29 yanvar 2024-cü il tarixdə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Bayramov Səddam Ələddin oğlunun doğum günü məzarı başında qeyd olundu.
29 yanvar 2024 | 10:07
Mərasimdə şəhidin yaxınları ilə yanaşı Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və qazilər də iştirak ediblər. Şəhidin ruhuna dualar oxunmuş, döyüş xatirələrindən söz açılmış, ehsan süfrəsi verilmişdir.
Səddam Bayramov 29 yanvar 2002-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. O, 29 yanvar 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmiş və şəhadətə yüksəlmişdir. 22 noyabr 2020-ci ildə doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində dəfn olunmuşdur.
Səddam Bayramov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə 24.06.2021-ci il tarixli Sərəncama əsasən ölümündən sonra “Cəsur döyüşçü” medalı, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik nümayiş etdirdiyinə görə 24.06.2021-ci il tarixli Sərəncama əsasən “Suqovuşanın azad olunmasına görə” medalı, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüşlərdə tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə isə 05.11.2022-ci il tarixli Sərəncama əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Beyləqan Rayon İcra Hakimiyyəti olaraq Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbr diləyirik!