Bakı 2015 Avropa oyunlarının məşəli Beyləqanda
Bakıdakı Atəşgahda alovlandırılan məşəl Mayın 9-da Beyləqan rayonunda qarşılanıb. Rayonda bayram əhval-ruhiyyəsi hökm sürürdü. Bütün beylaqanlılar əllərində gül-çiçək və bayraqlar “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini qarşılamaq, məşəl estafetinin sevincini yaşamaq üçün qəsəbənin küçələrinə axışırdı.Alov estafetini Beyləqan rayonundan olan məşəlçi –Yunan-Roma güləşi üzrə SSRİ idman ustası, əməkdar məşqçi Əli Sarıyev qəbul etdi. Sonra 3,1 km məsafədə məşəl yürüşü başlandı. On nəfər idmançı və gənc məşəli bir-birinə ötürərək rayonun mərkəzindəki Heydər Əlyev parkına gəldi. Yol boyu düzülən beyləqanlılar məşəl estafeti iştirakçılarını hərarətlə qarşıladılar. Alov estafetinin sonuncu iştirakçısı – Sərbəst güləş üzrə əməkdar məşqçi Nofəl Hüseynov məşəli səhnəyə qaldırdı. Minlərlə beyləqanlının alqış sədaları göyə ucaldı. Səmaya sülh göyərçinləri və şarlar buraxıldı.Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.