Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

28 fevral 2019 | 16:00

28 fevral 2019-cu ildə Beyləqan şəhər Mədəniyyət Sarayında 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə  qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev məruzə ilə  çıxış etmişdir:

Qədim Beyləqanın tarixinə 13 fevral 2019-cu il qızıl həriflərlə yazıldı. Belə ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza tarixi səfər etdi. Səfər çərçivəsində bir neçə sosial-idman obyektlərinin və yolların açılışında iştirak edən, əhali ilə çox səmimi şəraitdə görüşən Ölkə Rəhbəri bir daha öz xalqının xidmətçisi olduğunu sübut edərək öz əməli ilə hər birimizə bir nümunə göstərdi.
Hamınıza məlumdur ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olduğunu nümayiş etdirir. Belə layihələrdən biri Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun  digəri isə Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisidir. Bu yollar ümumilikdə 48 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləsdirir. Sevindirici haldır ki, Dövlət başçısı həmin yolun rəmzi açılışını bildirən lenti kəsmişdir.
Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsini artırmaq, onların potensialını üzə çıxarmaq və ümumilikdə idmanın kütləviliyini artırmaq Ölkə Rəhbərinin daim diqqət mərkəzində olmuşdur. Məhz bu diqqət və qayğının bariz nümunəsidir ki, rayonumuzda Cənab Prezidentin sərəncamına uyğun olaraq, ümumi ərazisi 2.6 hektar, 820 tamaşaçı yeri, 50 yerlik müasir mehmanxanası, stolüstü tennis, bilyard, Şərq döyüş və trenajor, boks,  güləş zalları, üzgüçülük hovuzu olan və ölkəmizdə sayca 45-ci Olimpiya kompleksi istifadəyə verildi. Səfər çərçivəsində Prezident İlham Əliyev Beyləqan Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra idmançılarla görüşdü.
Şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından Tarix-Diyarşünaslıq Muzeylərinin müstəsna əhəmiyyəti vardır. Bu cür muzeylər həm də Azərbaycan tarixinin zənginliyini nümayiş etdirir. Bu baxımdan son dövrlərdə Azərbaycanda yeni muzeylərin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması işi geniş vüsət almışdır. Belə layihələrin icrası ölkəmizin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün müstəsna əhəmiyyətə malikdir. Sevindirici haldır ki, böyük tarixini özündə əks etdirən, ilk dəfə 1981-ci ildə yaradılan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyi də əsaslı şəkildə yenidən qurulan muzeylərin siyahısına daxil oldu. Səfər çərçivəsində Ölkə Rəhbəri cənab İlham Əliyev muzeyin açılışında iştirak etmiş, yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə və muzeydəki 6087 adda eksponatla tanış olmuşdur.
Azərbaycanın iqtisadi inkişafı Silahlı Qüvvələrin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bunu beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatları da təsdiqləyir. Bu nəticəyə isə hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olunub.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Beyləqan rayonun 13 hektar ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sektorda mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılmışdır. Bu sırada Beyləqan rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi prioritet məsələlərindən olmuşdur. Bu illərdə rayonda xeyli hava xətləri çəkilmiş, bir sıra kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənmişdir. Hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Səfər çərçivəsində Prezident İlham Əliyev rayonda yenidən qurulan 110/35/10 KV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak etmişdir.
Bu tarixi səfərin ən yadda qalan məqamlarından biri də Ölkə Rəhbərinin şəhərdə yerləşən Mədəniyyət və İstirahət parkında  istirahət edən rayon sakinləri ilə görüşü olmuşdur. Görüş ərəfəsində Cənab Prezident sakinləri dinləmiş, onların həyat şəraiti ilə maraqlanaraq müvafiq tapşırıqlar vermişdir. Əhali Ölkə rəhbərini hərarətlə qarşılamışlar.
Fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulan Prezident İlham Əliyev hər zaman qazanılan nailiyyətlərdən bəhs edərkən böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Elə bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanda Prezident xalqına güvənir, xalq isə öz liderinə inanır.  Hər bir addımını xalqın mənafeyinə uyğun atması cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb.
Daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezidentin iş tərzidir. İş qrafiki nə qədər zəngin və ağır olsa da, dövlət başçısı hər zaman xalqın marağını üstün tutaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Azərbaycan xalqı da həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub və hər zaman olacaqdır.
Saysız-hesabsız görüşləri, insanları səbirlə dinləməsi, onların hər bir məsləhətlərini, arzu və təkliflərini nəzərə alması Prezidentin həqiqətən hər bir azərbaycanlının sevimli rəhbəri olmasından xəbər verir. Bizim rayon sakinləri ilə keçirilən görüş buna bariz bir nümunə oldu. Bu görüş biz beyləqanlıların yaddaşından heç zaman silinməyəcək.
Ən qürurverici hallardan biri də Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi "İnstagram" səhifəsində  bütün beyləqanlılara Prezident cənab İlham Əliyevə göstərilən səmimi qəbula görə təşəkkürünü bildirməsidir.
İcazə verin öz adımdan və  rayon ictimaiyyəti adından Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkür və minnətdarlığımızı bildirim, onlara işlərində böyük uğurlar arzulayım.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 11-də 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Bu gün biz 2018-ci ilin yekunlarını müzakirə edəcək, 2019-cu ildə görüləcək işlər  haqqında danışacağıq.
Ölkəmizin prezidenti cənab İlham Əliyev iclasdakı nitqində bildirmişdir ki, dünyada və bölgədə təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi “sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda dövlətin apardığı məqsədyönlü siyasətdir”.
2018-ci ildə regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa çatmışdır. Bizə məlumdur ki, son 15 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmiş, ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. İqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir.
Dövlətimizin başçısı çıxışında xarici siyasət sahəsində ötən ilin uğurlu olduğunu bildirmişdir. 2018-ci ildə Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 xarici dövlətə səfər etmiş, 16 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli daxili və xarici siyasəti vardır. Həmçinin cənab Prezidentin çıxışında ötən ilin önəmli hadisələrindən olan üçüncü peykin orbitə buraxılması, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsinin işə düşməsi, ölkəmizi nəqliyyat mərkəzinə çevirmək üçün Ələt Beynəlxalq Ticarət Limanının öz işinə başlaması bizim tarixi uğurlarımız kimi artıq özünü dünyada təsdiqlətdi. 
Ölkə başçısı çıxışında iqtisadiyyatımızın 2018-ci ildə də uğurla inkişaf etdirildiyini bildirmiş, ümumdaxili məhsul, yəni iqtisadi artım 1,4 faiz olmuş, qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artmışdır.
İnfilyasiya cəmi 2,3 faizdir. Əhalinin pul gəlirləri 9,2 faiz, kənd təsərrüfatı 4,6 faiz artıb. Ölkə iqtisadiyyatına ötən dövr ərzində 17,2 milyard manat sərmayə qoyulmuşdur ki, bu sərmayənin 11 miyard manatdan çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu gün ölkəmizin valyuta ehtiyatları artaraq 45 milyard dollar olmuş, eyni zamanda böyük investisiya layihələrinə, infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə vəsait qoyulmuşdur. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Qeyd edilməlidir ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində energetika, içməli su və kanalizasiya, kənd təsərrüfatı, avtomobil yolları, nəqliyyat və  digər sahələrdə yüksək nəticələr əldə olunmuşdur. Ölkə iqtisadiyyatının inkişaf dinamikası iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin sosial rifahının yüksəldilməsi  üçün zəruri tədbirlər həyata keçirilmişdır. 2018-ci ildə ölkəmizdə 118 min yeni iş yerləri yaradılmışdır.
“Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq Beyləqan rayonunda kənd təsərrüfatının və sənayenin inkişafı Ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərinin yaxşılaşdırılması, aqrar sektorun meliorasiya-irriqasiya və digər infrastrukturun təminatı, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin inkişafı və  yeniləşməsi kimi həlli vacib olan mühüm tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlərin icrası istiqamətində görülən işlər  sayəsində rayonun  sosial-iqtisadi inkişafında müəyyən irəliləyişlərə nail olunmuşdur.
