Şriftin ölçüsü :

Saytın rəngi :

24 fevral 2017-ci il tarixdə Beyləqan Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

24 fevral 2017 | 16:00

Əvvəlcə, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və rayon ərazisində məskunlaşmış məcburi köçkün və şəhid ailələrinin qatıldığı tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Xocalı faciəsinin Azərbaycan və dünya tarixində ən qanlı hadisələrdən biri olduğunu, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd etdi.

Daha sonra çıxış edənlər Xocalı kimi tarixi bir məkanın yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının yaxından iştirakı ilə görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirilərək  meyitlərinin təhqir olunduğu, 1275 nəfərin girov götürüldüyü, onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığı, qətlə yetirilənlərin 63 nəfərinin uşaq, 106 nəfərinin qadın, 70 nəfərinin ahıl və qoca olduğu, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 nəfərin isə valideynlərindən birini itirdiyi xüsusilə diqqətə çatdırıldı.

Digər çıxış edənlər isə Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd edərək, bu sahədə məqsədyönlü fəaliyyətin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını, onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-sının “Xocalı soyqırımı günü” elan edildiyini və Ulu Öndərin hər il faciənin ildönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğuladığını tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Həmçinin bildirildi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

Daha sonra məktəblilərin erməni vandallarının törətdiyi Xocalı qətliamı ilə bağlı çəkdikləri şəkillərin sərgisi keçirilib.

Keçidlər