Beyləqan rayonunda Təhsil işçilərinin sentyabr konfransı keçirildi.
04 sentyabr 2019-cu il tarixdə Beyləqan rayon Mədəniyyət Mərkəzində Beyləqan, Xocavənd və Füzuli rayonlarının təhsil işçilərinin sentyabr konfransı keçirildi.
İlk öncə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyat Adıgözəlov, Beyləqan,Xocavənd və Füzuli rayon Təhsil şöbələrinin müdirləri və təhsil işçiləri tərəfindən rayonda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, abidə önünə tər gül dəstələri qoyulmuş, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilmişdir.
Sonra Beyləqan rayon Mədəniyyət Mərkəzində konfrans keçirilmişdir.Konfransda Beyləqan rayon İcra hakimiyyətinin başçısının birinci müavini Telman Məstanov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyat Adıgözəlov, Beyləqan,Xocavənd və Füzuli rayon Təhsil şöbələrinin rəhbərləri və həmin rayonların təhsil işçiləri iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyat Adıgözəlov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan geniş məlumat verərək 2018/2019-cu tədris ilində təhsil sahəsində görülən işlərdən,qazanılan uğurlardan danışdı və qarşıya qoyulan vəzifələri tədbir iştirakçılarına çatdırdı.
Beyləqan rayon İcra hakimiyyətinin başçısının birinci müavini Telman Məstanov çıxış edərək təhsil sahəsində rayonda həyata keçirilən tədbirlər haqqında konfrans iştirakçılarına məlumat verdi və yeni dərs ilində təhsil işçilərinə uğurlar arzuladı.
Konfransda Beyləqan rayon Təhsil şöbəsinin müdiri Tahir Həsənov,Xocəvənd rayon Təhsil şöbəsinin müdiri Ümidvar Məmmədov və Füzuli rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova 2018/2019-cu tədris ilində görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdilər.
Sonra məruzələr ətrafında çıxış edənlər metodik kabinetlərin fəaliyyətinin gücləndirilməsi,ikinci xarici dil üçün və IX siniflər üçün Azərbaycan tarixi dərs vəsaitlərinin yenidən işlənib hazırlanmasına köməklik olunmasını xahiş etdilər.
Yekunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.