Hesabat dövründə Beyləqan şəhərində xeyli işlər görülmüşdür. Belə ki, rayon mərkəzində Mədəniyyət və istirahət parkının ərazisində Böyük Vətən müharibəsində  (1941-45-ci illərdə) həlak olmuş həmvətənlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün ucaldılmış abidə kompleksi əsaslı təmir edilərək 146,6 kv.m qranit piltələrlə üzlənmişdir. Bununla yanaşı Mədəniyyət və istirahət parkının ərazisində geniş abadlıq işləri aparılaraq əraziyə 3000 kvm dekorativ üzlük daşları döşənmiş, müasir işıqlandırma qurğuları quraşdırılmış, yeni fəvvarə tikilmiş və geniş yaşıllaşdırma tədbirləri aparılmışdır. Eyni zamanda Mədəniyyət və istirahət parkının ərazisində yerləşən min tonluq tutumu olan fəvvarə əsaslı təmir olunaraq işlək vəziyyətə gətirilmişdir.
Bu dövrdə şəhərin Səttar Bəhlulzadə, Əhməd Cavad, Mirzə Şəfi Vazeh, Əzim Əzimzadə, Zəlimxan Yaqub, Mikayıl Müşfiq, Nəbi Xəzri və digər  küçələrində rayon büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ümumilikdə 20603 kv.m sahədə yeni asfalt örtüyü salınaraq əhalinin gediş-gəlişi yaxşılaşdırılmışdır.
Bu dövrdə Azərbaycan Respublikası Prezidentinin sosial iş yerlərinin yaradılması tədbirlərinə uyğun olaraq 50 müvəqqəti iş yerləri yaradılaraq Şərq qəsəbəsində 7 binanın 2184 kv.m dam örtüyü şifer örtüyü ilə əvəzlənmiş, fasad hissələri, pilləkən qəfəsəsi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Bununla yanaşı rayon mərkəzində, RTS və Mil qəsəbələrində yerləşən və Mənzil İstismar sahəsinin balansında olan 10 çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin 1721 kv.m hissəsi cari və əsaslı təmir işləri aparılaraq əhalinin mənzil şəraitinin yaxşılaşdırılması təmin olunmuşdur.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (2014-2018-ci illər) abadlıq və quruculuq işlərinin icrası ilə bağlı son aylarda başlanmış abadlıq və quruculuq işləri onu deməyə əsas verir ki,  şəhərin siması  yaxın zamanlarda əhəmiyyətli dərəcədə dəyişərək inkişaf etmiş şəhərlər sırasına qoşulacaqdır. Hesabat dövründə Bəhrəmtəpə-Ağcəbədi magistralından Beyləqan şəhəri istiqamətinə gələn və yeddi yaşayış məntəqəsini əhatə edən respublika əhəmiyyətli avtomobil yolu əsaslı təmir edilmiş, yolun üzərində yerləşən Birinci Aşıqlı kəndinin girişini bildirən müasir memarlıq üslubunda Panno tikilərək ətrafında abadlıq işləri aparılmışdır.  Bununla yanaşı əhalinin gediş-gəlişinin yaxşılaşdırılması üçün şəhərin Magistral, M.Ə.Rəsulzadə, Akif Əkbərov, Zərifə Əliyeva, Gəray Əsədov, Fərman Kərimzadə küçələrində 20 min kvm-dən artıq yeni asfalt örtüyü salınmış, küçələrin kənarlarında 2500 paqonometr bardurlar düzülmüş, həmin küçələrin barıları mişar daşından tikilərək 1800 kvm hissəsi müasir üslubda qaya daşları ilə üzlənmişdir. Hazırda bu istiqamətdə başlanmış işlər davam etdirilir. 
Hesabat dövründə tikinti-quruculuq işləri ilə yanaşı şəhərin küçə və meydanlarında təmizlik və yaşıllaşdırma işləri diqqət mərkəzində saxlanılmışdır. Belə ki, iməcliklər yolu geniş yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. İməcliklər zamanı rayonun görüş adlandırılan istiqamətindən rayon mərkəzinə qədər olan  11 km ərazidə İDEA ictimai birliyinin təşəbbüsünə qoşulan beyləqanlılar 9700 ədəddən çox qiymətli ağac və gül kolları əkmişdir. Hal-hazırda həmin yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi,  habelə digər küçə və meydanlarda təmizlik, abadlıq və yaşıllaşdırma  işlərinin aparılması davam etdirilir. 
2018-ci ilin təsərrüfat ilində şəhər yaşıllaşdırma sahəsi rayon mərkəzində 2017-ci ilə nisbətən 18,3 ha az, yəni 30 hektar yaşıllıqlara xidmət göstərmiş, parklarda və küçələrdə olan ağaclarda budama işləri aparılmış, ağacların gövdə hissəsi ağardılmışdır. Hesabat dövrü ərzində 1700 ədəd qızıl gül çiliyi, 1500 ədəd həmişəyaşıl yetişdirilmiş, 250 ədəd Sərv tingi alınıb əkilmişdir.  Şəhər ərazisində 4000 m2 ərazidə vaxtı keçmiş qazon ot örtüyü təmizlənərək yenidən bərpa edilmişdir. 2019-cu təsərrüfat ilində şəhər yaşıllaşdırma sahəsi 25,3 ha sahədə yaşıllıqlara xidmət göstərməsi, 800 m2 ərazidə qazon ot örtüyü salınması, 3500 ədəd qızıl gül və həmişəyaşıl tingləri əkilməsi və yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən şəhər yaşıllaşdırma sahəsinin rəhbərliyi bütün imkanlarını səfərbər etməklə mövcud yaşıllıqların qorunub saxlanılmasını və yeni yaşıllıqların salınmasını təmin etməlidir.
2018-ci ildə rayonda  ümumi məhsul buraxılışı və xidmətlərinin dəyəri 2017-ci ilə nisbətən 33,1 milyon manat artaraq 281,5  milyon manat təşkil etmişdir. Hesabat dövründə istifadəyə verilmiş əsas fondlar və əsas kapitala yönəldilən investisiyanın həcmi 13,1 milyon manat artaraq 87,6 milyon manata çatdırılmışdır. Sənaye məhsullarının istehsal həcmi ümumdaxili məhsulun 9,7 faizini təşkil edərək, 27,4 (23,1) milyon manat olmuşdur. Hesabat ilində pərakəndə əmtəə dövriyyəsi 159,1 (153,9) milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 28,8 (28,0) milyon manat olmuşdur. Orta aylıq əmək haqqı 270,1 manat təşkil etməklə, adam başına düşən pərakəndə əmtəə dövriyyəsi 1614,3 (1575,6) manat olmuşdur. Bu dövrdə nəqliyyat xidmətlərinin həcmi 3,2 milyon manat, rabitə xidmətlərinin həcmi 867,2 (784,1) min manat, ticarət xidmətlərinin həcmi isə 52,7 (49,2) milyon manat təşkil etmişdir.
İstehsal olunmuş məhsulların həcmində kənd təsərrüfatı məhsulları 110,9 (98,6) milyon manat, o cümlədən bitkiçilik məhsulları 52,8 (43,3) milyon manat, heyvandarlıq məhsulları isə 58,1 (55,2) milyon manat təşkil etmişdir.  İstehsalın bütün növləri üzrə artması açılmış iş yerlərinə də öz müsbət təsirini göstərmiş, 2017-ci il ərzində ümumilikdə 14572 (12820) iş yeri açılmışdır. Açılmış iş yerlərinin 1232-i (1087) daimi iş yerləri, 13340-ı isə mövsümü iş yerləri olmuşdur.
2018-ci il ərzində rayon sakinləri tərəfindən ümumi sahəsi 12992 (11984) kv.m olan 116 (107) fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş və nəticədə adam başına düşən mənzil sahəsi 2017-ci ilə nisbətən 0,1 kv.m  artaraq 14,6 kv.m təşkil etmişdir.
Rayonun sosial-iqtisadi və mədəni həyatında əldə olunan uğurlu nəticələr demoqrafik göstəricilərdə özünü göstərmiş, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin sayı 1161 (117 nəfər miqrasiya artımı) nəfər artaraq  98,6 min nəfərə çatmışdır. Hesabat dövrü ərzində 1594 körpə doğulmuş, 562 nikah bağlanmışdır. Bu dövrdə 132 boşanma halı qeydə alınmış, 534 nəfər dünyasını dəyişmişdir. Məlum hadisələrlə əlaqədar olaraq rayon ərazisində 435 nəfər qaçqın və 12420 nəfər məcburi köçkün məskunlaşmışdır.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (2014-2018-ci illər) eləcədə “Əhalinin fasiləsiz ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda (2008-2015-ci illər) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 1907 nömrəli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsi vəsaiti hesabına əkilən hər bir hektar üçün əlavə 40 manat yardım verilməsi, yüksək reproduksiyalı toxum materialının istehsalı və satışına görə hər kq-a 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması, xam pambıq istehsalının hər kq-a görə 0,10 manat verilməsi, süni mayalanma nəticəsində doğulan hər buzova görə 100,0 manat əlavə vəsaitin ayrılması, bütün kənd təsərrüfatı məhsullarının istehsalında  2018-ci ildə 2017-ci ilə nisbətən müsbət dinamika əldə edilməsinə stimul yaratmışdır.
Hesabat dövründə  rayonda 13903 hektar sahədə buğda əkilmiş,  hər hektardan 35,0 sentner olmaqla 48356 ton buğda istehsal olunmuşdur. Bu 2017-ci ilin göstəricisindən 3071 ton çoxdur. Bu dövrdə eyni zamanda 1543 hektar sahədə arpa əkilərək hər hektardan 29,0 sentner olmaqla 4437 ton (+451) arpa istehsal olunmuşdur.
2019-cu ilin məhsulu üçün 13463 hektar sahədə payızlıq dənlilər səpini aparılmışdır. Bunun 11148 hektarı buğda, 1765 hektarı arpa, 550 hektarı isə payızlıq arpa (xəsil) əkinləridir. Torpaq mülkiyyətçiləri tərəfindən  sahələrə düzgün və kompleks aqrotexniki yanaşma bu ildə bol məhsul tədarük olunacağından xəbər verir.
“Azərbaycan Respublikasında Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” rayonda pambıqçılığın inkişafına ciddi stimul yaratmış, fermerler və torpaq mülkiyyətçiləri tərəfindən  2018-ci ildə rayon üzrə 2017-ci illə müqaisədə 1010 hektar artıq ərazidə, yəni 9560 hektar sahədə pambıq əkilmişdir. Həmin torpaqların 3207 hektarını dövlət fonduna, 1189  hektarını bələdiyyə fonduna, 5164 hektarını xüsusi mülkiyyətə aid torpaqlar təşkil etmişdir. Əkin sahələrində aqrotexniki tədbirlərin tam və vaxtında həyata keçirilməsi, nəticədə hər hektardan orta hesabla 22,9 sentner olmaqla, ümumilikdə rayon üzrə 21,9 min ton pambıq istehsalına şərait yaratmışdır. Bu göstərici 2017-ci ilə nisbətən hər hektardan istehsal olunan məhsula görə 4,5 sentner və ya ümumi məhsuldan 6,2 min ton çoxdur.
2018-ci ildə pambıq istehsalından yaxşı nəticələr əldə edən mülkiyyətçilərimiz 2019-cu ilin təsərrüfat ilinə daha əzmlə başlamışlar. Qeyd edim ki, cari ildə 9200 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. Lakin Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin fevral ayının 13-də  rayonumuza səfəri zamanı rayon sakinləri ilə görüşərkən beyləqanlıların pambıqçılıqda yaxşı ənənələrinin olmasını bildirməsi mülkiyyətçilərimizdə ciddi stimul yaratmış və artıq 9550 hektar sahədə pambıq əkilməsi məqsədi ilə müqavilələr bağlanmışdır. Təqdirəlayiq haldır ki, pambıq əkiləcək torpaq sahələrinin hamısı suvarılan münbit torpaqlardır və xüsusi mülkiyyətə aid torpaqlar  bağlanmış müqavilələrin 81,2 faizini təşkil edir. Qalan torpaqların 1350 hektarı dövlət fonduna, 340 hektarı isə bələdiyyə fonduna aid torpaqlardır.
Heyvandarlığın yem bazasının gücləndirilməsi məqsədi ilə hesabat dövründə 864 hektar sahədə soya əkilmiş və 2186 ton  (4083) məhsul istehsal edilmişdir. Bu dövrdə 493 hektar sahədə şəkər çuğunduru əkilərək 16063 (16446) ton şəkər çuğunduru, 694 hektar sahədə qarğıdalı əkilərək  5263 (11796) ton dən üçün qarğıdalı istehsal olunmuşdur.  Hesabat dövründə 382 hektar sahədə kartof əkilərək 3720 (3698) ton kartof, 1285 hektar sahədə tərəvəz əkilərək 36843 (23460) ton tərəvəz, 416 hektar sahədə bostan məhsulları əkilərək 4922 (6226) ton bostan məhsulları və 102 hektar üzüm bağından  2210 (1340) ton üzüm  istehsal olunmuşdur.
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Heyvandarlıq isə kənd təsərrüfatı məhsullarının əsas sahəsidir. Son illər heyvandarlıqda əsasən heyvanların baş sayının deyil, sürünün cins tərkibinin yaxşılaşdırılması prioritet təşkil etmiş, bu sahədə görülmüş stimullaşdırıcı tədbirlər heyvandarlıq məhsullarının istehsalına müsbət təsir etmişdir.
Hesabat dövründə rayonda diri çəkidə 7982 (7949) ton ət, 39621(39573) ton süd, 19719 (19640) min ədəd yumurta, 590 (589) ton yun istehsal edilmişdir. İri buynuzlu mal-qaranın baş sayı 58936 (58785) başa çatdırılmış, qoyun və keçilərin baş sayı isə 300012 (300803) baş təşkil etmişdir. Bu dövrdə rayonun fərdi təsərrüfatlarında quşların baş sayı 588 baş artaraq 470921 başa çatdırılmışdır.
Hazırda rayonda kənd təsərrüfatı məhsullarının istehsalına xidmət edən 14 Sudan istifadəedənlər birliyi, 1 Toxumçuluq müəssisəsi, 14 Süd tədarük və ilkin emalı məntəqəsi, 9 süni mayalanma məntəqəsi, 2 Pambıq təmizləmə zavodu, 1 Aqroservis müəssisəsi mövcuddur.
Rayon ərazisində hazırda  epizoodik vəziyyət sabitdir, hesabat dövründə heyvandarlıq təsərrüfatlarında  heç bir yoluxucu xəstəlik qeydə alınmamışdır. Rayon Baytarlıq idarəsi tərəfindən bu sahədə təsdiq olunmuş plan əsasında mütəmadi olaraq   profilaktik epizoodik tədbirlər davam etdirilir.
Respublikada sahibkarlığın inkişafına göstərilən dəstək rayonumuzda da prioritet məsələ kimi daim nəzarətdə saxlanılmışdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  2018-ci ildə rayonun sahibkarları tərəfindən müvəkkil banklara təqdim olunmuş 10 layihə müsbət qiymətləndirilmiş və həmin layihələrin icrasına  98000 manat kredit ayrılmışdır. Həmin layihələrin icrası 12 yeni iş yerinin açılmasına səbəb olmuşdur. Qəbul olunmuş layihələrin hamısı  kənd təsərrüfatı təyinatlı layihələrdir.
Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 06 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin  müvafiq müddəlarına  uyğun olaraq əhalinin suvarma suyu ilə təmin olunmasını yaxşılaşdırmaq məqsədilə 2018-ci ildə görüləcək işlər barədə Tədbirlər planı hazırlanmış və il ərzində ardıcıllıqla həyata keçirilmişdir. Hesabat ilində tədbirlər planına uyğun olaraq Əhmədli, Tatallar, Allahyarlı, Birinci Aşıqlı, Qaralılar, Kəbirli, Şəfəq, Əlinəzərli, İkinci Şahsevən, İkinci Aşıqlı, Birinci Şahsevən, Yuxarı Aran, Qəhrəmanlı, İmamverdili, Yuxarı Çəmənli və digər yaşayış məntəqələrində ümumilikdə 681,6 km (+188km) suvarma kanalları və arxları lildən təmizlənmişdir.  Eyni zamanda həmin kanalların və arxların üzərində olan 200 ədəd hidrotexniki qurğular cari və əsaslı təmir edilmişdir. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində 2018-ci ildə havaların quraqlıq keçməsinə baxmayaraq kənd təsərrüfatı məhsulları, xüsusilə  pambıq əkən fermerlərimiz suvarma suyunun verilməsində ciddi çətinliklərlə üzləşməmişdirlər. 2019-cu ilin təsərrüfat ili üçün Suvarma Sistemləri İdarəsində yaradılmış komissiya tərəfindən rayonunun bütün kənd və qəsəbələrində suvarma suyu arxlarının vəziyyətinə baxış keçirilmiş, yerli əhalinin təklif və rəyləri nəzərə alınaraq cari ili üçün tədbirlər planı hazırlanmışdır. Hazırda təsdiq olunmuş tədbirlər planına uyğun olaraq yerlərdə su kanallarının və arxlarının lildən təmizlənməsinə başlanılmışdır.            
Beyləqan rayonu Meliorasiya idarəsi tərəfindən, 2017-ci ilin sonunda  rayonun yaşayış məntəqələrində mövcud dren-kollektor şəbəkələrindəki problemlər öyrənilərək 2018-ci ilin tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Tədbirlər planına uyğun olaraq hesabat dövründə  Birinci Aşıqlı, Kəbirli, Birinci Şahsevən, İmamverdili, İkinci Aşıqlı, Dünyamalılar, Yeni Mil, Əhmədli, Qaralılar, Bünyadlı və s. yaşayış məntəqələrində, ümumilikdə 214 km (+48 km) uzunluqda kollektor-dren şəbəkəsi lildən təmizlənmiş, 33 ədəd körpü keçidində cari təmir işləri görülmüşdür. 2019-cu ilin Tədbirlər planının hazırlanması üçün 2018-ci ilin sonunda rayon Meliorasiya idarəsinin mütəxəssisləri tərəfindən ərazilərdə kollektor-dren şəbəkələrinə baxış keçirilmiş, ümumilikdə 200 km uzunluğunda dren şəbəkəsinin lildən təmizlənməsi  məqsədilə Tədbirlər planı hazırlanaraq təsdiq olunmuşdur.  Hesabat ilində Meliorasiya İdarəsi tərəfindən adı çəkilən tədbiurlərin həyata keçirilməsinə baxmayaraq Mil, Yeni Mil və Milabad qəsəbələrində, habelə Allahyarlı kəndində və Beyləqan bələdiyyəsinə aid torpaq sahələrində qrunt sularının səviyyəsinin qalxması torpaq mülkiyyətçilərini ciddi çətinliklərlə üzləşdirmişdir
Odur ki, Meliorasiya idarəsinin rəhbərliyi qeyd olunan problemlərin həlli üçün müvafiq tədbirlər görməli və  aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırmalıdır.
Beyləqan Elektrik şəbəkəsi, Bu sahədə əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatı ən vacib amillərdən biri olmuşdur. Ölkə prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri zamanı onun xeyir-duası ilə tamamilə yenidən qurulmuş 110/35/10 kv.luq yarımstansiyanın açılması bu sahədə olan problemlərin tamamilə aradan qaldırılmasına imkan verəcəkdir.
Şəbəkə tərəfindən hesabat dövründə rayon ərazisində əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki,  yanıb sıradan çıxmış müxtəlif güclərdə olan 74 ədəd elektrik transformatorları cari, 13 ədəd transformatorları isə əsaslı təmir olunmuşdur. Bu dövrdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə 10 kv-luq hava xətlərində 5000 metr istismara yararsız naqillər yenisi ilə əvəz edilmiş, 20 ədəd istismara yararsız ağac dayaqlar dəmir beton dayaqla əvəz olunmuşdur. Birinci Şahsevən kəndində itkilərin azaldılması, abonentlərin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün  hava xətlərində 1670 ədəd 04 kv-luq dəmir dayaq və 32410 metr  SİP kabel,  Qəhrəmanlı qəsəbəsində 2500 metr SİP kabel, Beyləqan şəhərində 580 ədəd 04 kv-luq dəmir dayaq basdırılmış, 24700 metr SİP kabel çəkilmişdir. Bununla yanaşı rayonun Qaralılar kəndində 04 kv-luq xətlər tamamilə yeni SİP kabellə əvəz olunmuşdur. Hazırda 2019-cu ilin tədbirlər planına  uyğun olaraq  rayonun Türklər qəsəbəsi, Kəbirli, Birinci Şahsevən və Bünyadlı kəndlərində əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər davam etdirilir və Təzəkənd, Mil, Əhmədli, Aşıqalılar, Yuxarı Çəmənli, Qaradağlı, Aşağı Çəmənli, Milabad eləcə də Şərq yaşayış məntəqələrində elektrik xətt təsərrüfatının yenilənməsi istiqamətində müvafiq tədbirlər görülür. Bu sahədə görülmüş tədbirlər nəticəsində daxil olan faydalı enerjinin ödənişi 99,8 faiz təşkil etmişdir. Bu 2017-ci ilin göstəricisindən 4,9 faiz artıqdır. 
Beyləqan Sukanal idarəsi rayon mərkəzində 4842 abonentə xidmət edir. Beyləqan rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması məqsədi ilə abonentlərə 3772 ədədi Smart tipli olmaqla  4603 ədəd sayğac quraşdırılmışdır. Hesabat dövründə idarə tərəfindən mövcud abonentlərə xidmət göstərmiş, 2017-ci ilə nisbətən müraciətlərin sayı 2 dəfə azalmış, qaldırılan  63 məsələyə yerində baxılaraq həll olunmuşdur. 2019-cu ildə rayon mərkəzində mərkəzləşdirilmiş kanalizasiya sisteminin təmizləyici qurğusunun tikintisi, habelə rayonun Aşağı Çəmənli, Mil, Milabad, Yeni Mil, Tatalılar, Qaralılar və Dünyamalılar yaşayış məntəqələrində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə hazırlanmış 8 layihənin icrası nəzərdə tutulmuşdur.
Beyləqan rayonu “37 saylı Yol İstismarı” MMC-i,  2018-ci il ərzində xidmət etdiyi avtomobil yollarında tədbirlər planına uyğun olaraq cari təmir işləri yerinə yetirmişdir.  Hesabat dövründə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi İnkişafı Dövlət proqramı”nın icrasına, habelə yerli əhəmiyyətli avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi tədbirlərinə uyğun olaraq 8 yaşayış məntəqəsini birləşdirən 22 min əhalinin yaşadığı “Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolu” və 7 yaşayış məntəqəsini “Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu”nun 137-ci km ilə birləşdirən, 20,6 km uzunluqda respublika əhəmiyyətli avtomobil yolu tamamilə yenidən qurulmuşdur. Qeyd olunan bu yollar cari ilin fevral ayının 13-də Ölkə prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri zamanı açılmış və əhalinin istifadəsinə verilmişdir. Bununla yanaşı cəmiyyətin balansında olan digər yollarda nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə tərtib olunmuş tədbirlər planına uyğun olaraq yol örtüyündə əmələ gəlmiş çalalarda cari təmir işləri aparılımışdır. Hesabat dövründə yol kənarlarındakı dirəklərə 130 ədəd işıq əks etdirici pərdə yapışdırılmış, 170 yeni siqnal dirəyi basdırılmışdır. Eyni zamanda Beyləqan-Təzəkənd-Kəbirli avtomobil yolunda cari təmir işləri, Bünyadlı-Gödəklər-Qaralılar-Sarısu qəsəbəsinin giriş yollarında isə  avtoqreyderlə hamarlama işləri aparılmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
Beyləqan rayon Telekommunikasiya Qovşağı tərəfindən 2018-ci ildə vətəndaşlara 279 (+7) yeni telefon xətləri çəkilərək abonentlərin sayı 9183-ə çatdırılmışdır. Bu dövrdə əhaliyə göstərilən rabitə və informasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə rayonun Şəfəq, Birinci Şahsevən, Mayak, Dünyamalılar və Şərq  yaşayış məntəqələrində internetin keyfiyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülmüşdür.
Qovşaq üzrə 2018-ci il ərzində tarif gəlir proqnozu 900,0 min manata qarşı 980,0 min manat olmaqla 122,5 faiz yerinə yetirilmişdir. Bu 2017-ci ilin göstəricisindən 34 min manat və ya 3,9 faiz çoxdur. Görülmüş işlərlə yanaşı bu sahədə həlli gözləyən problemlər də qalmaqdadır. Belə ki, Xaçınabad kəndinin telefonlaşdırılmaması, Əmirzeyidli kəndində yeni qovşağın tikilməsinə baxmayaraq avadanlıqların quraşdırılmaması səbəbindən internetə çıxışın olmaması, xətt təsərrüfatının əksər yaşayış məntəqələrində uyğun olmayan qaydada çəkilməsi qeyd olunan problemlər sırasındadır. Odur ki, telekommunikasiya qovşağının rəhbərliyi qeyd olunan problemlərin həlli məqsədi ilə aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalı və daxili imkanları hesabına xətt təsərrüfatında vaxtlı vaxtında cari təmir tədbirlərini həyata keçirməlidir.
      Beyləqan Poçt Filialı, 2018-ci ərzində ayrı-ayrı xidmət sahələrinin inkişafında və xidmətə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Poçt Filialı qarşısında duran əsas vəzifələr, maliyyə-iqtisadi, texniki və istismar göstəricilərinin icra vəziyyəti normativlərdən yüksək olmuşdur. 2018-ci ildə əldə olunan gəlir proqnozuna 101,2 faiz əməl olunaraq 329,8 min manat vəsaitin cəlb olunması təmin olunmuşdur. Bu ötən ilin göstəricisindən 3,4 dəfə və ya 243 min manat çoxdur. 
Ölkədə gedən sosial-iqtisadi inkişaf rayonumuzda da uğurla həyata keçirilir. Bu baxımdan rayon Təhsil şöbəsi təhsilin inkişafı istiqamətində fəaliyyətini yenidən qurmağa, təhsil sisteminin qarşısına qoyulan tələblərin yerinə yetirilməsinə çalışmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirinin 14 avqust 2018-ci il tarixli, F-55 nömrəli Əmri ilə 2018-2019-cu illər “Ümumi təhsildə keyfiyyət ili”nin davamı elan edilmişdir. Rayon ümumtəhsil məktəblərində təhsilin keyfiyyətini yüksəltmək məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, rayon Təhsil şöbəsinin müdiri Rüstəmova Xuraman Müzəffər qızı işdə yol verdiyi ciddi nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının 22 noyabr 2018-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir.
Hazırda rayonda 54 ümumtəhsil məktəbi fəaliyyət göstərir və bu məktəblərdə təhsil alan 14565 nəfər şagirdin təlim tərbiyəsi ilə 1724 nəfər müəllim məşğul olur.
Gənclərin vətənpərvər ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərin qorunması və yaşadılması respublikanın tarixi yerlərinin, abidələrinin təbliği və gənclərin maarifləndirilməsi  məqsədilə Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə 2010-cu ildən başlayaraq hər il “Ölkəmizi tanıyaq” tur aksiyası həyata keçirilir. Bu layihə çərçivəsində 2018-ci il ərzində  rayonumuzun 40 nəfər məktəblisinin 2 dəfə Respublikanın “Quba, Qusar, Xaçmaz” və “Şəki, Zaqatala, Qəbələ” şəhərlərinə səfəri təşkil edilmişdir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq rayon ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər çərçivəsində 8-11-ci sinif şagirdləri arasında keçirilən müsabiqədə qalib olan Bahar qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi Salmanlı Ümbül respublika mərhələsində rayonumuzu uğurla təmsil etmişdir. “Ədəbiyyat birinciləri” müsabiqəsində 1 nəfər qalib şagirdimiz Respublika turunda iştirak etmiş və 2-ci yerə layiq görülmüşdür.
2018-ci ildə rayonun təhsil müəssisələrinin 9-cu sinfini 984 nəfər bitirmiş, 11-ci siniflər üzrə 717 nəfər atestat almışdır. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə Yuxarı Aran qəsəbə tam orta məktəbinin məzunu Adil Məhərrəmli - qızıl, Qəhramanlı qəsəbə tam orta məktəbinin məzunu Mürvət Usublu isə - gümüş medalla təltif olunmuş,  ümumilikdə 9-cu sinif üzrə 9 nəfər, 11 sinif üzrə 17 nəfər fərqlənmə atestatı ilə təhsilini başa vurmuşdur.
2017-2018-ci il buraxılışı məzunlarından 448 nəfər ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd vermiş, bunlardan 265 nəfəri (241) ali təhsil müəssisələrinə qəbul olmuşdur. Qəbul olan 12 məzun 600-dən, 25 məzun isə 500-dən yuxarı bal toplamışdır. Yuxarı Aran qəsəbə tam orta məktəbinin məzunu Məhərrəmli Adil 685 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmişdir. Məzunların ali məktəblərə qəbul faizi  2017-ci ilə nisbətən 2018-ci ildə 3,1 faiz artaraq 40,8 faiz təşkil etmişdir. 
Hesabat dövründə rayon ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi və təmiri istiqamətində bir sıra tədbirlər görülmüşdür. Belə ki,  Təzəkənd və Günəşli kənd tam orta məktəblərində cari təmir işləri aparılmış, Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə Sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Xalac kənd tam orta məktəbinin binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılmışdır. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 27 mart 2018-ci il tarixli Sərəncamı ilə respublikanın 5 rayonunda 12, o cümlədən rayonumuzda  Gödəklər və Əhmədli kəndlərində 96 yerlik modul tipli məktəb binalarının tikintisi nəzərdə tutulmuşdur.  Qeyd edim ki, modul tipli məktəblərin hər ikisinin tikintisi başa çatdırılaraq cari ilin fevral ayının 18-də müəllim və şagirdlərin istifadəsinə verilmişdir. 
  Mədəniyyət və Turizm nümayəndəliyi. Ölkə Prezidentinin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cumhuriyyəti ili elan edilməsi haqqında” Sərəncamın icrası məqsədilə rayonunun mədəniyyət müəssisələrində bir çox silsilə tədbirlər hazırlanıb həyata keçirilımişdir. Eyni zamanda “1918 -ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli, 3587 saylı Sərəncamına əsasən hazırlanmış tədbirlər planının icrası məqsədilə rayonun Mədəniyyət müəssisələrində soyqırıma həsr olunmuş anım tədbirləri, dəyirmi masalar, konfranslar, foto, kitab və rəsm sərgiləri, sənədləri filimlərin nümayişi təşkil olunmuşdur.
Bununla yanaşı respublikamızın ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən tarixi günlərin və dövlət bayramlarının keçirilməsini özünün əsas vəzifəsi hesab edən rayon Mədəniyyət nümayəndəliyi tədbirlər planına uyğun olaraq hesabat dövründə silsilə tədbirlər həyata keçirmişdir. Bu dövrdə qanlı 20 Yanvar hadisəsinin 28-ci il dönümü və Xocalı faciəsinin 26-cı il dönümü ilə bağlı geniş tədbirlər keçirilmişdir.
Hər il mütəmadi olaraq keçirilən Novruz Bayramı 2018-ci ildə də öz rəngarəngliyi və milli adət-ənənələrimizin nümayişi baxımından yadda qalan olmuşdur. Rayonun mədəniyyət və istirahət parkında “Yurduma bahar gəlir” adlı teatrlaşdırılmış el şənliyi təşkil edilmiş, rayon mərkəzi ilə yanaşı bütün kənd və qəsəbələrimizdə Novruz şənliyinin keçirilməsi təmin edilmişdir. Mədəniyyət müəssələrinin maddi texniki bazalarının möhkəmləndirilməsi sahəsində də bir sıra məqsədyönlü işlər görülmüşdür.
Hesabat dövrü ərzində rayonun mədəniyyət və turizm nümayəndəliyi digər tədbirlərlə yanaşı 30 dəfə cəbhə bölgəsində və sərhəd zastavalarında olaraq əsgər və zabitlər qarşısında konsert proqramları ilə çıxışlar etmiş, mədəniyyət işçilərinin əməyi hərbi hissələrin komandanlığı tərəfindən fəxri fərman və diplomlarla mükafatlandırılmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibəti ilə “Tarixi yaradan insan” adlı dəyirmi masalar, “Dahi şəxsiyyət müasir və müstəqil Azərbaycan dövlətinin memarıdır” adlı elmi praktiki konfrans və sərgi təşkil edilmiş, Ulu öndərin həyatını əks etdirən filmlər nümayiş etdirilmişdir. Xalq Cümhuriyyətinin 100 illiyi, Milli qurtuluş günü, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibəti ilə ədəbi bədii kompozisiyalar keçirilmişdir. Hesabat dövrü ərzində mərkəzləşdirilmiş kitabxana sisteminə 2338 ədəd latın qrafikalı, 21 ədəd digər dillərdə dünya və azərbaycan yazarlarının kitabları verilmişdir ki, bu da kitabxanaya gələn oxucuların say tərkibinin artmasına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədilə rayonda yaradılmış təbliğat qruplarının yerlərdə, o cümlədən Heydər Əliyev Mərkəzində, müəssisə və təşkilatlarda mütəmadi olaraq ideoloji işin təşkili, eləcə də ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində bir çox tədbirləri həyata keçirilmişdir. Hesabat ilində Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin 24 nikah mərasimi təntənəli surətdə qeyd edilmişdir.
Gənclər və İdman İdarəsi.  Bu sahədə ən yadda qalan və əlamətdar hal təbii ki, rayonumuzda Beyləqan Olimpiya kompleksinin tikilməsi və Ölkə prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri zamanı həmin kompleksi açaraq Beyləqan idmançıları ilə görüşməsi və kompleksin onların istifadəsinə verilməsidir.
Beyləqan rayon Gəclər və İdman idarəsi ölkədə gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illər” Dövlət Proqramının rayonda yeniyetmə və gənclər arasında icrasını təmin etmək məqsədilə 2018-ci il üçün təsdiq olunmuş perspektiv iş planına uyğun olaraq, istər gənclər, istərsə də bədən tərbiyəsi və idman sahələrində hesabat ili ərzində xeyli işlər görmüşdür. Belə ki, Yuxarı Aran, Qəhrəmanlı, Şəfəq və Bahar qəsəbələrində futbol meydançaları yerli bələdiyyələrin, Gənclər və İdman  İdarəsinin birgə səyi nəticəsində qaydaya salınmış və bu sahədə idman yarışları, rayon birincilikləri qeyd olunan ərazilərdə təşkil olunmuşdur. Bununla yanaşı digər idman qurğularının və avadanlıqlarınında işlək vəziyyətdə gənclərin istifadəsində saxlanılması  təmin olunmuşdur.
Eyni zamanda Azərbaycanda "Bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illər üzrə Milli Strategiya"nın tələblərinə uyğun olaraq hesabat dövründə bir sıra tədbirlər həyata keçirilmişdir.
Bu sahədə görülmüş işlərin nəticəsi olaraq  2018-ci ildə Bakı şəhərində VKC karate idman növü üzrə keçirilən Azərbaycan çempionatında Qəhrəmanov Babək 1-ci yerə layiq görülmüşdür. Eyni zamanda idmançımız Yunan Roma güləşi üzrə böyüklər arasında Abdullayev Nicat, sərbəst güləş üzrə İsrafilli Bəxtiyar ölkə birinciliyində 3-cü yerə layiq görülmüşdür. Eyni zamanda bir çox idmançı gənclərimiz respublikada keçirilən idman yarışlarında iştirak etmiş, uğurlu nəticələr əldə edərək müxtəlif dərəcəli diplomlarla mükafatlandırılmışlar.
Azərbaycanda sağlam ailənin formalaşması, maaifləndirmə, xüsusilə risk qruplarının müəyyən edilməsi üçün nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanun  və 15 dekabr 2014-cü ildə bu Qanunun tətbiqi barədə müvafiq Fərman imzalamışdır. Fərmana əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minmişdir. Fərmanın icrası ilə bağlı nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi çərçivəsində 2018-ci il ərzində ümumilikdə 1413 nəfər rayon sakini Mərkəzi rayon Xəstəxanasında tibbi müayinələrdən keçirilərək tibbi arayışlarla təmin olunmuşdur. Bu müayinələr zamanı 17 nəfərin talessemiya daşıyıcısı olduğu aşkar edilmiş və müalicəyə cəlb olunmuşdur. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü ildən  əhalinin tibbi müayinədən  keçirilməsi barədə başlanılan kompaniya  2018-ci ildə də davam etdirilmişdir. Fevral ayının 12-dən başlayan və  may ayının 12-dək  davam edən tibbi müayinələr zamanı  68220 nəfər rayon sakini bu müayinələrdə iştirak etmiş, onlardan 117 nəfəri Bakı şəhərinə müalicəyə göndərilmiş, 8860 nəfər ambulator müalicə almış, 280 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur. Rayonda müayinə və müalicə zamanı şəkərli diyabet xəstələri üstünlük təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən digər rayonlarda olduğu kimi rayonumuzda da uşaqların icbari dispanzerizasiyasını aparmaq üçün ixtisaslı həkimlərdən ibarət briqada yaradılmış, bu briqadalar tərəfindən rayonun bütün kənd və qəsəbələrində 20303 uşaq tibbi müayinələrdən keçirilmişdir.
2018-ci ilin təmir planına uyğun olaraq Mərkəzi rayon Xəstəxanasının tabeçiliyində fəaliyyət göstərən Dünyamalılar kənd xəstəxanası, Əlinəzərli həkim məntəqəsi, Gödəklər tibb məntəqəsi əsaslı, Beyləqan rayon Mərkəzi xəstəxanası, Bünyadlı həkim məntəqəsi və Örənqala həkim məntəqəsində cari təmir işləri aparılmışdır. 2019-cu ildə Təzəkənd, Dünyamalılar və Birinci Şahsevən kənd sahə xəstəxanalarında cari təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.
Beyləqan rayonunun Gigiyena və Epidemiologiya mərkəzi, Hesabat dövrü ərazidə Mərkəz epidemoloji rejimə əməl olunması,  xüsusi təhlükəli və digər yoluxucu xəstəlik ocaqlarında əks-epidemik tədbirlərin görülməsi və tədbirlər planına uyğun olaraq əhali arasında sanitar maarifləndirmə işinin təşkili ilə məşğul olmuşdur.
Hesabat ilində Gigiyena və Epidemiologiya mərkəzinə 26 mədə-bağırsaq və bruselyoz infeksiyaları eləcə də 58 ağ ciyər və digər orqanların vərəminə yoluxan şəxslər barədə Bakı  şəhərindən və Mərkəzi rayon Xəstəxanasından  təcili bildiriş vərəqəsi daxil olmuş və  GEM tərəfindən bu sahədə müvafiq profilaktik tədbirlər aparılmışdır. Bu dövrdə uşaqların peyvəndə cəlb olunmasına nəzarət artırılmış, 1 yaşa qədər 1089 uşaq peyvənd və vaksinasiya almışdır. Mərkəzin parazitoloji şöbəsi üzrə 5680 nəfərdən malyariya  xəstəliyinə qarşı qan nümunəsi götürülmüş və bu xəstəliyə yoluxma halları müşahidə olunmamsışdır.
Hesabat ili ərzində rayonda dini qurumlarla bağlı vəziyyət ümumilikdə sabit keçmiş və rayonda fəaliyyət göstərən dini qurumların işi diqqət mərkəzində saxlanılmışdır.
Dini icmaların fəaliyyəti, “Dini etiqad azadlığı haqqında” Qanuna və dövlətin bu istiqamətdə qəbul etdiyi digər normativ hüquqi aktlara müvafiq olaraq tənzimlənmiş, vətəndaşlara ibadət və dini ayinlərin həyata keçirilməsində rahatlıq yaradılmışdır.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hesabat ili ərzində rayon mərkəzində, habelə Birinci Şahsevən, Dünyamalılar, Kəbirli, Bünyadlı və Təzəkənd kəndlərində “Dövlət-din münasibətlərinin Heydər Əliyev modeli”, “Azərbaycanda tolerantlıq”, “Din və gənclik”, “Multikulturalizmin Azərbaycan modeli”, “Dini ayinlərin icrası və dövlətçilik” və Radikalizmlə mübarizə” mövzusunda, ümumilikdə 10 maarifləndirici tədbir həyata keçirilmişdir. Tədbirlərdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri, din xadimləri, kənd ağsaqqalları və  dini icma üzvləri, məktəblərin müəllim və şagird kollektivlərinin iştirakı xüsusi əhəmiyyət kəsb etmişdir.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları rayonda ictimai-asayişin, sabitliyin qorunması, cinayətkarlığın qarşısının alınması və baş vermiş cinayət hadisələrinin açılması istiqamətində birlikdə zəruri əməliyyat tədbirləri həyata keçirmişlər. Bu dövrdə hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində rayonda sabitliyin pozulması halları baş verməmişdir.
Beyləqan Rayon Prokurorluğu, Ölkəmizdə demokratik cəmiyyətin formalaşması üçün real şərait yaradılmasına əsaslanaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməs  sahəsində Qanunun aliliyini rəhbər tutmuşdur.
Hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində yol verilən hər bir nöqsan, qanun pozuntularının yol vermə səbəbləri təhlil edilmiş, onların aradan qaldırılması yolları müəyyənləşdirilmişdir.
Hüquq mühafizə orqanlarının fəaliyyəti digər icra orqanlarının fəaliyyəti ilə əlaqələndirilmiş, cinayətkarlığa qarşı mübarizənin düzgün istiqamətləndirilməsi nəticəsində rayonda sabitliyin pozulması halları baş verməmişdir. 2018-ci il ərzində 178 cinayət hadisəsi qeydə alınmışdır. Bu dövrdə 175 cinayət hadisəsinin istintaqı başa çatmış, 116 cinayət hadisəsi açılmış, 59 cinayət hadisəsi bağlı qalmışdır. Cinayət hadisələrinin açılma faizi 66,3 faiz təşkil etmişdir.
Beyləqan Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, 2018-ci ilin hesabat dövrü ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi 517 nəfəri həqiqi hərbi xidmətə göndərmiş, 568 nəfər hərbi xidmətdən tərxis olunmuşdur. Hesabat dövründə xidmətə çağırış zamanı çağırışdan yayınma halları qeydə alınmamışdır.
Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 31 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və 37 şəhər, kənd və qəsəbə bələdiyyələri fəaliyyət göstərir. 2018-ci ildə icra nümayəndəlikləri ilə bələdiyyələrin birgə hazırladıqları tədbirlər planına uyğun olaraq kənd və qəsəbələrdə xeyli abadlıq, quruculuq işləri görülmüşdür. Görülən işlərin əsasını kəndarası yolların çınqıllanması, qəbiristanlığa gedən yolların abadlaşdırılması, kəndarası məhəllələrə içməli suyun çəkilməsi, yol kənarlarının yaşıllaşdırılması kimi işlər təşkil etmişdir. Ümumilikdə hesabat dövrü ərzində bələdiyyələrin büdcəsinə 380,5 min  manat, o cümlədən fiziki şəxslərdən torpaq vergisi 97,5 min manat, əmlak vergisi 26,1 min manat, bələdiyyə əmlakının və torpağın icarəyə verilməsindən daxil olan gəlirlər 91,9 min manat, torpağın özəlləşdirilməsindən daxil olan gəlirlər 87,6 min manat, dövlət büdcəsindən daxil olan dotasiyanın məbləği isə 75,3 min manat, digər daxil olmalardan 2,1 min manat olmuşdur.  Daxil olmuş vəsaitdən   146 min manat əmək haqqının ödənilməsinə, 60 min manat sosial abadlığa, daxili yolların çınqıllanmasına, yerdə qalan vəsait isə yerli özünüidarəetmə orqanlarının saxlanmasına və digər xərclərə sərf edilmişdir.  2018-ci il ərzində rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən 1547 nəfərin şifahi qəbulu aparılmış, nümayəndəliyə 238 ərizə, şikayət daxil olmuş, bu dövrdə  vətəndaşlara  31759 ədəd müxtəlif məzmunlu arayışlar verilmişdir. Daxil olmuş vətəndaş müraciətlərinə nümayəndəliklər tərəfindən baxılmış, “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq cavab verilərək icrası təmin edilmişdir.
Vətəndaşa qayğı əslində dövlətə və dövlətçiliyə xidmət olduğunu əsas götürərək rayon İcra hakimiyyəti başçısı aparatında  və İnzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin aparılması daima diqqət mərkəzində saxlanılmış, bu iş  “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qurulmuşdur.
2018-ci ilin hesabat dövrü ərzində vətəndaşlardan 1669 nəfərin müraciətinə rayon İcra hakimiyyəti aparatında baxılmış, bundan 1418 nəfəri rayon İcra hakimiyyəti başçısı tərəfindən, 251 nəfər rayon İcra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir. 5422 nəfərin müraciətlərinə isə rayon İcra hakimiyyəti başçısının kənd və qəsəbələrdə yerli içtimaiyətin nümayəndələri ilə keçirilən səyyari görüşlərdə baxılmışdır. Hesabat dövrü ərzində 35 səyyari görüş keçirilmiş, görüşlərdə 7091 nəfər iştirak etmişdir.  Sakinlər tərəfindən 104 məsələ qaldırılmış, həmin məsələlərin 54-ü yerində müsbət həll olunmuş, digər məsələlərlə bağlı vətəndaşlara qanunamüvafiq izahatlar verilmişdir. 
2018-ci ildə rayon İcra hakimiyyətinə 1697 ədəd yazılı müraciət, ərizə, şikayət və təklif daxil olmuşdur. Müraciətin 657-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 63-ü Respublika Milli Məclisi Aparatından, 65-i Respublika Nazirlər Kabinetindən, 139-u digər respublika təşkilatlarından daxil olmuş, 773 vətəndaşın müraciəti isə bilavasitə rayon İcra hakimiyyətinin başçısına ünvanlanmışdır. Daxil olmuş müraciət, ərizə, şikayət və təkliflərin 162 ədədi təkrar, 115 ədədi isə kollektiv müraciət olmuşdur.
Daxil olmuş vətəndaş  müraciətlərində aidiyyəti üzrə təhlil aparılarkən müəyyən edilmişdir ki, bunlardan 13-ü kənd təsərrüfatı, 331-i torpaq problemi, 374-ü mənzil məsələsi, 435-i əmək və əhalinin sosial müdafiəsi ilə bağlı, 4-ü sahibkarlığın inkişafı,  3-ü məhkəmə və hüquq məsələləri ilə bağlı, 51-i dövlət qulluğu və kadr məsələləri ilə barədə, 29-u nəqliyyat, 73-ü rayon İcra hakimiyyətinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı, 4-ü idman və turizm məsələsi, 10-u ailə və məişət məsələləri ilə bağlı, 45-i enerji, qaz,su və kanalizasiya məsələləri, 62-i yuxarı orqanlarda qəbulda olmaq üçün,  128-i şəhərsalma və tikinti məsələləri ilə bağlı, 7-i maliyyə və kredit məsələsi, 3-ü dini məsələ, 31-i ekologiya və təbii sərvətlər, 14-ü Qaçqınlar və Məcburi köçkünlərlə bağlı, 8-i ictimai-siyasi məsələ, 1-i vergi orqanlarının fəaliyyəti, 23-ü elm və təhsil məsələləri, 6-ı səhiyyə ilə bağlı, 1-i isə rabitə və informasiya texnologiya məsələsi, 3-ü təltiflə bağlı, 13-ü dövlət təhlükəsizliyi və hüquq-mühafizə orqanları ilə bağlı, 6-ı əmək məsələləri, 7-i müdafiə, Qarabağ münaqişəsi, orduya çağırışla bağlı, 2-i təbii fəlakət və fövqəladə hallarla bağlı, 8-i müraciətlərə baxılma, 1-ədliyyə orqanlarının fəaliyyəti, 3-ü dövlət qulluğu və qanunvericilik  barədə, 1-i isə yaşayış məntəqələri və ərazi bölgüsü ilə bağlı məsələlər olmuşdur. 
Daxil olmuş müraciətlərdən 394 ədədi müsbət həll olunmuş, 1253 ədəd müraciətlərlə əlaqədar vətəndaşlara müvafiq izahat verilmiş, 32 ədəd əsassız sayılmış, 17 ədəd qismən həll olunmuş, 1-i isə dövlət proqramında icrası nəzərdə tutulmuşdur.
Aparılan təhlillər göstərir ki, bir sıra idarə, müəssisə rəhbərləri, ərazi nümayəndəlikləri və bələdiyyələr vətəndaşların qəbulunu, onların müraciətləri ilə işin düzgün təşkil edilməməsi səbəbindən Beyləqan şəhər, Birinci Şahsevən, İkinci Şahsevən, Dünyamalılar, Bünyadlı, Əlinəzərli kənd inzibati ərazi dairələrindən yuxarı orqanlara və rayon İcra hakimiyyətinə daxil olan müraciətlərin sayı artmışdır.
Əsasnamənin tələblərinə uyğun olaraq ayda iki dəfədən az olmayaraq ümumilikdə 24 Şura iclası keçirilmişdir. Rayon İcra hakimiyyətinin 2018-ci il ərzində təsdiq edilmiş perspektiv iş planına əsasən rayonun sosial-iqtisadi inkişafı, abadlıq və mədəni-quruculuq, əhalinin, qaçqınların və məcburi köçkünlərin, Qarabağ müharibəsi iştirakçılarının, veteranların, əlillərin, şəhid ailələrinin sosial müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması, ətraf mühitin mühafizəsi, torpaqlardan səmərəli istifadə edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi vətənpərvərlik tərbiyəsi, əhalinin elektrik enerjisi, içməli su ilə təminatı, kənd təsərrüfatı, maliyyə, büdcə, təhsil,mədəniyyət, tikinti, nəqliyyat, rabitə, kommunal xidmətlər və digər sahələr əhatə olunmuşdur. Beyləqan rayon İcra Hakimiyyətində təsdiq edilmiş perspektiv iş planında 2018-ci ilin hesabat dövründə  28 məsələnin müzakirəsi nəzərdə tutulmuş, 28 məsələ müzakirə edilmişdir. Ötən dövr ərzində əlamətdar günlərlə bağlı 64 tədbir keçirmişdir.
2018-ci ilin hesabat dövründə Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 244 sərəncam və 357 ədəd əmr verilmişdir. Verilmiş əmr və sərəncamlar qanunauyğun formada hazırlanmış, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirilmişdir.
2018-ci il ərzində  sosial-iqtisadi sahədə əldə olunmuş bütün  nailiyyətləri qeyd etməklə yanaşı Dövlətimizin başçısı diqqəti görüləcək işlərə, həll olunacaq problemlərə, prioritet istiqamətlərə yönəltmişdir. Bu müddəalar hər bir  icra  strukturu,  hakimiyyət və idarəetmə orqanı, müəssisə və təşkilat rəhbəri üçün  fəaliyyət proqramıdır.
Tarixinə  cari ilin fevral ayının 13-nü qızıl həriflərlə yazan Beyləqan rayonu ictimaiyyəti bundan sonra da Azərbaycan Respublikasının Prezidenti  cənab İlham  Əliyevin müdrik daxili və xarici siyasətini dəstəkləyərək ətrafında sıx birləşəcək, onun siyasi iradəsinə əsaslanaraq bütün  göstərişlərinin, qərar və  tapşırıqlarının dönmədən həyata keçirilməsini təmin edəcək, bütün qüvvələri  səfərbər etməklə müstəqil respublikamızın çiçəklənməsi, xalqın  rifahının  yüksəldilməsi naminə  Dövlət  Başçısının  gördüyü böyük  işlərdə Onun  layiqli  yardımçısı olacaqdır. 
Beyləqan Subartezian quyularının istismarı idarəsinin müdiri Möhübbət Heydərov çıxış edərək hesabat dövründə rayon ərazisində  126 ədəd subartezian quyularının istismarına xidmət göstərildiyini qeyd etmişdir. İdarə tərəfindən hesabat dövründə 78 ədəd subartezian quyularında, 55 ədəd ESV markalı nasoslar, 32 ədəd elektrik avadanlıqları carı təmir olunaraq işlək vəziyyətdə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında”  12.02.2018-ci il tarixli Sərəncamına uyğun olaraq Respublikanın 36 şəhər və rayonun 248 yaşayış məntəqəsində 300 ədəd o cümlədən, rayonun 6 yaşayış məntəqəsində Şəfəq qəsəbəsində -2, Kəbirli kəndində -2, Dünyamalılar kəndində-2, Mayak qəsəbəsində -1, İkinci Aşıqlı kəndində -1, Beyləqan şəhər ərazisində -1 ədəd subartezian quyusu olmaqla ümumilikdə 9 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Bu 2017-ci ildə qazılmış quyulardan 5 ədəd çoxdur. Artıq 2019-cu ildə Ölkə Prezidenti tərəfindən bu məqsədlə ümumi respublika üzrə 254 yaşayış  məntəqəsində 300 ədəd subartezian quyularının layihələndirilməsi və qazılması üçün vəsait ayrılmış, rayonumuzda da 6 yaşayış məntəqəsində 9 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
Beyləqan rayon Qaz Xidmət Sahəsinin rəisi Tahir Abdullayev çıxış edərək Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq hesabat dövründə, xüsusilə payız və qış fəsillərində əhaliyə verilən qazın təzyiqi nəzarətdə saxlanıldığını, nəticədə heç bir çətinlik müşahidə olunmadığını qeyd etmişdir. 2018-ci ildə rayonun İmamverdililər kəndində 227 abonentə,  Birinci Şahsevən kəndində 1642 abonentə,  Əmirzeyidli kəndində 183 abonentə və digər yaşayış məntəqələrində 130 abonentə, ümumilikdə isə 2182 abonentə yeni qaz xətləri çəkilərək   Beyləqan rayonunda Qaz İstismar Sahəsində abonentlərin sayı 19806-ya çatdırılmışdır. Bununla da rayon üzrə qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 41-ə və ya 97,6 faizə çatdırılmışdır. Yeganə qazlaşdırılmayan  Xaçınabad kəndidir ki, buradakı 67 abonentin cari ildə təbii qazla təmin olunması nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.
Beyləqan rayonu Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev çıxış edərək Mərkəzdə hesabat ilində 1002 nəfər işaxtaran sakin qeydiyyata alındığını vurğulamışdır. Onlardan 332 nəfər işaxtaran Məşğulluq Mərkəzinin  göndərişi əsasında rayonun müxtəlif idarə və müəssisələrində işlə təmin edilmişdir. Hesabat dövründə əhalinin özünəməşğulluğunun təmin olunması məqsədi ilə 37 ailəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kiçik ailə təsərrüfatlarının yaratmaları üçün aktivlər (mal və materiallar) verilmişdir. Mərkəz 2018-ci ildə bağlanmış müqaviləyə əsasən 35 nəfər işaxtaranı əmək haqqısı müəssisə tərəfindən ödənilməklə müvəqqəti xarakterli ictimai işlərə göndərmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq  2018-ci ildə 320 nəfər beyləqanlı təmizlik, abadlıq və digər sosial  işlərə cəlb olunmuşdur. Bu 2017-ci ildə cəlb olunmuş işçilərdən 48,8 faiz və ya  105 nəfər çoxdur. 2019-cu ildə Ölkə Prezidentinin bu siyasətinin davam etdirilməsi üçün əvvəl  320 nəfər sonradan isə əlavə olaraq 150 nəfər olmaqla 470 nəfərin sosial işlərə cəlb olunması nəzərdə tutulur.
DSMF-nun Beyləqan rayon şöbəsinin müdiri Mansur Tağıyev çıxışında 2018-ci il ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına, eləcə də digər qanunvericilik aktlarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirildiyini vurğulamışdır. Qeyd etmişdir ki, hesabat dövründə Mərkəzdən sosial müavinət və təqaüd alan 5672 nəfər aztəminatlı ailələrin ödənişlərinin vaxtlı-vaxtında ödənilməsi təmin olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsindən   12720 nəfər pensiyaçı, o cümlədən 7512 nəfər yaşa görə, 4616 nəfər əlilliyə görə, 592 nəfər ailə başçısını itirdiyinə görə pensiya aldığını qeyd etmişdir. Hazırda 501 aztəminatlı ailəyə üzvləri ilə birlikdə VEMTAS tərəfindən ünvanlı sosial yardımın verilməsi həyata keçirilir. DSMF Beyləqan rayon şöbəsi üzrə 2018-ci il ərzində  3,1 milyon manata proqnoz tapşırıqlara 2,7 milyon manat və ya 89,3  faiz əməl edilmişdir. Artıq cari ildən başlayaraq DSMF tərəfindən bütün yığımlar dayandırılmış və bu yığımların icrası Vergilər Nazirliyinə həvalə olunmuşdur.
Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin Deputatları Çingiz Qənizadə və Şahin İsmayılov çıxış etmiş,  2018-ci ildə görülən işləri qənaətbəxş olduğunu qeyd edərək 2019-cu ildə görüləcək işlərlə bağlı öz tövsiyələrini verdilər.
Sonra yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

Keçidlər