Beyləqan rayonunda “Hərbiyyə-101” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi təşkil olunub.
Sentyabrın 5-də Beyləqan rayonunda “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilmişdir. Layihə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, "ASAN Könüllüləri” Təşkilatı və Beyləqan Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, Hərbi Birliyin komandiri Mais Bərxudarov, ”Asan Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova, Qarabağ qaziləri və digər qonaqlar iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsinə öz dərin ehtiramlarını bildirmişlər.
Düşərgənin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək qonaqları salamlayaraq, “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin keçirilməsi üçün Beyləqan rayonunu seçdiklərinə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir. RİH başçısı çıxışında Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatların bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, belə tədbirlərin keçirilməsi gənclərə hər zaman vətənpərvərlik duyğuları aşılayır, onların ordu haqqında təsəvvürlərini formalaşdırır, gənclərimizdə torpağa, Vətənə sevgi hisslərini artırır. RİH başçısı ASAN könüllülərinin yay düşərgəsində olduqları müddətdə rayonumuzdakı müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacağını və Beyləqanda keçirdikləri günlərin onların təəssüratlarında silinməz izlər buraxacağını ifadə edərək düşərgənin bütün iştirakçılarına uğurlar arzulamışdır.
Sonra mərasimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər tədbir iştirakçıları çıxış edərək tədbirin mahiyyəti barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi quruculuq işləri ordumuzun istər maddi-texniki, istərsə də mənəvi döyüş ruhunu artırır. Həmçinin qeyd olunub ki, "ASAN Könüllüləri" tərəfindən dövlətçiliyin möhkəmləndirilməsi və gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində uğurlu layihələr icra olunub.
Natiqlər bildiriblər ki, iştirakçılar bütün qida və gigiyenik vasitələrlə təmin ediləcək. Otel və evdən fərqli məişət şəraitli düşərgədə Azərbaycanın müxtəlif regionlarından ümumilikdə 101 ASAN könüllüsü iştirak edir.
05-09 sentyabr tarixini əhatə edəcək “Hərbiyyə-101” hərbi-vətənpərvərlik düşərgəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak edəcəklər.
Rəsmi açılışdan sonra könüllülər Beyləqan rayonu ərazisində yerləşən “N”saylı hərbi hissədə hərbçilərlə nahar etdilər.Tədbir iştirakçıları üçün geniş konsert proqramı nümayiş olundu.