Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Beyləqanda vətəndaşları qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin, ərizə və şikayətlərinin qanunauyğun, operativ həlli üçün konkret tədbirlər görürlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə aprelin 8-də Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli, Zərdab və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl TQDK sədri Məleykə Abbaszadə və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoyaraq əziz xatirəsinə dərin ehtiramını bildiriblər.
Qəbula gələnlər əsasən diplomun alınması, leqallığı, rezidenturaya qəbul və digər məsələlər barədə müraciət edib, təhsilin inkişafı ilə bağlı təkliflər irəli sürüblər.
TQDK-nın sədri M. Abbaszadə hər bir vətəndaşı diqqətlə dinləyib. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qismi barədə vətəndaşlara ətraflı izahat və məsləhətlər verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.