Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli, 194 saylı fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik qurulduqdan sonra Azərbaycanın bütün rayon və şəhərlərində regional idarələrin yaradılmasına başlanmış, elə həmin ildə də Gənclər və İdman Nazirliyinin yerli idarələrinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 1994-cü il tarixli 109 saylı fərmanına əsasən Beyləqan rayon Gənclər və İdman idarəsi yaradılmışdır. İdarə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yerli idarəsi kimi Beyləqan rayonunda gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirir. Beyləqan rayon Gənclər və İdman idarəsi H.Əliyev küçəsi-25 ünvanında yerləşir.Tel: (0152) 5-26-02

Gənclər və İdman İdarəsi rayonda dövlətin gənclər və idman siyasətini həyata keçirən orqan olaraq, rayonda fəaliyyət göstərən bir sıra bədən tərbiyəsi və idman kollektivlərinin və gənclər təşkilatlarının işini koordinasiya edir, “Dövlət Gənclər siyasətinin” əsas istiqamətləri üzrə gənclərin fəaliyyətini stimullaşdırır:

- Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
- İstedadlı gənclərə dövlət qayğısı;
- Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;
- Gənclərin məşğulluğunun təmin edilməsi;
- Gənc ailələrə dövlət yardımı;
- Gənclər təşkilatlarına dövlət yardımı

İdarə bu istiqamətdə Azərbaycan Respublikasının qanunvericiliyini, eyni zamanda “Dövlət gənclər siyasəti” üzrə qəbul edilən dövlət proqramları və tədbirlər planını rəhbər tutaraq müəyyən tədbirlər həyata keçirir. Bu zaman öz fəaliyyətində müxtəlif dövlət müəssisələri, təşkilatları, idman cəmiyyətləri və gənclər təşkilatları ilə əməkdaşlıq edir və eyni zamanda onların qarşılıqlı fəaliyyətini koordinasiya edir.

Möhtərəm prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı üçün münbit şərait yaranmışdır. “Azərbaycan Respublikasında futbolun inkişafına dair (2005-2015-ci illər ərzində) Dövlət Proqramı”nın, “Bədən tərbiyəsi və idman haqqında” Qanununun və “Azərbaycan Respublikasında 2009-2014-cü illər ərzində şahmatın inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi idmana dövlət qayğısının bariz nümunəsidir. Rayon ərazisində 67 idman qurğusu: 1 stadion, 28 kompleks idman qurğusu, 17 idman zalı, 17 sadə idman qurğusu, 1 Şahmat məktəbi, 2 atıcılıq tiri, 1 trenajor zalı gənclərin və idmançıların ixtiyarındadır. Rayon idmançılarının təlim-məşqi ilə 181 nəfər məşqçi-müəllim məşğul olur. Bu məşqçi-müəllimlərdən 74 nəfəri ali, 107 nəfəri orta ixtisas təhsillidir və onlardan 2 nəfəri əməkdar məşqçidir.

Rayon Gənclər və İdman idarəsi bədən tərbiyəsi və idmanın inkişafı üçün xüsusi tədbirlər planı işləyib hazırlamış, gənclərin fiziki və mənəvi cəhətdən tərbiyəsi üçün müəyyən işlər görmüşdür. Yeniyetmələrin vətənpərvərlik ruhunun yüksəldilməsində, hərbin sirlərinə yiyələnməsində və çağırışaqədərki gənclərin hərbi xidmətə hazırlanmasında xüsusi əhəmiyyət kəsb edən “Şahin”, “Cəsurlar” və “Sərhəd” hərbi-idman oyunlarının rayonda hər il əsasnaməyə uyğun olaraq idarəmizin təşkilatçılığı və rəhbərliyi ilə yüksək səviyyədə keçirilməsi və qalib komandaların zona və respublika birinciliklərində iştirakı təmin olunur.

Görülmüş işlərin nəticəsi olaraq Rayon Gənclər və İdman İdarəsinin bir sıra yüksək nəticələri olmuşdur. Belə ki, Həsənov Bakir Hüseynqulu oğlu, Xudaverdiyev Misir İsmayıl oğlu və Əliyev Ramiz Aslan oğlu “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, Xudaverdiyev Misir İsmayıl oğlu, Sarıyev Əli Zöhrab oğlu və Fərzəliyev Kamil Yunis oğlu “Əməkdar məşqçi” adlarına layiq görülmüşlər.

