Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü ərəfəsində şəhidlərin məzarları ziyarət olunub

23 sentyabr 2026 | 09:07
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olmaqla, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnib. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun göstərdiyi misilsiz rəşadət, hərbçilərimizin qəhrəmanlığı və şəhidlərimizin canı bahasına əldə edilən tarixi Qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq.
 
Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunur. 27 Sentyabr – Anım Günü ərəfəsində şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq onların məzarları ziyarət edilir.
 
Beyləqan rayonu Vətən müharibəsində çoxsaylı şəhidlər verən rayonlardan biridir. Rayonun qəhrəman övladlarının Vətən uğrunda göstərdikləri şücaət və fədakarlıq daim yüksək qiymətləndirilir, onların əziz xatirəsi yaşadılır.
 
Anım Günü ərəfəsində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Elşad Əzimov, DTX-nin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov və digər məsul şəxslər tərəfindən rayonun Mayak qəsəbəsi və Eyvazalılar, Tatalılar, Təzəkənd kəndlərində şəhidlərimizin məzarları ziyarət edilib.
 
Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub və onların əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
 
Şəhidlərimizin Vətən qarşısındakı xidmətləri və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq, onların şərəfli ömür yolu gələcək nəsillər üçün örnək olacaq.
Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarının ziyarəti davam etdirilir.
Keçidlər