib. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlib. Vətən müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirilib.

Daha sonra Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailə üzvlərinə, həmçinin müharibə iştirakçılarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən orden və medallar təqdim edilib. Vətən müharibəsində şəhid olan mayor Elburus Bayramovun təltif olunduğu “Vətən Müharibəsi Qəhrəmanı” medalı, şəhid Siyahim Dəmirovun döyüşlərdə göstərdiyi şücaətə görə təltif edildiyi “Qarabağ” ordeni, şəhid İbrahim Əsgərovun təltif edildiyi “Vətən uğrunda” medalı ailələrinə verilib. Həmçinin qazi Amid Hacıyevə təltif edildiyi “Cəsur Döyüşçü” medalı təqdim olunub.

Şəhid ailələri və qazi Amid Hacıyev onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə  öz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, ümumilikdə Beyləqan rayonu üzrə 111 şəhid ailəsinə 128 medal, 69 müharibə iştirakçısı və qaziyə isə 70 medal təqdim edilib.

 

Keçidlər