Beyləqan rayonunda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Beyləqan rayonunda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
May ayının 25-da Beyləqan rayon Gənclər Mərkəzində Beyləqan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə “Tariximizi unutmayaq” mövzusunda tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş və abidə önününə gül dəstələri qoyulmuşdur. Sonra tədbir Gənclər Mərkəzində davam etdirilmişdir. Tədbiri Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açaraq qeyd etdi ki, Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cumhuriyyəti dövründə qoyulmuşdur. Müsəlman Şərqində ilk Parlament Respublikası olan Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına örnək olmuşdur. Natiq vurğulamışdır ki, 100 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə olmuş, əsirlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdur. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə Respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
Natiq çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti haqqında söylədiyi fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir”. Cənab başçı Heydər Əliyev kursunun siyasi varisi, ölkə prezidenti cənab İlham Əliyevin də Azərbaycan Xalq Cümhuriyyətinə yüksək dəyər verdiyini qeyd etdi. Məhz buna görə də ölkə prezidentinin 16 may 2017-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalanmasını, 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə isə 2018-ci ili Cümhuriyyət ili elan etməsini xüsusi vurğuladı.Sonra məruzələr dinlənildi. “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun hakimiyyətinin Azərbaycanda bərqərar olunması” mövzusunda çıxış edən natiqlər öz çıxışlarında Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi yer tutduğunu qeyd etdilər. Müasir və müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu qeyd edən natiqlər bildirdilər ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının varlığını əbədi və dönməz etdi. Bu gün müstəqil Azərbaycan dövləti regionda qüdrətli dövlətə çevrilmişdir. Bu bizə deməyə əsas verir ki, yaxın gələcəkdə işğalda olan torpaqlarımız azad olacaq, müstəqil Azərbaycanın üçrəngli bayrağı Qarabağda dalğalanacaqdır.