Beyləqan rayon İcra hakimiyyətində təhsil işçiləri və ümumtəhsil məktəbi direktorları ilə görüş keçirilib
24 yanvar 2019-cu il tarixdə Beyləqan rayon İcra hakimiyyətinin akt zalında rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayevin rayonun təhsil işçiləri və ümumtəhsil məktəbi direktorları ilə görüşü keçirilmişdir. Yığıncağı İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ölkənin, o cümlədən regionların sosisal–iqtisadi inkişafı ilə bağlı apardığı işlərdən, təhsil sisteminin inkişaf etmiş dünya ölkələri təhsil sisteminə inteqrasiya edilməsi, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi sahəsində aparılan islahatlardan danışdı. Təhsil işçiləri qarşısında duran vəzifələri xatırlatdı. Rayonun təhsil sistemində son illər əldə olunan nailiyyətlərlə yanaşı, mövcud olan problemlərdən söhbət açdı. Sonra Beyləqan rayon Təhsil Şöbəsinin rəhbərliyi və məktəb direktorları təhsil sistemindəki mövcud durum, problemlər, o cümlədən əldə olunan nailiyyətlər haqqında məlumat verdilər.
İcra hakimiyyəti başçısı cənab Asif Ağayev çöx böyük səbr və təmkinlə hər kəsin fikir və təkliflərini dinlədi. Bildirdi ki, keçən az müddətdə digər sahələrlə yanaşı rayonun təhsil sistemi ilə tanış olub, bir sıra çətinlik və problemləri araşdırıb. Obyektiv səbəblərlə yanaşı çox təəssüf ki, subyektiv səbəblər də mövcuddur. Tövsiyə etdi ki, hər bir təhsil işçisi və rəhbəri fəaliyyətinə ciddi fikir versin, neqativ hallara son qoyulsun. Ölkə səviyyəsində təhsil sistemi qarşısına qoyulan tələblərə uyğun işini qurmağa səy göstərsin.
Sonda hər kəsə fəaliyyətlərində uğurlar, müvəffəqiyyətlər arzuladı. Ümid etdiyini bildirdi ki, Beyləqanda təhsil layiq olduğu səviyyəyə yüksələcəkdir.