Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ümumi təhsilin inkişafına dövlət qayğısı güclənmiş, onun mütərəqqi dünya təcrübəsi zəminində məqsəd məzmun və mahiyyət baxımından yenidənqurulması, habelə şagird nailiyyətlərinin qiymətləndirilməsində müasir texnologiyaların tətbiqi istiqamətində islahat xarakterli tədbirlərin həyata keçirilməsinə başlanmışdır.
Artıq 2013-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və onun icrası ilə bağlı 2015-ci ildə təsdiq edilmiş Fəaliyyət Planı təhsil sahəsindəki fəaliyyətlərin hüquqi əsasına çevrilmişdir. Hazırda yeni məzmun, pedaqoji kadr, idarəetmə, maliyyə mexanizmləri və infrastruktur məsələləri ilə bağlı beş strateji istiqamətdə islahat tədbirlərinin həyata keçirilməsi addım-addım davam etməkdədir.
Ümumtəhsil məktəb şagirdlərinə dərsliklərin pulsuz verilməsi bölgələrdə təlim-tərbiyə şəraitinin yaxşılaşdırılmasına, növbəliliyin əsaslı şəkildə azaldılmasına xidmət edən yüzlərlə yeni məktəb binalarının inşası maddi və mənəvi cəhətdən köhnəlmiş məktəblərin əsaslı təmiri və onların müasir avadanlıqlarla, o cümlədən informasiya-kommunikasiya texnologiyaları ilə təchizi, pedaqoji və rəhbər pedaqoji kadrların seçilib yerləşdirilməsində ciddi qayda dəyişikliklərinin edilməsi, müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində sağlam rəqabətin yaranması və onların əmək haqqının artırılması ilə nəticələnən diaqnostik qiymətləndirmələrin keçirilməsi, dərs ilinin müddətinin uzadılması, istedadlı şagirdlərin olimpiada hərəkatının gücləndirilməsi, dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsinin tətbiqi də ümumi təhsilin keyfiyyətinə bir başa təsir göstərən əhəmiyyətli tədbirlərdəndir.
Son illərdə aparılan sosialyönümlü islahatlar nəticəsində müasir tələblərə cavab verən infrastruktur layihələri həyata keçirilmiş, yüksək standartlara uyğun təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilib istifadəyə verilmişdir. Bu nailiyyətlər ölkədə sosial sferanın-o cümlədən təhsil sahəsində əsaslı islahatların aparılmasına təkan vermiş və onun davamlı inkişafına stimul yaratmışdır.
Respublikada gedən sosial-iqtisadi inkişaf rayonumuzda da uğurla həyata keçirilir. 2004-2017-ci illərdə 20 məktəb binası inşa edilmiş və dövlət vəsaiti hesabına 5 məktəb əsaslı təmir olunmuşdur. Xüsusilə son 5 ildə rayonda Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, 9 məktəb binası və uşaq bağçaları tikilmiş, rayon Mədəniyyət sarayı və 3 məktəb binası əsaslı təmir edilmiş, şəhər stadionu yenidən qurulmuş və bir sıra sosial obyektlər tikilib istifadəyə verilmişdir. Tikilən və əsaslı təmir olan 6976 yerlik məktəblərdə 5812 nəfər şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır.
2016-2017-ci dərs ilində rayon Təhsil Şöbəsinin tabeliyində 45 tam orta, 1 lisey, 6 ümumi orta, 2 ibtidai məktəb, 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Təhsil müəssisələrində 12745 şagird və 1838 nəfər müəllim heyəti vardır. Şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili üçün məktəbdənkənar müəssisələrə 575 nəfər şagird cəlb edilmişdir.
Keçən dərs ilində icbari ümumi orta təhsilin həyata keçirilməsi Təhsil Şöbəsinin diqqətində olan ən vacib məsələlərdən olmuşdur. Rayonda icbari ümumi orta təhsilin həyata keçirilməsinin təmin edilməsi, bu məsələlərin respublika qanunvericiliyinin tələblərinə uyğun təşkil edilməsi üçün tədbirlər planı hazırlanmışdır.
