18 noyabr 2025-ci il tarixdə Xaçınabad kəndində səyyar qəbul keçirilib
18 noyabr 2025 | 17:20
Noyabrın 18-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Xaçınabad kəndində səyyar qəbul-görüş keçirib.
Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, şöbə müdirləri, aidiyyəti qurumların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə ehtiram əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beyləqan RİH başçısı Əziz Əzizov çıxışında ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq Beyləqan rayonunda genişmiqyaslı abadlıq-quruculuq və infrastruktur layihələrinin ardıcıl şəkildə həyata keçirildiyini vurğulayıb. Rayon rəhbəri bildirib ki, müxtəlif istiqamətlərdə görülən işlər yaşayış məntəqələrinin inkişafına, əhalinin gündəlik rahatlığının təmin olunmasına və ümumi sosial rifahın yüksəldilməsinə xidmət edir.
Qeyd edilib ki, bütün bu fəaliyyətin əsas məqsədi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmaq, onların müraciət və ehtiyaclarının operativ şəkildə təmin olunmasına nail olmaq və rayonun inkişaf tempini davamlı olaraq yüksəltməkdir.
Səyyar qəbul zamanı sakinlər onları narahat edən ümumi məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Hər bir müraciət diqqətlə dinlənilib və araşdırılması, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.
Sonda Xaçınabad kəndinin sakinləri ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara və göstərilən davamlı dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







