Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının qəsəbə və kəndlərdə mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul 23 aprel 2019-cu il tarixdə rayonun Orta Əlinəzərli kəndində keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kənd sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə söz istəyən Orta Əlinəzərli kənd sakini, təqaüdçü Cəfərov Mayor Fərrux oğlu kəndin içməli suya olan tələbatının yaxşılaşdırılmasını xahiş etdi. Vətəndaşın tələbi nəzərə alınaraq aidiyyəti üzrə rayon Sukanal İdarəsinin müdirinə müvafiq tapşırıqlar verildi.
Kənd sakini Məmmədov Əjdər Qurban oğlu Orta Əlinəzərli kənd tam orta məktəbin əsaslı təmir olunmasını xahiş etdi. Vətəndaşa bildirildi ki, qeyd olunan məktəbin əsaslı təmir olunması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi qarşısında məsələ qaldırılmışdır.
Orta Əlinəzərli kənd sakini Umudov Rizvan Cavanşir oğlu kənd ərazisində olan dren kanallarının lildən təmizlənməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, hal-hazırda rayon Meliorasiya idarəsinin texnikaları kənd ərazisində drenajların təmizlənməsini işinə başlamışdır. İşlərin surətləndirilməsi və keyfiyyətinin artırılması məqsədi ilə aidiyyəti üzrə müvafiq tapşırılar verildi.
Kənd sakinləri Əliyev Alı Maarif oğlu, Əliyev Zamin Məhərrəm oğlu, Abdullayev Elman Camal oğlu işlə təmin olunmalarına, Nəsirov Qaməddin İbrahim oğlu isə Orta Əlinəzərli kənd elektrik stansiyasında işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etdi. Vətəndaşlara izah olundu ki, müvafiq sənədlərini toplayaraq rayon Məşğulluq Mərkəzinə müraciət etdikdən sonra “DOST iş mərkəzi” MMC-də işlə təmin oluna bilərlər. Qeyd olunan məsələnin həlli istiqamətində rayon Məşğulluq Mərkəzinin müdirinə müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı cənab Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Orta Əlinəzərli kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.