Azərbaycanın 10 milyonuncu sakininə görə rayonda tədbir keçirildi
07.04.2019-cu il tarixdə Beyləqan şəhər Mərkəzi Parkında 10 milyonuncu uşağın anadan olması münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, gənclər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak etdi. Tədbirin aparıcısı tərəfindən 10 milyonuncu Azərbaycan vətəndaşının anadan olması ilə bağlı geniş məlumat verilərək qeyd edildi ki, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə Ölkə rəhbəri cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik etdilər.
Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri Ağdərə rayon sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.
Sonra tədbir konsert proqramı ilə davam etdirildi.