Beyləqan rayonunda 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
08 avqust 2019-cu il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində rayonun idarə, müəssisə, və təşkilatlarının, hüquq mühafizə orqanları rəhbərlərinin, rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəallarının, KİV nümayəndələrinin iştirakı ilə 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdən öncə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq abidə önünə tər gül dəstələri qoyuldu və Heydər Əliyevin əziz xatirəsi dərin etiramla yad edildi.
Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açaraq ölkəmizin inamla inkişaf etdiyini, sosial və iqtisadi islahatların uğurla həyata keçirildiyini qeyd etmişdir.
Bildirildi ki, 2019-cu ilin əvvəlindən rayonumuzun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələr, aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri Beyləqan rayonun simasını əhəmiyyətli dərəcədə dəyişdirmişdir.
Beyləqan şəhərində 2019-cu ilin əvvəlindən başlanmış tikinti quruculuq işləri bu gündə davam etdirilir. Heydər Əliyev parkında, Heydər Əliyev prospektində, Zərifə Əliyeva, Akif Əkbərov, Sərdar İmrəliyev küçələrində abadlıq-quruculuq işləri davam etdirilmiş, 4131 kv.m sahədə mozaika daşları ilə üzlənmə işləri, mövcud barıların üzərinə 3150 p/m dam örtüyü vurulmuş, səkilərin bərpası məqsədi ilə 1850 p/m sahədə qırmızı kərpiclə hörgü işləri aparılmış, 5548 p/m sahədə əhalinin gediş-gəlişini yaxşılaşdırmaq üçün bardur işləri görülmüşdür. Bununla yanaşı əhalinin rahatlığı üçün şəhərin müxtəlif küçələrinə asfalt örtüyü salınmış, park və meydanlarda təmizlik və yaşıllaşdırma işləri davam etdirilmişdir.
Beyləqan şəhərinin Sevil Qazıyeva küçəsində 0,75 hektar ərazidə 36 mənzilli 4 mərtəbəli yaşayış binasının tikintisi üçün lahiyə smeta sənədləri hazırlanaraq aidiyyatı təşkilatlara göndərilmiş və qısa müddət ərzində binanın tikintisinə başlanılacaqdır.
Hesabat dövrü ərzində rayon iqtisadiyyatında məhsul istehsalının ümumi həcmi 163,6 milyon manat təşkil edərək ötən ilin müvafiq dövrünə nisbətən 35,2 milyon manat çox (127,4 faiz) olmuşdur. Rayon üzrə istehsal olunmuş sənaye məhsulu və xidmətlərin dəyəri 31,2 milyon manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,0 milyon manat çox (219,9) olmuşdur.
Cari ilin 6 ayında rayonun kənd təsərrüfatından gələn gəlirlər ümumilikdə 68739,8 min manat olmuşdur. O, cümlədən bitkiçilik məhsulları istehsalı 32144,3 min manata, heyvandarlıq məhsulları istehsalı isə 36595,5 min manata çatmışdır.
Bu ilin altı ayı ərzində 2708 nəfərlik yeni iş yerləri açılmışdır. Ondan 59-u yeni yaradılmış müəssisə və təşkilatların, 33-ü mövcud müəssisə və təşkilartların, 451-i fiziki şəxslərin, 2161-i isə abadlıq və mövsümi işlərdə müvəqqəti işləyənlərin payına düşür.
Asif Ağayev çıxışında əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı danışaraq mövcud olan problemlərə toxunmuş, onların aradan qaldırılması yollarından və növbəti yarımildəki görüləcək işlər barədə geniş məlumat vermişdir.
Hesabat məruzəsi ətrafında Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xaliq Məmmədov, Beyləqan rayon Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev və Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin müdir əvəzi Mansur Tağıyev çıxış edərək ötən dövr ərzində ölkəmizdə, eləcə də Beyləqan rayonunda görülən işlərdən, əldə olunan uğurlu nəticələrdən danışaraq mövcud problemlərin həlli yollarını müzakirə etmişlər.
Yekunda rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev müvafiq tapşırıq və tövsiyələrini hesabat iştirakçılarının diqqətinə çatdırmışdır.