Beyləqanda ötən tədris ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
06 sentyabr 2016-cı il tarixdə Beyləqan rayon Mədəniyyət Sarayında təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. 2004-2016-ci illərdə rayonda 20 məktəb binası inşa edilib, 5 məktəb əsaslı təmir olunub. Yeni tikilən və əsaslı təmir olunan məktəblər müasir avadanlıqlarla tam təhciz edilib.
Rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın 2015-2016-cı tədris ili ərzindəki fəaliyyətinə dair hesabat məruzəsində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrə toxunulub.
Məlumat verilib ki, 2015-2016-cı dərs ilində rayonda 1 lisey, 45 tam orta, 6 ümumi orta və 2 ibtidai məktəb, 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. 12 min 505 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1838 nəfər müəllim məşğul olub. Rayonun orta ümumi təhsil məktəblərini bitirən məzunlardan 482 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib, 221 nəfər müxtəlif ali məktəblərə daxil olub. Gənclərdən 22 nəfəri 500-600 arası, 13 nəfəri isə 600-dan çox bal toplayıb.
Konfransda çıxış edən rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev və Təhsil Nazirliyinin nümayəndəsi Akif Əliyev təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, təhsilə göstərilən dövlət qayğısından, təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıblar.
Sonda yüksək balla ali məktəblərə qəbul olan gənclərə və qabaqcıl təhsil işçiləri hədiyyələr təqdim olunub.