“14 iyul 1969-cu il – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” adlı dəyirmi masa keçirilib.
14 iyul 2025 | 14:02
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “14 iyul 1969-cu il – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsini ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Beyqan rayon təşkilatının sədri, RİH başçısının müavinləri, idarə, müəssisə və təşkilat nümayəndələri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca mövzuya həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd edib ki, 14 iyul 1969-cu il—ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəldiyi gün—ölkənin taleyində dönüş nöqtəsi olmuşdur. Məhz həmin tarixdən etibarən Azərbaycanda sistemli idarəetmə, güclü milli kadr potensialının formalaşdırılması və sosial-iqtisadi inkişafın əsası qoyulmuşdur. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan nəinki iqtisadi, həm də siyasi və mədəni sahələrdə regionun lider respublikalarından birinə çevrilmişdir.
Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər tərəfindən əsası qoyulan dövlətçilik kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın əldə etdiyi bütün strateji nailiyyətlərin kökündə məhz həmin möhkəm təməl dayanır. Xüsusilə son dövrlər keçirilən zirvə görüşləri, eləcə də Prezident İlham Əliyevin beynəlxalq arenada həyata keçirdiyi fəal diplomatiya və xarici dövlət başçılarının ölkəmizə artan səfərləri Azərbaycanın regional və qlobal miqyasda möhkəmlənən mövqeyinin bariz nümunəsidir.
Konfransda çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Qaradağlı kənd tam orta məktəbin direktoru Bülbül İsgəndərova, rayon ziyalısı İfrat Məhərrəmov və digərləri Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və idarəçilik sahəsində tarixi xidmətlərini xüsusi vurğulayıb, bu gün Azərbaycanın əldə etdiyi uğurların məhz onun müəyyən etdiyi strateji inkişaf xətti üzərində qurulduğunu qeyd ediblər.
Tədbir Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun yekun nitqi ilə başa çatıb.







