Beyləqan rayon Birinci Aşıqlı kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirilmişdir.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədi ilə rayon İcra hakimiyyəti başçısı cənab Vaqif Abdullayevin 14 mart 2018-ci il tarixdə Birinci Aşıqlı kənd inzibati ərazi dairəsinin sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxışı zamanı bildirdi ki, bu görüşün məqsədi təsdiq edilmiş qrafikə uyğun olaraq cənab Prezidentin tapşırığına əsasən əhali ilə yerlərdə görüşüb, onların problemləri ilə maraqlanmaqdır.
Görüş zamanı rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirərək, Beyləqan rayonunda görülən abadlıq-quruculuq işlərindən, həmçinin rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən, ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edən fikirlər söylədi.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşaf ilə bağlı məsləhət və tövsiyələrini verdi. Əhalini narahat edən problemlərin həlli istiqamətində rayonda həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışan rayon rəhbəri bildirmişdir ki, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bundan sonra da davam edəcəkdir.
Sonra vətəndaşların müraciətləri dinlənildi.Kənd sakinləri tərəfindən qaldırılan məsələlər barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.