Tədbirlər planına uyğun olaraq rayonun hər bir ərazi nümayəndəliyi üzrə məktəbyaşlı uşaqların siyahıları dəqiqləşdirilmiş, bütün məktəbyaşlı uşaqların təhsilə cəlbi istiqamətində real iş aparılmışdır. Keçən dərs ilində 1527 nəfər 6 yaşlı uşaq I siniflərə qəbul edilmişdir. Dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqların vaxtından əvvəl məktəbə qəbulu üzrə qaydalara əsasən 93 nəfər uşaq vaxtından əvvəl I sinfə qəbul olunmuşdur.
İcbari ümumi təhsilin həyata keçirilməsi daim nəzarətdə saxlanıldığına görə rayonun əksər məktəblərində xeyli irəliləyişə nail olunmuş, şagirdlərin dərs məşğələlərinə davamiyyəti yaxşılaşmışdır. Ötən dərs ilinin əvvəlində 12745 şagird təhsilə cəlb edilmişdir. Dərs ilinin sonunda isə şagirdlərin sayı 12694 nəfər olmuşdur. İl ərzində respublikanın digər bölgələrindəki məktəblərə gedən şagirdlərin sayı 164, bölgələrdən isə rayonun ümumtəhsil məktəblərinə gələn şagirdlərin sayı 138 nəfər olmuşdur. Respublikanın digər bölgələrinə gedən şagirdlərin təhsilə cəlbi diqqətdə saxlanılmışdır. Şagirdlərin dərs məşğələlərinə davamiyyəti il boyu diqqətdə saxlanılan məsələrərdən biri olmuşdur. Mütəmadi olaraq ayrı-ayrı məktəblərdə monitorinqlər aparılmış və nəticələr təhlil edilmişdir. Məktəblər üzrə buraxılış siniflərində kontingentin sabit saxlanılmasında keçən dərs ili ilə müqayisədə irəliləyiş olmuşdur. Dərs ilinin əvvəli ilə sonunun müqayisəsində cəmi IX sinifdən 7, XI sinifdən isə 5 nəfər şagird azalmışdır.
Təlim-tərbiyə işinin yaxşılaşdırılması və bu əsasda yaranmış problemlərin aradan qaldırılması Təhsil Şöbəsi və Təhsil Şurasının işinin düzgün qurulmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu məqsədlə 2016-2017-ci dərs ili ərzində Təhsil Şurasının 10 iclası keçirilmiş, 24 məsələ müzakirə edilmişdir. Müzakirələrdə şagirdlərin dərs məşğələlərinə davamiyyəti, fənlərin tədrisi səviyyəsi, idarəetmənin təşkili, məktəb sənədlərinin işlənilmə səviyyəsi, sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili, hərbi-vətənpərvərlik işinin təşkili, təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsinə əsas diqqət yetirilmişdir. Məlum olmuşdur ki, təhsil müəssisələrində təlim-tərbiyə işinin yaxşılaşdırılması sahəsində bir sıra problem və çatışmazlıq hələ də qalmaqdadır.
