Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirildi.

18 aprel 2018 | 16:00

18 aprel 2018-ci il tarixində İcra hakimiyyətində “2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının nəticələri və qarşıda duran vəzifələrə dair hesabat iclası keçirildi.İclasda İcra hakimiyyəti nümayəndələri hüquq-mühafizə oranlarının rəhbərləri, idarə , təşkilat müəssisələrini rəhbərləri iştirak etdilər.
Rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev iclası açıq elan edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin aprelin 9-da 2018-ci ilin üç ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildiyini qeyd etdi,bu gün biz 2018-ci ilin üç ayının yekunlarını müzakirə edəcək, görüləcək işlər  haqqında danışacağıq deyə çıxışını davam etdirdi.
Bu ilin birinci rübündə ölkəmizdə VI Bakı Qlobal Forumu, Qoşulmama Hərəkatı olmaqla bir neçə mötəbər tədbirlər keçirilmişdir. Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır. Ölkəmizdə Xarici İşlər Nazirlərinin iştirakı ilə keçirilən Qoşulmama Hərəkatının konfransında Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair önəmli qətnamə qəbul edilmişdir.
Bütün bu beynəlxalq tədbirlər çərçivəsində eyni zamanda Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində bizim beynəlxalq mövqeyimiz daha da möhkəmlənir.
Ölkəmiz sürətlə və uğurla inkişaf edir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Bu gün dünyanın müxtəlif ölkələrində təhlükələr, münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir.
Ölkə iqtisadiyyatının inkişaf dinamikası iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin sosial rifahının yüksəldilməsi  üçün zəruri tədbirlər həyata keçirilmişdır. 2018-ci ilin birinci rübündə ölkəmizdə 34 min yeni iş yerləri açılmış, onların 31 mini daimi iş yerləridir.
Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 2,3 faiz, qeyri-neft sektoru 3 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10 faiz, kənd təsərrüfatı 4,2 faiz, əhalinin əmək haqları 10 faiz artmış, infilyasiya 4 faiz olmuşdur. Bu da iqtisadiyyatımızın inkişaf etdirilməsi istiqamətinda aparılan məqsədyönlü siyasətin nəticəsidir. 
Regionların sosial-iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq Beyləqan rayonunda kənd təsərrüfatının və sənayenin inkişafı, Ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərini yaxşılaşdırılması, aqrar sektorun, meliorasiya-irriqasiya və digər infrastrukturun təminatı, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin inkişafı və  yeniləşməsi kimi həlli vacib olan mühüm tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlərin icrası istiqamətində görülən işlər  sayəsində rayonun  sosial-iqtisadi inkişafında müəyyən irəliləyişlərə nail olunmuşdur.
Beyləqan rayonunda 2018-ci  ilin birinci rübündə ümumi məhsul istehsalı 52,8 milyon manata çataraq 102 faiz olmuş, o cümlədən sənaye məhsullarının istehsal həcmi 8,5 milyon manat, 103,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 37,1 milyon manat olmaqla 101,2 faiz təşkil etmişdir. Həmçinin adam başına düşən pərakəndə əmtəə dövriyyəsi 379,7 manat olmaqla 101 faiz olmuşdur. 
Hesabat dövründə əsas kapitala yönəldilən investisiyaların həcmi 13,2 milyon manat olmaqla 88 faiz, tikinti quraşdırma işlərinin həcmi isə  13 milyon manat, 90,9 faiz, rabitə xidməti 198,7 min manat, ticarət xidməti 12,5 milyon manat təşkil etmişdir. Ümumilikdə 3 ay ərzində 693 yeni iş yeri açılmış, onlardan 418-i daimi iş yeridir.
2018-ci ilin birinci rübündə ərzidə ümumi sahəsi 740 kv.m olan 7 fərdi yaşayış evi vətəndaşların şəxsi vəsaiti hesabına tikilib istifadəyə verilmişdir.