Beyləqan rayon Uşaq-Gənclər İdman Məktəbi rayon Təhsil şöbəsinin nəzdində 1982-ci ildə yaradılmışdır. Məktəbdə 3 bölmə (yunan–roma güləşi, stolüstü tennis, futbol) fəaliyyət göstərir. UGİM-də yeniyetmə və gənclərin təlim-tərbiyəsi ilə 36 nəfər məşqçi-müəllim məşğul olur. Onlardan 19 nəfəri ali, 17 nəfəri isə orta ixtisas təhsillidir. Məşqçi-müəllimlərdən 4 nəfəri idman ustasıdır.

Məktəbin yetirmələri respublika və beynəlxalq miqyaslı yarışlarda rayonumuzu ləyaqətlə təmsil edərək yüksək nəticələr göstərmişlər. Onlardan yunan-roma güləşi üzrə - Eldəniz Əzizli (yeniyetmələr arasında üçqat Avropa çempionu, gənclər arasında Avropa və Dünya çempionu), Maarif Quliyev (beynəlxalq turnirin ikincisi), Toğrul Yunisli (avropa birinciliyinin dördüncüsü) yüksək nəticələr əldə etmiş və rayonumuzun şərəfini yüksəltmişlər.

Beyləqan rayon Uşaq-Gənclər Şahmat məktəbi 1984-cü ildən fəaliyyətə başlamışdır. Rayonumuzun kənd və qəsəbələrində yerləşən 66 qrupda yeniyetmə və gənclərimiz şahmatın sirlərini öyrənirlər. Hal–hazırda məktəbdə 39 məşqçi-müəllim şagirdlərə şahmatın sirlərini öyrədir. Onlardan 30 nəfəri ali təhsilli, 9 nəfəri orta ixtisas təhsillidir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Şahmatın inkişafına dair 5 may 2009-cu il tarixli sərəncamına uyğun olaraq qəbul edilmiş “ 2009-2014-cü illərdə Şahmatın inkişafına dair Dövlət Proqramı” çərçivəsində şahmatın kütləviliyinə nail olmaq üçün yeniyetmələr və gənclər arasında tez-tez şahmat turnirləri keçirilir. Respublika Təhsil Nazirliyinin təsdiq etdiyi təqvim planına əsasən məktəbin komandası Respublika və Beynəlxalq miqyaslı turnirlərdə iştirak edir. Məktəbin tanınmış yetirmələri:

- Quliyev Namiq - Beynəlxalq Qrosmeystr;
- Süleymanov Səxavət - Respublika birinciliyinin qalibi;
- Firudunlu Lalə - Respublika birinciliyinin üçüncüsü, Avropa çempionatının iştirakçısı;
- Talışzadə Orxan - “Aeroport-open 2006” Beynəlxalq yarışın üçüncüsü;
- Əhmədzadə Fuad - Dünya birinciliyinin iştirakçısı.

Taekvondo klubu 2007-ci ildən fəaliyyət göstərir. Məşqçi-müəllim Sahib Nəsibov (karate üzrə birinci dan qara kəmər) yeniyetmə və gənclərə bu idman sahəsi üzrə məşq keçərək onların fiziki və mənəvi inkişafına yardım edir. Klubun yetirmələrindən Səmədli Aytən - 2 qat Respublika çempionu, 2011-ci ildə Beynəlxalq turnirin üçüncüsü və Mahmudlu Könül isə 2011-ci ildə Respublika çempionatının ikincisi olmuşlar.

Cüdo klubu 2010-cu ildə yaranmışdır. Cüdoçuların təlim-məşqi ilə məşqçi-müəllim İlham Quliyev məşğul olur. Rayonumuzun cüdoçuları respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak etmiş və uğurlar qazanmışlar. Onlardan İlqar Məmmədzadə, Nicat Məmmədzadə, Elnur Məmmədov, Ələkbərli Zahir, Tursunov Məhəmməd, Şükürov Ülvü, Qənizadə Bəhlul bu idman növü üzrə yarışlarda rayonumuzu ləyaqətlə təmsil etmişlər.

