Beyləqanda pambıqçılığın inkişafına həsr olunan elmi-praktik seminar keçirilmişdir.
Beyləqan rayonu Mil Təcrübə Stansiyasında pambıqçılığın inkişafına həsr olunmuş elmi-praktik seminar – tarla günü keçirilib.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarda alimlər, pambıqçılıq şirkətlərinin nümayəndələri və pambıqçılıqla məşğul olan fermerlər iştirak ediblər.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Sahib Cabbarov ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan danışıb. Bildirib ki, elmi-praktik seminar “Rayonlaşmış aborigen və xaricdən gətirilmiş pambıq sortlarının müqayisəli əkini” və “Pambıq əkinlərində irriqasiya eroziyasının araşdırılması yolları” mövzularına həsr olunub.
Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elman Süleymanov və rayon kənd təsərrüfatı idarəsinin bitkiçilik sektorunun müdiri Kamil Əhədov rayonda aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı istiqamətində görülən işlərdən, pambıq əkinlərinin vəziyyəti və pambıqçılıqla məşğul olan fermerlərə dövlət dəstəyindən danışıblar.
Məlumat verilib ki, Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu il rayonda 8 min 550 hektar sahədə pambıq səpini aparılıb. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC ilə müqavilə əsasında becərirlər. Hazırda rayonda pambıq yığımına hazırlıq görülür.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun seleksiya şöbəsinin müdiri Ələddin Tağıyev institutda yaradılan yeni pambıq sortları, suvarma şöbəsinin müdiri Savalan Əliyev pambıq əkinlərində irriqasiya eroziyasının azaldılması yolları, entomologiya şöbəsinin müdiri Kazım Hüseynov pambıq bitkisinin zərərvericilərinə qarşı mübarizə tədbirləri, Mil Təcrübə Stansiyasının direktoru İmamverdi Alıyev becərmə texnologiyası, aqrotexniki xidmət barədə tədbir iştirakçılarına məlumat veriblər.
Sonra tədbir iştirakçıları pambıq sortlarının sərgi əkininə baxış keçirib, “AzNİXİ-195”, “Gəncə-2”, “Gəncə-8”, “Gəncə-78”, “Gəncə-80”, “Gəncə-103”, “Gəncə-110”, “Gəncə-114” yerli və “Karizma”, “Ağ qızıl” xarici pambıq sortları, onların becərmə texnologiyası ilə tanış olublar. Fermerlər yerli pambıq sortlarında avqust ayının sonunadək 60-70 faiz, xarici pambıq sortlarında isə 15-20 faiz qoza açımının şahidi olublar.
Bildirilib ki, yerli pambıq sortları tez yetişən və məhsuldar olduğundan, qeyri-sabit hava şəraitinin məhsuldarlığa təsiri minimuma endirilir. Yerli sortlar yüksək aqrotexniki qulluq nəticəsində orta hesabla hər hektara 50 sentnerədək məhsul vermək iqtidarındadır.
Seminarda fermerləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib. Tədbir iştirakçılarına Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun hazırladığı yeni pambıq sortları və mütərəqqi texnologiyalara dair bukletlər paylanıb.