Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Milli Qurtuluş” ilə bağlı tədbir keçirildi.

16 iyun 2019 | 16:00

        15 İyun 2019- cu il tarixdə “Milli Qurtuluş Günü” ilə bağlı Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev, rayonun hüquq- mühafizə orqanları  və Yeni Azərbaycan Partiyasın  Beyləqan rayon  təşkilatının rəhbərləri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, abidə önünə tər gül dəstələri qoyuldu və Heydər Əliyevin əziz xatirəsi dərin etiramla yad edildi. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri,  ictimayyət və mətbuat  nümayəndələri  iştirak etdilər. İlk öncə Ümummilli  Lider Heydər Əliyevə həsr olunmuş və 1991-1993 illəri əhatə edən film nümayiş etdirildi. 
      Tədbiri  giriş sözü  açan Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev qeyd etdi ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
     Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
       Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
     1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
      Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.
     Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.
     Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
    Tədbirdə çıxış edənlər Heydər Əliyev Mərkəzinin direktoru Yeganə Məmmədova, təqaüdçü müəllim Etibar İmanov  və Beyləqan şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi Mətanət Əliyeva Ulu Öndər Heydər Əliyevin  irsindən, xalqa xidmətlərindən geniş söhbət açaraq dünya şöhrətli, dahi şəxsiyyət haqqında ürəkdolusu fəxrlə danışdılar.

Keçidlər