Təhsil Şöbəsinin əməkdaşları vaxtaşırı təhsil müəssisələrində olaraq tədrisin keyfiyyətini öyrənir, apardıqları monitorinqlərin nəticələrinə uyğun tədbirlər müəyyənləşdirib mövcud problemlərin həlli istiqamətində iş aparırlar. Monitorinq nəticəsində məktəblərdə bir sıra çatışmazlıqlar aşkar edilmiş və yol verilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülmüşdür
Aparılan hər bir monitorinqin nəticələri təhsilyanı şurada müzakirə edilmişdir. Həyata keçirilən fəaliyyət planına müvafiq olaraq rayonun ümumtəhsil məktəblərində şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyət baxımından faktik vəziyyətini, habelə müəllimlərin elmi-nəzəri və peşəkarlıq səviyyəsinin, fəaliyyətlərinin müasir tələblər əsasında qurub-qurmadıqlarını aşkara çıxarmaq məqsədilə Dünyamalılar kənd 2 nömrəli və Əmirzeyidli kənd tam orta məktəblərində Azərbaycan dili, Xalac, Günəşli və Gödəklər kənd tam orta məktəblərində riyaziyyat, Bünyadlı və Qarallar kənd tam orta məktəblərində coğrafiya, Kəbirli 2 nömrəli və Milabad kənd tam orta məktəblərində informatika fənlərinin tədrisi vəziyyəti, eyni zamanda Kəbirli 1 nömrəli və İmamverdilər kənd tam orta məktəblərinin I siniflərində savad təliminin səviyyəsi, Kəbirli 2 nömrəli və Mayak kənd tam orta məktəblərinin IV siniflərində təlim nəticələri öyrənilmiş, aşkar olunmuş nöqsanlara müvafiq olaraq məktəb rəhbərləri barəsində inzibati tənbeh tədbirləri görülmüş və tədrisin keyfiyyətinin yüksəldilməsi yolları müəyyənləşdirilmişdir. Rayon üzrə məktəblərdəki əlaçı şagirdlərin sayı ibtidai təhsil səviyyəsində 1566 nəfər--28%, ümumi orta təhsil səviyyəsində 722 nəfər--13%, tam orta təhsil səviyyəsində isə 102 nəfər--7% təşkil etmişdir. Qarallar və Qaradağlı kənd tam orta məktəblərində ümumi və tam orta təhsil səviyyəsində, Əhmədli kənd ümumi orta məktəbində isə əlaçı şagird olmamışdır. Günəşli kənd tam orta məktəbində ümumi və tam orta təhsil səviyyəsində əlaçı şagirdlərin sayı ümumi kontingentin1faizinə qədərdir.
Ötən dərs ilində IX sinif siniflərin buraxılış imtahanlarının yeni modeli tətbiq edildi. Bununla əlaqədar rayonun ümumtəhsil məktəblərində ciddi hazırlıq işləri aparıldı.
2017-ci ildə rayonun təhsil müəssisələrinin IX siniflərini 1031 nəfər bitirmişdir. Ana dilindən 202 nəfər, riyaziyyatdan 328 nəfər 0-20 bal toplayıb. Ümumilikdə IX sinifər üzrə mənimsəmə 62%, əvvəlki dərs ilində bu göstərici 58% idi. 22 məktəb rayon səviyyəsindən yuxarı nəticə göstərib. Bunlardan Şəfəq, Qarallar, Kəbirli 2 nömrəli, Günəşli, Mayak, Şəhər 1 nömrəli, Yeni Tatalılar, Şəhər 4 nömrəli, I Şahsevən 1 nömrəli və Lisey ən yüksək nəticə göstərənlərdir. 30 məktəb isə rayon səviyyəsindən aşağı nəticə göstərmişdir. Rayonun Əhmədli, Gödəklər, Örənqala, Şəhər 6 nömrəli, Baharabad, Soltanbud, Şəhər 5 nömrəli, Eyvazallar, Yuxarı Çəmənli və Yeni Mil məktəblərinin göstəriciləri təəssüf ki, daha aşağıdır.
Rayonun Şəhər 1, 2, 3, 4 nömrəli, Araz, Dünyamalıar 1 nömrəli, I Aşıqlı, Bünyadlı, Xalac, Çəmənli, Mayak və Haramı məktəblərindən – 14 nəfəri ümumi orta təhsil haqqında fərqlənmə attestatı almışdır.
