Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunun Kəbirli kənd şəhidi Yusifli Böyükağa Elburus oğlunun xatirəsinə inşa olunmuş xatirə-bulaq kompleksinin açılışı olmuşdur.

05 aprel 2022 | 16:00

        Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən mübarizə zamanı Beyləqan rayonunun Kəbirli kəndindən olan qəhrəmanlar da iştirak edərək şəhidlik zirvəsinə yüksəliblər. Həmin qəhrəmanlardan biri də Yusifli Böyükağa Elburus oğludur. Ötən günlərdə qəhrəman şəhidimiz Yusifli Böyükağa Elburus oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Kəbirli kəndində xatirə-bulaq kompleksi ucaldılıb. Abidə kompleksinin açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisələrin rəhbər və kollektivi, şəhid ailələri, qazi və veteranlar, ictimaiyyət  nümayəndələri iştirak etdi. Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxış edərək ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən Müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən söz açaraq şəhidlərin qanlarının yerdə qalmadığını qeyd etmiş, Qarabağı öz dogma sahibinə geri qaytaran qəhrəmanlarımızla bütün Azərbaycan xalqının qürur duyduğunu bildirmişdir. Tədbirdə digər çıxış edənlər şəhid Yusifli Böyükağa Elburus oğlunu qısa lakin şərəfli ömür yolundan danışmış, şəhidlərin əziz xatirəsinə ucaldılan belə abidələrin gənc nəslin vətənpərvər ruhda böyüməsində müstəsna rola malik olduğunu vurğulamışdır. Sonda şəhid valideynləri övladları ilə qürur duyduqlarını, şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. Mərasimdə həmçinin məktəblilərin ifasında vətənpərvərliyə, qəhrəmanlığa həsr edilən şeirlər səsləndirilib.

Keçidlər