IDEA İctimai Birliyinin təşəbbüsü ilə Beyləqanda şəhid və aztəminatlı ailələr üçün ərik bağı salınmışdır.
Noyabrın 24-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə Beyləqanda aztəminatlı ailələr üçün ərik bağları salınıb.
Beyləqan rayonunun Aşıqalılar kəndi ərazisində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat verib, respublikanın müxtəlif bölgələrində aztəminatlı ailələr üçün meyvə bağlarının salınmasının əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür bağların salınması ekoloji tarazlığın qorunmasına, əhalinin rifahının yaxşılaşdırılmasına, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına töhfə verəcək.
Sonra ağacəkmə aksiyasına start verilib. İki hektar ərazidə 1000 ədəd ərik ağacı əkilib. Salınan meyvə bağları Beyləqan rayonunda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr meyvə bağlarına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
Aztəminatlı və şəhid ailələrinin üzvləri Müslüm Aslanov, Ədalət Mirzəyev və İbadət Əliyev bu xeyriyyə aksiyası zamanı hər biri üçün 0,67 hektar bağ sahəsində 334 ədəd ərik ağacının əkildiyini bildirib, onların dolanışıq şəraitinin yaxşılaşmasına kömək məqsədilə həyata keçirilən təşəbbüsə görə Leyla Əliyevaya minnətdarlıq ediblər.
Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində 9 rayon üzrə fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla, ümumilikdə, 10 minə yaxın meyvə ağacı əkilib və 31 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib. Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması gələcəkdə ölkənin digər rayonlarında da təşkil olunacaq.