2025-ci ilin ilk səyyar qəbul-görüşü İmamverdililər kəndində keçirildi.
07 yanvar 2025 | 18:17
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən 2025-ci ilin yanvar ayı ərzində keçirilməsi nəzərdə tutulan ilk səyyar görüş rayonun İmamverdililər kənd sakinləri ilə baş tutub.
Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər. Öncə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Əziz Əzizov sakinləri salamlayaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.Ə.Əzizov bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Daha sonra kənd sakinlərinin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.