27 sentyabr Anım Günüdür
27 sentyabr-Anım günündə Beyləqan şəhərində rəsmi tədbir Mədəniyyət parkında şəhidlərin xatirəsinə ucaldılan abidənin qarşısında keçirildi. Həmin gün açılışı baş tutan abidədə şəhər mərkəzindən olan Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin şəkilləri əks olunub. Mərasimində rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə hərbi orkestrin ifasında dövlət himni səslənib. Ehtiram əlaməti olaraq Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Giriş nitqi ilə çıxış edən icra başçısı 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb. Xalqımıza Qələbə sevinci yaşadan qəhrəman şəhidlərimizin əziz xatirələrinin əbədi olaraq yaşayacağını vurğulayan Asif Ağayev, şəhid ailələrinə və qazilərə həssas münasibət göstərməsinin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğı ilə yanaşdıqlarını vurğulayan icra başçısı, 27 sentyabr tarixinin Anım Günü kimi qeyd olunmasını bu diqqət və qayğının daha bir təzahürü olduğunu söyləyib. Çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra UGİM şagirdlərinin və şəhid övladlarının hazırladıqları şeir kompazisiyası səsləndirildi.