Beyləqan rayonunun Qaradağlı kəndi “mavi yanacaq”la təmin olundu.
Beyləqan rayonunun Qaradağlı kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətilə keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi çıxış edərək sakinləri təbrik edib, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, 166 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3557 metr müxtəlif diametrli polietilen, 14 min 635 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 166 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Diqqətə çatdırılıb ki, hazırda Beyləqan rayonunun Şərq, Birinci Şahsevən, İkinci Şahsevən, Yuxarı Çəmənli, Aşaği Çəmənli, Aşıqalılar, Əhmədli və İmamverdili kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir. Sakinlər və ictimaiyyət nümayəndələri onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.