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 474 nəfər müsbət, 325 nəfər isə “2” qiymət almışdır. Ana dilindən 170, riyaziyyatdan 172, xarici dildən 203 nəfər “2” qiymət, ana dilindən 258, riyaziyyatdan 263, xarici dildən 288 nəfər “3” qiymət almışdır. 22 məktəb rayon səviyyəsindən yuxarı nəticə göstərmişdir. Bunlardan Bahar, I Şahsevən 1 nömrəli, Şəhər 3 nömrəli, Lisey, Şəfəq, Şəhər 1 nömrəli, Yuxarı Aran, Mayak, Gödəklər, Şəhər 4 nömrəli tam orta məktəblərinin nəticələri daha yüksək olmuşdur. 24 məktəbin isə göstəriciləri rayon səviyyəsindən aşağıdır; Baharabad, Qaradağlı, Tatalılar, Örənqala, Dünyamalılar 2 nömrəli, I Şahsevən 2 nömrəli, II Şahsevən, Yuxarı Kəbirli, Kəbirli 1 nömrəli və Türklər kənd tam orta məktəblərinin göstəriciləri daha zəif olmuşdur.
XI siniflər üzrə 804 nəfər attestat almışdır. Məzunlardan 1 nəfər-- Şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Balakişiyeva İlahə qızıl medalla, eyni zamanda Qəhrəmanlı, II Şahsevən, I Aşıqlı, Bünyadlı və Əmirzeyidli məktəblərindən 7 nəfəri isə tam orta təhsil haqqında fərqlənmə attestatı ilə təhsilini başa vurmuşdur. Yekun olaraq qeyd edilməlidir ki, rayon üzrə mənimsəmə 59 %, əvvəlki ildə isə bu rəqəm 52 % olmuşdur.
Buraxılış imtahanlarının nəticələri təhlil olunmuş, buraxılış sinifləri ayrılıqda olmaqla şagirdlərin ümumi sayından tədris dili, riyaziyyat, xarici dil imtahanlarında faizi göstərilməklə aşağı bal toplayan, “2”, “3” qiymət alanların sayı müəyyənləşdirilmişdir. Şagirdləri buraxılış imtahanlarında davamlı şəkildə uğursuzluğa uğrayan Soltanbud, Yuxarı Kəbirli, Əmirzeyidli, Qaradağlı kənd tam orta məktəblərinin fənn müəllimləri və məktəb rəhbərlərinin qeyri-qənaətbəxş fəaliyyətləri onların nəzərinə çatdırılmış, gələcəkdə həmin müəllim, eyni zamanda məktəb rəhbərlərinin xüsusi təlim--treninqlərə cəlb edilməsi, metodiki xidmət və innovativ yeniliklərdən səmərəli istifadə etmələri tövsiyə olunmuşdur.
Nəticə etibarı ilə demək lazımdır ki, ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələri Təhsilyanı Şurada geniş müzakirə olunmuşdur. İmtahan fənləri üzrə zəif göstəriciləri olan məktəblərin rəhbərləri haqqında ciddi tədbirlər görülməklə, geriliyin səbəbi--istifadə edilən təlim üsulu, müəllim hazırlığı, idarəetmədə olan boşluq, valideynlə əməkdaşlığın vəziyyəti, şagirdlərin fərdi xüsusiyyətləri, resursların çatışmazlığı və s. müəyyənləşdirilmişdir.
Əvvəlki dərs ilində ali məktəblərə 221 nəfər məzunumuz qəbul olunmuşdur. Məzunların ali məktəblərə qəbulunda hər il artım hiss olunur. O cümlədən 500 və 600-dən çox bal toplayıb ali təhsil müəssisələrinə qəbul olanların sayında da irəliləyiş olub. Nəticələrə əsasən 241 nəfər ali məktəblərə qəbul olunmuşdur. Bu il ən çox qəbul olan məzunlar rayonun Şəhər 1, 3, 4 nömrəli, Yuxarı Aran, Kəbirli 1 nömrəli, Şəfəq, I Şahsevən 1 nömrəli, Lisey və I Aşıqlı tam orta məktəblərinin yetirmələridir. Bünyadlı kənd tam orta məktəbin məzunu Abbaszadə Ramil 690 bal toplayaraq rayon üzrə ən yüksək nəticəni göstərmişdir. Bu məzunlar ölkənin ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur.
Məlum olduğu kimi, 2017-ci ildə ölkənin 26 şəhər və rayonun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmişdir. Rayon üzrə diaqnostik qiymətləndirmədə bazaya daxil edilmiş 1595 nəfər müəllimin 1451 nəfəri imtahanda iştirak etmişdir. İmtahanda iştirak edən 103 nəfər 51-60, 299 nəfər 41-50, 389 nəfər 31-40, 417 nəfər 21-30, 221 nəfər 11-20, 22 nəfər isə 6-10 bal toplamışdır. Ümumilikdə 791 nəfər 50%-dən artıq, 660 nəfər isə 50%-dən aşağı bal toplaya bilmişdir. Rayon üzrə müəllimlərin orta bal göstəricisi 33 olmuşdur. Diaqnostik qiymətləndirmədə müsbət nəticəni Araz, Şəfəq, Tatallar, Lisey, Mayak, Dünyamalılar 2 nömrəli, Yuxarı Kəbirli, Yuxarı Çəmənli, I Şahsevən 1 və Dünyamalılar 1 nömrəli məktəblərinin müəllimləri göstərmişlər. Bununla belə qeyd edilməlidir ki, Əhmədli, Bünyadlı, Kəbirli 1 nömrəli, Bolsulu, Eyvazallar, Baharabad, Şəhər 5 nömrəli, Şərq, Qarallar və Günəşli məktəblərinin müəllimləri diaqnostik qiymətləndirmədə qeyri-qənaətbəxş nəticə göstərmişlər.
Rayonun ümumtəhsil məktəbləri üzrə diaqnostik qiymətləndirmədə ixtisas müəllimləri arasında ən yüksək nəticə göstərənlər olmuşdur. Məhbubə Cəfərova – tarix, I Şahsevən 1 nömrəli, Nargilə Mansurova – ingilis dili, Bünyadlı, Elvin Quliyev – riyaziyyat, Dünyamalılar 1 nömrəli, Mehman Kərimov – riyaziyyat, I Aşıqlı, Şəkər Talıbova – kimya, Tatallar, Gülarə Məmmədova – fizika, Şəfəq, Qırçın Mehdiyeva – alman dili, Dünyamalılar 1 nömrəli, Səyyarə Quliyeva – Azərbaycan dili və ədəbiyyat, Şəhər 4 nömrəli, Azad Əliyev – alman dili, Gödəklər, Gülnarə Məmmədova – biologiya, Yeni Mil, Natiq Əliyev – coğrafiya, Şəhər 2 nömrəli, Sveta Ağayeva – rus dili, Şəhər 4 nömrəli, Fizzə Bayramova – texnologiya, Şəhər 1 nömrəli, Sona Əliyeva – ibtidai sinif, Lisey, Rəfiqə Məmmədova – fransız dili, Şəhər 5 nömrəli, Cahid Kərimov – çağırışaqədərki hazırlıq, I Aşıqlı, Kamil Əliyev – fiziki tərbiyə, Təzəkənd məktəbinin müəllimləri qeyd olunan ən qüksək nəticə göstərənlərdir. Diaqnostik qiymətləndirmənin nəticələrinə görə rayonun 16 məktəbindən 22 nəfər müəllim keçid balını toplaya bilməmişdir.
“Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının məqsəd və mahiyyəti rayonun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərində, valideynlər arasında izahı və təbliği ilə əlaqədar zəruri tədbirlər həyata keçirilmişdir. 2016-2017-ci dərs ilində məktəbəhazırlıq təhsilinə cəlb olunmuş 5 yaşlı uşaqların sayı dəqiqləşdirilmiş, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblər və müəllimlər müəyyən edilmişdir. Məktəbəhazırlıq qrupları yaradılmış məktəblərdə lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər həyata keçirilmişdir. 30 məktəbdə 715 nəfər 5 yaşlı uşaq 38 qrupda təhsil almışdır. Yeni dərs ilində 32 mətəbdə 745 nəfər 5 yaşlı uşağın 41 qrupda təhsil alması gözlənilir. Bu qruplarda dərs aparacaq müəllimlər artıq xüsusi təlim kurslarına cəlb olunmuşlar.