Kənd təsərrüfatının bitkiçilik sektorunda 15776 hektar sahədə dənli bitkilər, o cümlədən 13903 hektar sahədə buğda, 1543 hektarda isə arpa əkilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqaisədə  820 hektar artıq buğda əkilmişdir.  
Rayonumuzda bu il 9560 hektar sahədə pambıq əkilməsi üçün müqavilələr bağlanmış,  bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 1060 hektar çoxdur. Pambıq əkilməsi nəzərdə tutulan torpaq sahələri şumlanılmış, bütün aqrotexniki qaydalara riayət olunmuş, səpinə hazırlıq vəziyyətinə gətirilmişdir. Bu ilin 3 ayı ərzində 222 hektar sahədə şəkər çuğunduru əkilmiş, ötən ilin müvafiq dövrünə nisbətən 133 hektar artıq olmaqla 2,5 dəfə çox olmuşdur. 2018-ci ilin 3 ayı ərzində 377 hektar sahədə kartof, 995 hektar tərəvəz, 97 hektar bostan məhsulları əkilmişdir.  Hal-hazırda yazlıq bitkilər əkini davam edir.
  Bu dövrdə rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının heyvandarlıq sektorunda müsbət artım meylləri müşahidə olunmuş, iri buynuzlu heyvanların baş sayı 162 baş artaraq 58802 baş, xırdabuynuzluların sayı isə 401 baş artaraq 301832 baş, quşların sayı 415 baş artaraq 473854 baş olmuşdur. Ət istehsalı diri çəkidə 15 ton artaraq 2484 ton, süd istehsalı 37 ton artaraq 11063 tona, yumurta istehsalı 1,7 milyon ədəd artaraq 5,6 milyon ədədə  çatmışdır.
Respublikada sahibkarlığın inkişafına göstərilən dəstək rayonumuzda da, proritet  məsələ kimi daim nəzarətdə saxlanılmışdır. Sahibkarlığa Kömək Milli Fondun xətti ilə 1 lahiyəyə 5 min  manat kredit ayrılmışdır. Bunun nəticəsində 2 yeni iş yeri açılmışdır.
Rayonun sosial-iqtisadi, mədəni həyatında əldə olunan uğurlu nəticələr demoqrafik göstəricilərdə özünü göstərir. Hesabat dövrü ərzində 398 körpə dünyaya gəlmiş, 152 nikah bağlanmış, boşananların sayı 25 nəfər, miqrasiya artımı 13 nəfər olmuş, 154 nəfər dünyasını dəyişmişdir. Rayon əhalisinin sayı  97,7 min nəfərə çatmışdır.
Beyləqan rayonunda 2012-ci ilin aprel ayından başlanmış abadlıq və quruculuq işləri bu gün də davam etdirilir. 2018-ci ilin birinci rübündə  Beyləqan Olimpiya İdman Kompleksinin, Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin tikintisinə, 1941-45-ci illərdə həlak olmuş həmvətənlilərimizin xatirəsinə ucaldılmış abidənin əsaslı təmirinə başlanılmış, qiymətli üzlük daşlarla üzlənmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
Beyləqan rayonu “37 saylı Yol İstismarı” MMC 2018-ci ilin 3 ayı ərzində xidmət etdiyi avtomobil yollarında tədbirlər planına uyğun olaraq cari təmir işləri yerinə yetirmişdir.  Bu dövrdə 130 ədəd işıq əks etdirici pərdə yapışdırılmış, 130 yeni siqnal dirəyi basdırılmışdır. Yerli əhəmiyyətli yollardan Beyləqan-Təzəkənd-Kəbirli avtomobil yolunda, Bünyadlı-Gödəklər, Qaralılar kəndinin giriş yollarında avtoqreyderlə hamarlanma və çala təmiri işləri aparılmışdır. Birinci Aşıqlı, Əlinəzərli kəndlərinin və Mayak qəsəbəsinin giriş yollarında 6 nömrəli magistral-yol idarəsi tərəfindən əsaslı təmir işlərinə başlanılmış, həmin sahələrdə yol yatağı salınmış, çınqıl materalı tökülərək yol əsaslı tikilmişdir. Yaxın aylarda yol örtüyünün asfalt-beton qarışığı ilə tikintisinə başlanılacaqdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. 