Qoçyu-Ryu Okinava karate–do bölməsi 1996-cı ilin noyabr ayının 15-dən fəaliyyət göstərir. İdmançıların təlim-məşqi ilə məşqçi-müəllim Quliyev İlham məşğul olur. Bölmə üzrə idmançılardan aşağıda adları qeyd olunanlar dəfələrlə respublika və beynəlxalq miqyaslı yarışların qalibləri olmuşlar:

- Aslanov Fərhad 1999-cu il İran İslam Respublikasında keçirilən yarışlarda “Asiya çempionu” adına layiq görülüb.
- Həşimov Natiq 10 qat Respublika çempionu, Beynəlxalq turnirin qalibi olmuşdur.
- Məmmədov Azər 8 qat Respublika çempionu Beynəlxalq turnirin qalibi olmuşdur.
- Firudinzadə Xəqani 6 qat Respublika çempionu, 2010-cu ildə Rumıniyada keçirilən Dünya çempionatının üçüncüsü, Beynəlxalq turnirin qalibi olmuşdur.
- Həşimov Rahil 9 qat Respublika çempionu, Beynəlxalq turnirin qalibi olmuşdur.
- İbrahimov Nəsimi 6 qat Respublika çempionu, Beynəlxalq turnirin qalibi olmuşdur.
- Ədilzadə Cavidan 7 qat Respublika çempionu, Beynəlxalq turnirin qalibi olmuşdur.
- Hüseynov Rahil 6 qat Respublika, 2010- 2011-ci illərdə dünya cempionu, 2010-cu ildə isə Beynəlxalq turnirin qalibi olmuşdur.
- Şükürova Ceyhunə 2002-ci ildə Türkiyənin Kipr şəhərində keçirilən Qızlar arasında Dünya çempionatının qalibi olmuşdur.
- İsmayıllı Məhəmmədəli 2011-ci ildə Türkiyəninn Antalya şəhərində keçirilən Dünya çempionatının qalibi olmuşdur.
- İsmayıllı Orxan 2009-cu il Rusiya Federasiyasının Volqoqrad şəhərində keçirilən Beynəlxalq turnirin qalibi, 2011-ci ildə Ukraynanın Odessa şəhərində keçirilən Dünya kubokunun ikincisi olmuşdur.
- Quliyev İlham 2005-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilən Beynəlxalq turnirin birincisi, 2011-ci ildə isə Ukraynanın Odessa şəhərində keçirilən Dünya kubokunun birincisi olmuşdur.

Rayonun gənclərdən ibarət “Mil” futbol komandası 2006-cı ildən Həvəskarlar liqasının Respublika çempionatında iştirak edir. Komanda 2006-2007-ci illərdə Həvəskarlar liqasının Respublika çempionatında çempion olmuş, 2009-2010-cu illərdə Respublika Çempionatında III yer, 2010-2011-ci illərdə isə VI yeri tutmuşdur. Komandanın məşqçisi 2011-ci ildə Azərbaycan Respublikasının “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adını almış Ramiz Aslan oğlu Əliyevdir.

“Məhsul” KKİC-nin Respublika Şurası 1951-ci ildə kənd əhalisinin geniş kütlələrini müntəzəm bədən tərbiyəsi və idman məşğələlərinə cəlb olunması, kənd idmançılarının idman ustalığının səviyyəsinin yüksəldilməsi, müstəqil Azərbaycan dövlətinin fiziki cəhətdən sağlam qurucularını hazırlamaq, kənd əhalisinin cansağlığını möhkəmlətmək, adamların əmək qabiliyyətini artırmaq, əməkçilərin fəal istirahətini təşkil etmək, istehsalat və ictimai tapşırıqların yerinə yetirilməsində onların fəaliyyətini daha da gücləndirmək məqsədilə yaradılmışdır. Rayonumuzda “Məhsul” KKİC-nin fəaliyyəti dövründə kənd və qəsəbə bələdiyyə komandaları arasında müntəzəm olaraq voleybol, futbol və milli oyunlar (nərd, dirədöymə, milli güləş, gücsınama, daşqaldırma, çalağançardağı) üzrə yarışlar keçirilir.

“Məhsul” KKİC-nin rayon Şurasının fəaliyyəti dövründə Respublika üzrə yarışlarda yüksək nəticələr əldə edilmişdir. Belə ki, daşqaldırma üzrə Əhmədov Sevindik 2 qat Respublika çempionu olmuş, gücsınama üzrə Bayramov Vaqif və Mahmudlu Aysel, nərd üzrə isə Kərəmov Abbas birinci yerləri, dirədöymə üzrə rayon komandası üçüncü yeri tutmuşdur. Sərbəst güləş üzrə İsrafilli Bəxtiyar beynəlxalq turnirin qalibi olaraq yüksək nəticə əldə etmiş və rayonumuzun şərəfini yüksəltmişdir. 

Keçidlər