Keçən dərs ilindən Təhsil Nazirliyinin müvafiq əmri ilə rayonun Şəhər 1 nömrəli tam orta məktəbində pilot layihə çərçivəsində texniki təmayüllü sinif təşkil olunmuşdur.
Rayonun 7 təhsil müəssisəsində 8 təmayül siniflərinin açılması nəzərdə tutulmuşdur. Təbiət və humanitar fənlər təmayüllü liseydə təbiət, Şəhər 1 nömrəli tam orta məktəbdə texniki və kombinə olunmuş riyaziyyat-iqtisadiyyat-humanitar, Şəhər 2, 3, 4 nömrəli, Dünyamalılar kənd, Kəbirli kənd 1 nömrəli tam orta məktəblərində kombinə olunmuş riyaziyyat-iqtisadiyyat-humanitar təmayüllü sinifləri fəaliyyət göstərəcəkdir. Rayonun ümumi təhsil müəssisələrinin IX siniflərini bitirən 1031 şagirdin 141 nəfəri təhsilini davam etdirmək istəmir, 43 peşə, 54 nəfər orta ixtisas təhsili almaq istəyir. Tam orta təhsilini davam etdirmək istəyən 793 nəfərin 628 nəfəri adi sinifdə, 20 nəfəri təbiət, 21 nəfəri texniki, 126 nəfəri isə kombinə olunmuş təmayüllü siniflədə təhsil almaq istəyir. Təmayüllər üzrə cəmi 167 şagirdin təhsil alması nəzərdə tutulur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94--cü ildönümü münasibətilə müvafiq plana uyğun olaraq silsilə tədbirlər həyata keçirilmişdir. VIII-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində qalib olan şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Respublika mərhələsində də rayonu uğurla təmsil edərək III dərəcəli diploma və xüsusi mükafata sahib olmuşdur.
Məktəblilərin fənn olimpidalarının yeni “Qaydalar“ əsasında aparılan rayon turunda iştirak edən 226 nəfər şagirddən Şirvan şəhərində keçirilən yarımfinal mərhələdə 40 nəfər iştirak etmişdir.
“Ədəbiyyat biliciləri” müsabiqəsində 1 nəfər qalib şagirdimiz Əliyeva İnci (şəhər 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi) Respublika mərhələsində iştirak etmiş və III yer tutmuşdur.
VI-VII siniflərdə təhsil alan istedadlı şagirdlər arasında Beynəlxalq Olimpiadalara hazırlıq çərçivəsində 126 nəfər şagirdin iştirakı ilə fənn müsabiqəsi keçirilmişdir. Həmin şagirdlərdən 5 fənn üzrə 20 nəfəri respublika mərhələsində iştirak hüququ qazanmışdır. Onlardan 2 nəfər şagird – Yuxarı Aran kənd tam orta məktəbinin VII sinif şagirdi Aygün Məhərrəmova fizika fənni üzrə II yer, Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Flora Məmmədli biologiya fənni üzrə III yer tutmuşdur.
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində əlaçı və az təminatlı ailələrin uşaqlarından ibarət 40 nəfər məktəbli mart ayında Qəbələ, Zaqatala və Şəki şəhərlərində olmuşdur.
Tərbiyə işinin səmərəliliyinin artırılması diqqət mərkəzində saxlanılmış, müxtəlif məzmunlu tədbirlər həyata keçirilmiş, o cümlədən ”20 yanvar”, “Xocalı faciəsi” və “31 Mart Azərbaycanlıların soyqırımi” hadisələri bütün təhsil müəssisələrində geniş tədbirlərlə qeyd edilmişdir.
