Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Örənqala qəsəbəsində keçirilmişdir.

30 may 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyəti başçısı Asif Ağayev 30 may 2019-cu il tarixdə rayonun  Örənqala qəsəbə inzibati ərazi dairəsində Örənqala, Baharabad, Günəşli və Yuxarı Kəbirli yaşayış məntəqələrində yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.
       Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər  iştirak etmişdir.
       Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
       Görüşdə söz istəyən Örənqala qəsəbə sakini İsmayılov Mürsəl Savalan oğlu həyətyanı torpaq sahəsinin suvarılması üçün suvarma suyunun verilməsini xahiş etdi. Rayon Suvarma Sistemləri idarəsinə müvafiq tapşırıq verildi və vətəndaşın qaldırdığı məsələ yerində həll olunaraq suvarma suyu ilə təmin olundu.
       Örənqala qəsəbəsində müvəqqəti məskunlaşmış Füzuli rayonundan məcburi köçkün Ağayev Arif Abbasqulu oğlu Örənqala qəsəbəsində içməli su təminatının yaxşılaşdırılmasını xahiş etdi. Bildirildi ki, ərazidə yeni artezian quyusu qazılmış lakin, texniki su çıxmışdır. Odur ki, ərazidə şirin su mənbəyi olmadığı üçün layihə əsasında digər ərazidən içməli suyun çəkilməsi məqsədi ilə aidiyyəti üzrə tapşırıqlar verildi.
       Baharabad qəsəbə sakini Muradov Aslan Daşdan oğlu çıxış edərək qəsəbənin giriş yoluna qum-çınqıl materialı tökülərək hamarlanmasını xahiş etdi. Qaldırılan məsələnin həlli məqsədi ilə Beyləqan rayon “37 saylı Yol İstismarı” MMC-nin direktoruna və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr verildi. 
       Qəsəbə sakini Rüstəmov Fazil Nağı oğlu Örənqala qəsəbə tam orta məktəb binasının əsaslı təmir olunmasını xahiş etdi. İzah olundu ki, qeyd olunan məktəb binasının əsaslı təmir edilməsi  üçün "Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na salınmışdır.
       Örənqala qəsəbə sakini Əhmədov Əlqamin Davud  oğlu çıxış edərək bildirdi ki, əraziyə qaz xətti çəkilən zaman evinə qaz xətti çəkilmiş, lakin o, məhkumluq həyatı yaşadığına görə  evində yaşayış olmadığı üçün qaz sayqacı rayon Qaz İstismarı idarəsi tərəfindən  götürülmüşdür.Odur ki, sayğacın qoyulması üçün aidiyyəti üzrə tapşırıq verilməsini xahiş etdi. Rayon Qaz İstismar sahəsinə müvafiq tapşırıq verildi.
       Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
       Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

\

 

Keçidlər