Beyləqanda kənd təsərrüfatı idarəsinin inzibati binası istifadəyə verilib.
Açılış mərasimində kənd təsərrüfatı naziri Heydər Əsədov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb.
Nazir Heydər Əsədov binanı gəzərək, kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən maarifləndirici buklet və kitabçalarla, bölgədə yetişdirilmiş yeni taxıl sortları ilə tanış olub, baytarlıq idarəsinə, Dövlət Toxum Müfəttişliyinin Diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxış keçirib. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.
Nazir sonra kənd təsərrüfatı texnikalarına sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə tanış olub. Məlumat verilib ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız qeydiyyat İmtahan Məntəqəsi tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.
Nazir Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tədbirdə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Tərtər, Xocavənd və Zərdab rayonlarından olan 110 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 3 milyon 010 min 918 manat məbləğində 219 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 1 milyon 035 min 438 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 81 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirmiş və sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib.
“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən 5818 istifadəçinin lizinqə götürdüyü 13 min 020 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 68 milyon 297 min 541,59 manat məbləğində güzəşt tətbiq edilib.