2018-ci ilin 3 ayı ərzində yerli gəlirlər proqnozu 1171,3 min manata qarşı 1289,2 min manat olmaqla 110,1 faiz yerinə yetirilmişdir.
Əhalinin suvarma suyu ilə təmin olunması məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq Örənqala, Əmirzeyidli, Əhmədli, Şəfəq, Beyləqan şəhər, Yuxarı Çəmənli, Yuxarı Kəbirli, Allahyarlı, Sarı su, Tatalılar yaşayış məntəqələrində 146 km suvarma kanalları lildən təmizlənmişdir.  Eyni zamanda 18 ədəd hidrotexniki qurğular cari təmir edilmişdir. Hal-hazırda kənd və qəsəbələrə suvarma suyunun itkisiz verilməsi üçün bu istiqamətdə işlər davam etdirilir.  
2018-ci ilin birinci rübü ərzində Birinci Aşıqlı, Kəbirli, Eyvazalılar, Birinci Şahsevən, Bahar, Türklər, Yuxarı Aran, Təzəkənd kəndlərində  ümumilikdə 41 km uzunluqda kollektor-dren şəbəkəsində lildən təmizlənmə işləri görülmüşdür. 
Hesabat dövründə rayon ərazisində 12 ədəd subartezian quyularının, 8 ədəd ESV markalı nasosların, 7 ədəd elektrik avadanlıqlarının carı təmiri işlərini həyata keçirmişdir.
Rayon ərazisində yanıb sıradan çıxmış ümumilikdə müxtəlif güclərdə 24 ədəd elektrik transformatorları cari, 6 ədəd transformator əsaslı təmir olunmuşdur. Əhalinin elektrik enerjisi ilə təchizatının etibarlılığını artırmaq məqsədi ilə 10 kv-lıq hava xətlərində 55 ədəd, 04 kv-lıq hava xətlərində isə 45 ədəd sınmış izalyator yenisi ilə əvəz olunmuş, 1500 metr  istismara yararsız naqillər dəyişdirilmişdir. 14 ədəd yeni dəmir və ya beton dayaqlar basdırılmış, 04 kv-lıq hava xətlərində isə 18 ədəd ağac dayaq, 1600 metr naqil dəyişdirilmişdir. Qəhrəmanlı qəsəbəsində itkilərin azaldılması məqsədi ilə 2500 metr Sib-kabel çəkilmişdir.
Hesabat dövründə ümumi daxil olan faydalı enerjinin ödənişi 84,3 faiz yerinə yetirilmişdir.
Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də tədbirlər həyata keçirilimişdir.Belə ki Su kanal idarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 4605 abonentdən 4256 abonent sayğacla təmin olunmuşdur. Bunlardan 3686 -ı smart sayğac, 568-i mexaniki sayğac təşkil edir. Fərdi vətəndaşların suyun gəlməməsi ilə bağlı idarəyə daxil olmuş 28 müraciət yerində araşdırılmış və həll edilmişdir. 3 ədəd su şəbəkəsində baş vermiş qəza aradan qaldırılmışdır.
2018-ci ilin birinci rübündə İmamverdili və Birinci Şahsevən kəndlərində qazlaşma işi başa çatdırılmış, əhali təbii qazla təmin olunmuşdur. Hal-hazırda Əmirzeyidli kəndində qaz çəkilişinə başlanılmış, bu istiqamətdə işlər davam etdirilir.
2018-ci ilin 3 ayında 263 abonent təbii qazla təmin olunmaqla abonent sayı 17898 olmuşdur. Hesabat dövrü ərzində Beyləqan Qaz İstismar Sahəsi verilmiş təbii qazın  dəyərini əhali üzrə 87,9 faiz, qeyri-əhali üzrə 37,2 faiz  yerinə yetirmişdir.
