Kəbirli kəndinə, Milabad və Mayak qəsəbələrində mavi yanacağın verilməsi ilə bağlı açılış mərasimi keçrilmişdir.
18 noyabr 2015-ci il tarixdə Beyləqan rayonunun Kəbirli kəndinə, Milabad və Mayak qəsəbələrinə ilk dəfə olaraq təbii qaz verilib.Yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibəti ilə keçirilən mərasimlərdə rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri və içtimaiyyət nümayəndələri iştirak ediblər. Rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev və başqaları çıxış edərək sakinləri təbrik edib, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 67039 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, Kəbirli kəndində 1063, Milabad qəsəbəsində 480, Mayak qəsəbəsində isə 180 abonent mavi yanacaqla təmin olunub. Bütün mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Sakinlər onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb