Beyləqan şəhərində Müdafiə Nazirliyinin və Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sən Vətənin sipəri, xalqımın qürurusan” adlı kütləvi hərbi şöhrət bayramı keçirilib.
Aprel ayının əvvəllərində qoşunların təmas xəttində şücaət göstərmiş hərbi hissələrin nümayəndələri, eləcə də Beyləqan rayonundan olan hərbi qulluqçular, döyüşlərdə göstərdikləri qəhrəmanlıq və igidliyə görə fəqrlənərək yüksək fəxri ada layiq görülən hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev bildirib ki, beyləqanlılar həmişə Azərbaycan ordusuna dayaq olublar, Heydər Əliyev ideyalarına sadiqdirlər, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an respublikamızın ərazi bütövlüyü uğrunda savaşa hazırdırlar.
Sonra Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək, xalqla ordunun monolit birliyindən, aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan danışıb, Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduğunu bildirib.
Tədbirdə silahlı qüvvələrin mahnı və rəqs ansamblı, Beyləqan rayon incəsənət ustaları hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim ediblər. Xalq Artisti Samir Cəfərovun ifa etdiyi Abdulla Qurbaninin sözlərinə bəstəkar Azad Zahidin yenicə yazdığı “Lələtəpə fatehləri” mahnısını tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Birbaşa ön cəbhədən, təmas xəttindən gələn zabit və əsgərləri beyləqanlılar alqışlarla qarşılayıblar. Vətənimizin müdafiəsində fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr verilib.
Kütləvi hərbi şöhrət bayramı ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrilib.