Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib

19 yanvar 2026 | 16:04
19 yanvar 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar elmi-praktiki konfrans təşkil olunub.
 
Tədbir Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsinin qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Tədbiri giriş nitqi ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Telman Məstanov açaraq, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixində qanla yazılmış qəhrəmanlıq səhifəsi olduğunu bildirib. O, bu faciənin xalqımızın azadlıq iradəsini sarsıtmaq əvəzinə, milli birlik və mübarizə ruhunu daha da gücləndirdiyini vurğulayıb. T.Məstanov Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi siyasi və hüquqi qiymətin tarixi əhəmiyyətindən daşınaraq, məhz Heydər Əliyevin prinsipial mövqeyi və qətiyyətli fəaliyyəti nəticəsində bu qanlı hadisəyə ilk dəfə rəsmi səviyyədə obyektiv qiymət verildiyini vurğulayıb.
 
Tədbirdə həmçinin Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov, YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov, Beyləqan şəhər 5 saylı tam orta məktəbin direktoru İlhamə İsmayılova, Şahsevən 3 saylı tam orta məktəbin direktoru, tarix müəllimi Zaur Qədirov və tarix müəllimi Mətanət Əliyeva məruzələrlə çıxış ediblər.
 
Məruzələrdə 20 Yanvar faciəsinin siyasi-hüquqi aspektləri, sovet totalitar rejiminin xalqımıza qarşı törətdiyi cinayətlər, bu hadisənin milli azadlıq hərəkatının güclənməsində rolu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyəti elmi əsaslarla təhlil olunub.
 
Sonda qeyd edilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, şəhidlərimizin xatirəsi hər zaman dərin ehtiramla anılacaqdır.
Keçidlər