2018-ci ilin 3 ayı ərzində vətəndaşlara 76 yeni telefon xətləri çəkilmiş, 78 ədəd telefon bərpa olunmaqla ümumilikdə abonentlərin sayı 8801-ə çatmışdır. Rabitənin və İnformasiya xidmətlərinin keyfiyyətlərinin yaxşılaşdırılması məqsədi ilə Birinci Aşıqlı, Bahar, Milabad, Qaralılar, Birinci Şahsevən və Örənqala elektron avtomat stansiyalarında genişzolaqlı internet xidmətinin genişləndirilməsi işləri aparılmışdır
       2018-ci ilin birinci rübü ərzində ayrı-ayrı xidmət sahələrinin inkişafında və xidmətə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Poçt Filialı qarşısında duran əsas vəzifələr, maliyyə-iqtisadi, texniki və istismar göstəricilərinin icra vəziyyəti normativlərdən yüksək olmuşdur. 2018-ci ilin 3 ayında əldə olunan gəlir proqnozu 101 faiz olmuşdur.
Ölkədə gedən sosial-iqtisadi inkişaf rayonumuzda da uğurla həyata keçirilir. Bu baxımdan rayon Təhsil şöbəsi təhsilin inkişafı istiqamətində fəaliyyətini yenidən qurmağa, təhsil sisteminin qarşısına qoyulan tələblərin yerinə yetirilməsinə çalışmışdır.
Hazırda rayonda 54 ümumtəhsil məktəbi fəaliyyət göstərir və bu məktəblərdə təhsil alan 13095 nəfər şagirdin təlim tərbiyəsi ilə 1789 nəfər müəllim məşğul olur.
Ötən müddət ərzində rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli işlər görülmüşdür. 
Ulu Öndər Heydər Əliyevin 95-ci il dönümü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir. 8-9-cu siniflər arasında keçirilən təqdimatda Bahar qəsəbə tam orta məktəbin 10-cu sinif şagirdi respublika mərhələsində rayonu uğurla təmsil etmişdir.
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində əlaçı və aztəminatlı ailələrin uşaqlarından ibarət 40 nəfər məktəbli 2018-ci ilin mart ayında Şəki, Qəbələ və Zaqatala şəhərlərində olmuşdur. Eyni zamanda Fənn Olimpiadalarının zona mərhələsində iştirak edən şagirdlərimizdən 4 nəfəri Coğrafiya və riyaziyyat fənləri üzrə keçiriləcək olimpiadanın respublika mərhələsinə vəsiqə qazanmışdır.
Respublikamızın ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən tarixi günlərin və dövlət bayramlarının keçirilməsini özünün əsas vəzifəsi hesab edən rayon Mədəniyyət nümayəndəliyi tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirmişdir. Mədəniyyət müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi sahəsində bir çox məqsədyönlü işlər görülmüşdür. Ümumilikdə hesabat dövrü ərzində rayonun Mədəniyyət və Turizm nümayəndəliyi digər tədbirlərlə yanaşı kollektiv 14 dəfə cəbhə bölgəsində və sərhəd zastavasında olaraq əsgər və zabitlər qarşısında konsert proqramları ilə çıxışlar təşkil etmiş, mədəniyyət işçilərinin əməyi hərbi korpusun rəhbərliyi tərəfindən 12 dəfə Fəxri Fərmanla mükafatlandırılmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sahəsində respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına münbit şərait yaranmışdır. Bunun nəticəsidir ki, 02-03 mart 2018-ci il tarixdə Bakı şəhərində keçirilən VKC karate idman növü üzrə keçirilən Azərbaycan çempionatında Qəhrəmanov Babək 1-ci yerə layiq görülmüşdür.
Respublika daxilində keçirilən idman yarışlarında fərqlənən qalib komanda və idmançılar Beyləqan rayon İcra hakimiyyəti və Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
2018-ci ilin birinci rübü ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına, eləcə də digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən işlər görülmüşdür. Belə ki, qeyd olunan dövrdə Mərkəzdən sosail müavinət və təqaüd alan 4986 nəfərin ödənişləri vaxtında həyata keçirilmişdir.
.
