2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Beyləqanda ziyafət tədbiri keçirilmişdir.
02 iyul 2026 | 20:41
2 iyul 2026-cı il tarixində Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə Beyləqan rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları üçün rəsmi ziyafət təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ziyafətdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, Rayon Polis Şöbəsinin şəxsi heyəti, polis veteranları, YAP Beyləqan rayon təşkilatının sədri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
Səmimi və yüksək əhval-ruhiyyədə keçən tədbirdə Azərbaycan polisinin cəmiyyətin təhlükəsizliyinin təmin olunması, qanunun aliliyinin qorunması və ictimai asayişin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fədakar xidmətlər yüksək qiymətləndirilib, polis əməkdaşlarına peşə bayramı münasibətilə xoş arzular çatdırılıb.







