Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

23 avqust 2019 | 16:00

        23 avqust 2019-cu il tarixdə  Beyləqan rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun sədrliyi ilə “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.
       İlk öncə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimov və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin  abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
    Daha sonra Heydər Əliyev Mərkəzində müşavirə keçirildi Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, pambıq əkini aparılmış 20 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıqçılıqla məşğul olan 60-a yaxın fermer, eləcə də pambıq emalı müəssisələrinin nümayəndələri iştirak ediblər.
     Tədbiri giriş sözü ilə açan Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. İcra hakimiyyətinin başçısı Beyləqanın kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.
     Müşavirədə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur.   Aqrar sahənin, o cümlədən pambıqçılığın inkişfı üçün dövlətimiz tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Bu sahənin inkişafı üçün subsidiyalar verilir, texnika və təsərrüfat suyu ilə təminatı sahəsində əlverişli şərait yaradılır. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Məhz həyata keçirilən tədbirlər nəticəsində bu ilin altı ayında kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi 13 faiz artıb. Bitkiçilik sektorunda artım 25,6 faiz, heyvandarlıq sahəsində 2,9 faiz təşkil edib”.
      Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inzaladığı fərman və sərəncamların verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib.
    Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov, Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyev, “MKT İK” MMC-nin direktoru Rövşən Həsənov, “Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalov, “P-Agro” MMC-nin direktoru Azər Əlizadə və “Az-Agro” MMC-nin direktoru Vahid Hüseynov çıxış ediblər.
     Müşavirə iştirakçıları tərəfindən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər. Görüşdə suvarma suyunun çatışmazlığı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika ilə təminat, aqrar sahənin kreditləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermerləri maraqlandırılan suallar nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər