Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Fəaliyyət Proqramının icrası üzrə növbəti ictimai dinləmələr Beyləqanda aparılıb.

13 iyun 2016 | 16:00

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı ombudsman Elmira Süleymanova tərəfindən respublikamızın bölgələrində ictimai dinləmələr davam etdirilir.
Beyləqan şəhərindəki mədəniyyət sarayında keçirilən dinləmələrdə hüquq mühafizə və ədliyyə orqanlarının rəhbərləri, dövlət və icra qurumlarının, ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak ediblər. Ombudsman, Rayon İcra Hakimiyyətinin başçısı və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, Milli Fəaliyyət Proqramı və onunla əlaqədar keçirilən ictimai dinləmələrin əhəmiyyətini vurğulamışdır.
MFP-nin icrası, təbliği və tətbiqi vəziyyəti üzrə məruzə edən Ombudsman Elmira Süleymanova hüquqi islahatlar kontekstində ölkəmizdə gedən davamlı inkişaf prosesləri, iqtisadi və sosial sahələrin dəstəklənməsi vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Regionlarda sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini, neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun da canlanması ilə ölkə iqtisadiyyatının ahəngdar inkişafının təmin edilməsini, bunun isə insan hüquqlarına birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.
İnsan hüquları sahəsində ölkəmizdə qəbul olunmuş üç mühüm strateji sənəd haqqında danışan Ombudsman 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş MFP-nin bəndlərinin yeni istiqamətlər və tədbirlər müəyyən etdiyini bildirib, sənədin fəsilləri üzrə müvafiq bəndlərinin dövlət qurumları üçün müəyyən etdiyi vəzifələr, eləcə də insan hüquqlarının müdafiəsinin prioritet istiqamətlərindən bəhs edib.
E.Süleymanova ölkəmizdə dini və milli tolerantlığın hökm sürdüyünü, 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu, respublikamızın dünya miqyasında artıq multikulturalizm və tolerantlıq modeli kimi qəbul edildiyini diqqətə çatdırıb. 
Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların insan hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan Müvəkkil, vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin qarşısının alınması baxımından ASAN Xidmət Mərkəzlərinin və bu xidmətin səyyar qruplarının uğurlu fəaliyyətini yüksək dəyərləndirib.
Ombudsman müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini bildirib.
İnteraktiv şəraitdə keçən müzakirələrdə rayon prokuroru, polis şöbəsinin rəisi, məhkəmənin sədri çıxış edərək, bu tədbiri yüksək dəyərləndirib, təmsil etdikləri qurumların fəaliyyəti, rayonda MFP və insan hüquqları üzrə keçirilmiş tədbirlər və digər məsələlər barədə məlumat veriblər.
Müzakirələrdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin daha da artırılması ilə bağlı fikir və təkliflər irəli sürülüb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər