Növbəti səyyar qəbul rayonun Yuxarı Aran qəsəbəsində keçirilmişdir.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısı Asif Ağayev 14 may 2019-cu il tarixdə rayonun Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsində Yuxarı Aran və Mayak qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, Yuxarı Aran, Mayak qəsəbə sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak etmişdir. İlk öncə tədbir iştirakçıları Yuxarı Aran qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidəsinin qarşısına tər gül-çiçək dəstələri qoyaraq şəhidləri bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə söz istəyən Mayak qəsəbə sakini, Mayak qəsəbə tam orta məktəbdə müəllim işləyən Vəliyev Elgün Mehman oğlu Yuxarı Aran və Mayak qəsəbələrini birləşdirən 3,5 km avtomobil yoluna qum-çınqıl materialı tökülərək təmir olunmasını xahiş etdi. Qaldırılan məsələnin həlli məqsədi ilə Beyləqan rayon “37 saylı Yol İstismarı İdarəsi” MMC-nin direktoruna və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr verildi.
Mayak qəsəbə tam orta məktəbin direktoru Zeynalov Tural Nuriddin oğlu Mayak qəsəbə tam orta məktəb binasının yenidən tikilməsini xahiş etdi. İzah olundu ki, qeyd olunan məktəb binasının yenidən tikilməsi üçün "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na salınmışdır.
Yuxarı Aran qəsəbə sakini Hüseynov Pərgar Bayram oğlu qonşu qəsəbə ilə aralarında olan, pay torpaq sahəsinin yanından keçən dren kollektorun təmir olunmasını və lildən təmizlənməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, rayon üzrə bir neçə dren kollektorun, o cümlədən adı gedən dren kanalının təmiri müvafiq Dövlət Proqramına salınmışdır.
Yuxarı Aran qəsəbə sakinləri Həsənov Yusif Məhyəddin oğlu, İsmayılov Şamxal Qədir oğlu və Ağalarov Faiq Bəşir oğlu işlə təmin olunmalarına köməklik edilməsini xahiş etdilər. Həsənov Yusif Məhyəddin oğlu, İsmayılov Şamxal Qədir oğlu, Ağalarov Faiq Bəşir oğlu müvafiq sənədlərini toplayaraq rayon Məşğulluq Mərkəzinə müraciət etdikdən sonra “DOST iş mərkəzi” MMC-də işlə təmin olunacaqdır. Qeyd olunan məsələnin həlli istiqamətində rayon Məşğulluq Mərkəzinin müdirinə müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.