Keçən dərs ilinin fevral ayında Şirvan şəhərində təşkil olunan “Əlaçı televiziya layihəsi”nin zona mərhələsində intellektual biliyi ilə fərqlənən 30 nəfər şagird iştirak etmişdir.
Rayonun ümumtəhsil məktəbləri üzrə ibtidai sinif (II-IVsinif) şagirdləri arasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Vətən” kuboku intellektual yarış keçirilmiş, Şəhər 2 nömrəli tam orta məktəb I, Şəhər 1 nömrəli tam orta məktəb II, I Aşıqlı kənd tam orta məktəb isə III yeri tutmuşdur.
Təhsil Nazirliyi ilə Rusiya səfirliyinin birgə razılığı ilə Zərdab şəhərində təşkil olunan VII-VIII sinif şagirdlərinin rus dili olimpiadasında rayonu 18 nəfər təmsil etmiş və onlardan 10 nəfəri “əla” qiymətə layiq sertifikat alaraq növbəti mərhələdə iştirak şansı qazanmışdır. Bir nəfər– Şəhər 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Elvira Abbasova respublika mərhələsində Rusiya səfirliyinin diplomu və hədiyyəsi ilə mükafatlandırılmışdır.
Beyləqanın müxtəlif təhsil müəssisələrini təmsil edən gənc müəllimlər və məzun olan şagirdlərdən ibarət “Xəmsə” komandası Balakən şəhərində keçirilən Azərbaycan çempionatında 25 regionu təmsil edən 32 komanda arasında IV yeri tutmuşdur.
Fevral ayında Ictimai televiziyadayayımlanan “Xəmsə” intellektual verilişində rayon məktəblilərini VII sinif şagirdlərindən ibarət bir, XI sinif şagirdlərindən ibarət bir komanda iştirak edib. VII sinif şagirdlərinin komandası 31 komanda arasında IV yeri qazana biliblər.
“Şahin” hərbi idman oyunlarının mart ayında rayon mərhələsi yekunlaşıb, qalib II Aşıqlı kənd tam orta məktəbin komandasının
Sabirabad şəhərində keçirilən zona mərhələsində iştirakı təmin olunmuşdur.
“Sərhəd” hərbi idman oyununun rayon mərhələsi aprel ayında başa çatmış, rayon üzrə qalib Araz kənd tam orta məktəbinin komandası Respublika mərhələsində III yerə sahib olmuşdur.
Respublika Təhsil Nazirliyinin 16.03.2017-ci il tarixli, 154 nömrəli əmri ilə “IV İslam Həmrəyliyi oyunlarının Proqramı”na daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilmişdir. Bu oyunlarda rayonun atletika komandası Şirvan şəhərində keçirilən yarışda I yer, bosketbol komandası IV yer, karate komandası (Xocavənddə) II yer, taekvando komandası IV yer, fərdi yarışda isə 2 qızıl, 2 bürünc medal qazanıblar. Yunan – Roma güləşi üzrə I yer, sərbəst güləş üzrə komanda IV yer, fərdi isə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanılmışdır. Stolüstü tennis yarışının zona mərhələsində də şagird komandası təmsil olunmuşdur.
IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində şagirdlər arasında təşkil edilən təsviri--incəsənət müsabiqəsinin Şirvanda olan zona mərhələsində şagirdlərimiz iştirak edib və qalib olan II Aşıqlı kənd tam orta məktəbinin IX sinif şagirdi Elvin Əhmədov Respublika mərhələsinin III dərəcəli diplomuna layiq görülüb.
FHN- nin keçirdiyi “Gənc xilasedici və yanğınsöndürən” yarışının rayon mərhələsinin qalibi Şəhər 5 nömrəli tam orta məktəbinin komandası Quzanlı şəhərində keçirilən zona mərhələsində 8 komanda arasında IV yeri qazanmışdır.
“Vergi uşaqların gözü ilə” inşa və rəsm müsabiqəsində şagirdlərimiz fəallıq göstərmiş, 3 qalib iş Respublika mərhələsinə təqdim edilmiş və onlardan bir nəfəri rəsm nomiinasiyası üzrə II yer tutmuşdur.
2016-2017-ci dərs ilinin mart-aprel aylarında yeni bir layihə rayonda icra edilmişdir. Ümumtəhsil məktəblərində çalışan bütün Azərbaycan dili-ədəbiyyat və riyaziyyat müəllimlərinin “Özünü qiymətləndirmə vərəqi”, bundan sonra isə “Məktəb rəhbərinin müəllimi qiymətləndirmə vərəqi” elektron qaydada doldurulmuşdur. Bu prosesdə rayonun 203 nəfər Azərbaycan dili-ədəbiyyat, 191 nəfər riyaziyyat müəllimi iştirak etmişdir.
Məktəb kitabxanaçıları və Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə yanvar ayında “Şagirdlərdə mütaliə qabiliyyətinin inkişafı istiqamətində görülən işlərin səmərəlilik səviyyəsinin yüksəldilməsi yolları” və sair mövzuda seminar yığıncaqlar təşkil edilmişdir. Hazırda fəaliyyət göstərən 36 nəfər məktəb praktik-psixoloqunun iştirakı ilə üç dəfə tədbir keçirilib. Müxtəlif aktual mövzularda ayrı-ayrı fənn müəllimləri və metodbirləşmə rəhbərləri ilə də vaxtaşırı seminar-- yığıncaqlar təşkil olunmuşdur.
Azərbaycan Respublikasının təhsil naziri 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmrilə ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədilə 2017-2018-ci dərs ilini “Ümumi təhsildə keyfiyyət ili” elan etmişdir. Təhsil Şöbəsi “İl“ çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət planını elan etmiş və yeni dərs ilindən planın icrasına başlanılacaqdır.
Yeni dərs ilinə hazırlıq dövründə Azərbaycan və rus bölməsi üzrə 92 adda 37.268 nüsxə dərslik və 64 adda 334 nüsxə müəllim üçün metodik vəsait alınaraq təhsil müəssisələrinə paylanılmışdır. Təhsil Nazirliyinin vəsaiti hesabına tədris avadanlıqları alınıb rayonun təhsil müəssisələrinə çatdırılmışdır.
Təhsil Şöbəsi yerlərdə, xüsusi ilə ucqar kənd məktəblərində mövcud olan problemlərin həlli istiqamətini həmişə diqqət mərkəzində saxlayır. Təhsil müəssisələrinin kadr təminatı üzrə İnkişaf Proqramına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən 37 nəfər gənc mütəxəssis rayonun müəllim ehtiyacı olan kənd məktəblərinə təyinatla göndərilmişdir. Onlara Dövlət Proqramı əsasında güzəştli əmək haqqı, həmçinin kommunal xərclər ödənilir. Lakin bununla belə kimya, coğrafiya və informatika müəllimlərinə hələ də ehtiyac vardır.
Rayon Təhsil Şöbəsi Təhsil Nazirliyinin əmr və sərəncamlarının, təlimati məktublarının icrası istiqamətində yuxarıda qeyd olunanlarla bərabər, “Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsiinin keçirilməsi Qaydaları”, “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”,“Dövlət ümumtıhsil məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu, yerdəyişməsi və qrupların komplektləşdirilməsi Qaydası”, “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası” və digər yubileylər, əlamətdar günlər, xalqın qan yaddaşına həkk olunmuş tarixlərlə bağlı geniş tədbirlər həyata keçirilmişdir..
Rayon Təhsil Şöbəsi və təlim-tərbiyə müəssisələrinin pedaqoji kollektivləri rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində gələcəkdə də ardıcıl və məqsədyönlü iş aparacaqdır.