2018-ci ilin fevralın 15-dən may ayının 15-dək  18 yaşından yuxarı əhalinin tibbi müayinədən  keçirilməsi barədə Ölkə Prezidentinin tapşırığına uyğun olaraq rayon İcra hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılmışdır. Bu günə qədər 58660 nəfər tibbi müayinələrdən keçmiş, onlardan 47 nəfəri Bakı şəhərinə müalicəyə göndərilmiş, 206 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. Rayonda müayinə və müalicə zamanı şəkərli diyabet xəstələri üstünlük təşkil etmişdir.Tibbi müayinə davam etdirilir.
2018-ci ilin 3 ayı ərzində vətəndaşlardan 422 nəfərin müraciətinə rayon İcra hakimiyyəti aparatında baxılmış, bundan 280 nəfəri rayon İcra hakimiyyəti başçısı tərəfindən, 142 nəfər rayon İcra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir. 902 nəfərin müraciətlərinə isə rayon İcra hakimiyyəti başçısının kənd və qəsəbələrdə yerli içtimaiyətin nümayəndələri ilə keçirilən səyyari görüşlərdə baxılmışdır. Cəmi 1324 nəfərin müraciətinə baxılmış, şikayəti doğuran problemlər vaxtında öyrənilmiş və onların haqlı tələblərinin həlli istiqamətində lazımi tədbirlər görülmüşdür.
Əsasnamənin tələblərinə uyğun olaraq ayda iki dəfədən az olmayaraq ümumilikdə 6 Şura iclası keçirilmişdir. Rayon İcra hakimiyyətinin 2018-ci il üçün təsdiq edilmiş perspektiv iş planına əsasən rayonun sosial-iqtisadi inkişafı, abadlıq və mədəni-quruculuq, əhalinin, qaçqınların və məcburi köçkünlərin, Qarabağ müharibəsi iştirakçılarının, veteranların, əlillərin, şəhid ailələrinin sosial müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması, ətraf mühitin mühafizəsi, torpaqlardan səmərəli istifadə edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi vətənpərvərlik tərbiyəsi, əhalinin elektrik enerjisi, içməli su ilə təminatı, kənd təsərrüfatı, maliyyə, büdcə, təhsil,mədəniyyət, tikinti, nəqliyyat, rabitə, kommunal xidmətlər və digər sahələr əhatə olunmuşdur. Beyləqan rayon İcra Hakimiyyətində təsdiq edilmiş perspektiv iş planında 2018-ci ilin 3 ayı ərzində 6 məsələnin müzakirəsi nəzərdə tutulmuş, 6 məsələ müzakirə edilmişdir. Ötən dövr ərzində əlamətdar günlərlə bağlı 27 tədbir keçirmişdir.
2018-ci ilin birinci rübü ərzində  sosial-iqtisadi sahədə əldə olunmuş bütün  nailiyyətləri qeyd etməklə yanaşı Dövlətimizin başçısı diqqəti görüləcək işlərə, həll olunacaq problemlərə, prioritet istiqamətlərə yönəltmişdir. Bu müddəalar hər bir  icra  strukturu,  hakimiyyət və idarəetmə orqanı, müəssisə və təşkilat rəhbəri üçün  fəaliyyət proqramıdır.
Beyləqan rayonu İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti  cənab İlham  Əliyevin müdrik daxili və xarici siyasətini dəstəkləyərək ətrafında sıx birləşəcək, onun siyasi iradəsinə əsaslanaraq bütün  göstərişlərinin, qərar və  tapşırıqlarının  dönmədən həyata  keçirilməsini təmin edəcək, rayon  içtimaiyyətinin  gücünü  səfərbər etməklə, müstəqil respublikamızın çiçəklənməsi, xalqın  rifahının  yüksəldilməsi naminə  Dövlət  Başçısının  gördüyü böyük  işlərdə Onun  layiqli  yardımçısı olacaqdır.    
Sonra qarşıda duran vəzifələr müzakirə edildi, problemlərin vaxtında həll edilməsi üçün aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.

Keçidlər