01 sentyabr 2024-cü il tarixdə Şəhid Yusifli Böyükağa Elburus oğlunun mövlud günü qeyd olunub.
01 sentyabr 2024 | 18:49
Beyləqan rayonu Kəbirli kəndində 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Yusifli Böyükağa Elburus oğlunun doğum günü qeyd olundu.
Anım günündə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Rayon Prokuroru Ramazan Hadıyev, Rayon Məhkəməsinin hakimi Ramiz Nurullayev, RİH başçısı aparatının əməkdaşları, şəhidin ailəsi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və kənd ictimaiyyəti iştirak edib.
Şəhid Yusifli Böyükağanın və digər şəhidlərimizin məzarları üzərinə tər gül dəstələri düzülüb, ailəsinə və yaxınlarına başsağlığı verilib, əziz ruhlarına dualar oxunub.
Şəhid Böyükağa Yusibli 1 sentyabr 2000-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. 2006–2017-ci illərdə orta təhsil almışdır. O, 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli hərbi xidmət etmişdir. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Böyükağa Yusibli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tuşlayıcı-operator olaraq iştirak etmişdir.
Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Böyükağa Yusibli 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Beyləqan rayonunda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Böyükağa Yusibli ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin.