Gənclərin Hərbi xidmətə təntənəli yola salınması ilə bağlı tədbir keçirildi.
04 aprel 2019-cu ildə Beyləqan rayon Heydər Əliyev parkında rayonun hərbi xidmətə çağırılan gənclərin Hərbi xidmətə təntənəli yola salınması ilə bağlı tədbir keçirildi. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin rəhbərliyi və əməkdaşları, çağırışçılar, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, valideynlər, mətbuat işçiləri və ictimaiyyət nümayəndələri iştirak etdi.
İlk öncə Ulu Öndərin abidəsi ziyarət olunaraq önünə tər güllər qoyuldu, Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev tədbiri açaraq qeyd etdi ki, Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb.
Ötən əsrin əvvəllərində — Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu cəmi 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi dövrün istedadlı generallarının böyük zəhməti nəticəsində Azərbaycan ordusunun peşəkar hərbi quruma çevrilməsi üçün mühüm tədbirlər həyata keçirildi.
Sovet hakimiyyəti illərində Azərbaycanda hərbi təhsilə xüsusi əhəmiyyət verilməsi, soydaşlarımızın yeniyetmə yaşlarından hərb sənətini öyrənməyə başlaması Ümummilli Lider Heydər Əliyevin tarix boyu unudulmayacaq müstəsna xidmətidir.
Doğma xalqının gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev respublikanın rəhbəri seçildikdən sonra Azərbaycanda hərbi ənənələrin dirçəldilməsi istiqamətində tədbirlər gördü. Xalqımızın dahi oğlu 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, həmçinin daha çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, güzəştli şərtlərlə keçmiş SSRİ-nin digər hərbi məktəblərinə qəbul edilməsinə nail olmaqla bu günkü müstəqil dövlətimiz üçün peşəkar zabit kadrlarının hazırlanması işinin əsasını qoydu. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin peşəkar zabit heyətininin özəyini məhz Ulu Öndər Heydər Əliyevin həm sovet hakimiyyəti zamanı, həm də müstəqil dövlət quruculuğu dövründə yaratdığı hərbi məktəblərin yetirmələri təşkil edir.
Ulu Öndər, Ümummilli liderimizin şah əsəri olan Müstəqil Azərbaycan Respublikası bu gün möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin yeritdiyi inamlı siyasət nəticəsində günbəgün inkişaf edir, çiçəklənir, dünyanın aparıcı dövlətlərindən birinə çevrilir. Amma təəssüflər olsun ki, hələ də torpaqlarımızin bir hissəsi düşmən işğalı altındadır. Bu da əlbəttə ki, hər bir azərbaycan vətəndaşını narahat edir.
Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Biz belə bir qüdrətli ordu ilə Vətənimizi yağılardan qorumağa, işğal altında olan torpaqlarımızı azad etməyə həmişə hazırıq. Məlum aprel hadisələri zamanı biz bir daha bunun şahidi olduq.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev həm müdrik rəhbər, həm istedadlı sərkərdə, həm də vətənpərvər bir azərbaycanlı kimi torpaqlarımızın işğaldan azad edilməsi üçün misilsiz xidmətlər göstərir və onun fədakarlığı, qətiyyəti, əzmkarlığı tezliklə qalibiyyətlə nəticələnəcəkdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində güclü Milli Ordumuz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var. Ancaq möhtərəm Prezidentimiz sülh tərəfdarı olduğundan münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verir. Əgər bu bir nəticə verməzsə, qüdrətli ordumuz bu işin öhdəsindən məharətlə gələcək.
Bu gün də orduya yola saldığımız bu gəncləri görəndə bu inam hissi daha da artır. İnanırıq ki, tez bir zamanda Ali Baş Komandanın rəhbərliyi altında zəfər bayramını qeyd edəcəyik. Mən bir daha vətənin keşiyini çəkmək üçün ordu sıraların yola düşən gənclərimizə uğurlar və xalqımıza qələbə sevincini yaşatmağı arzulayıram.
Tədbirdə çıxış edənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin rəisi Əlisafa Məmmədov, Yeni Azərbaycan partiyasının Beyləqan rayon Təşkilatının sədri Rəfail Pəsiyev, Qarabağ veteranı Rövşən Namazəliyev və valideyn Təbibə Məmmədova hərbi xidmətə yol salınan gənclərə uğurlu yol və qələbə sevincləri arzulayaraq dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirildi və sonda şən musiqi sədaları altında çağırışçı gənclər bayraqların altından keçdilər, avtobusa minərək hərbi hissələrə yola salındılar