Beyləqan rayonunda pambıq yığımına son hazırlıq işləri həyata keçirilir.
Rayonda pambıq yığımına son hazırlıq işləri həyata keçirilir. Bu məqsədlə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev 17 sentyabr 2019-cu il tarixdə “Azərpambıq” MMC-də və “MTK İK” MMC-də kənd təsərrüfatı texnikalarına baxış keçirdi. Ağayevə məlumat verildi ki, əkilən pambığın vaxtında , itkisiz yığılması üçün bütün zəruri tədbirlər görülüb, “MKT İK” MMC-yə məxsus 17, “Azərpambıq” MMC pambıq emalı müəssisəsinə məxsus 15 pambıqyığan maşın texniki cəhətdən işlək vəziyyətdədir və pambıq yığımı prosesində tələbatı tam ödəyəcəyi proqnozlaşdırılır.
Pambıqçı fermerləri salamlayan icra başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə aqrar sahənin, xüsusilə də pambıqçılığın inkişafına diqqət və qayğısından və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərdən bəhs etdi. Qeyd etdi ki, dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə əlavə təkan verdi. Beyləqan rayonunda da bu proqramdan irəli gələn tapşırıqların icrası uğurla həyata keçirilməkdədir.
Beyləqanın kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu vurğulayan Ağayev, Beyləqan rayonunda aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verdi. Qeyd etdi ki, ötən il 9560 hektar ərazidən 21916 ton məhsul istehsal edilmiş, məhsuldarlıq hər hektardan 22,9 sentner təşkil etmişdir.Cari ildə rayon üzrə pambıq sahəsi genişləndirilərək 9706,1 ha sahədə əkilmişdir.
Hazırda rayonda əkilən pambığın becərilməsi üçün bütün qüvvələrdən maksimum istifadə edilib və fermerlərin daha çox məhsul götürmələri üçün bütün mümkün şərait yaradılıb. Artıq son hazırlıq işləri ilə əlaqədar olaraq, pambıq əkini sahələri yığıma hazırlanır, sahə kənarları hamarlanır, pambıq yığımında və daşınmasında istifadə edilən kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.
İcra başçısı məhz bu tədbirlərin sayəsində rayonumuzda kənd təsərrüfatının kompleks inkişaf etdirilməsi ilə bağlı aparılan işlərin öz müsbət nəticəsini verəcəyinə, bu il də pambıq yığımında müəyyən olunmuş hədəfin keçiləcəyinə əminliyini bildirdi. Cənab prezident İlham Əliyevin rayonumuza 13 fevral 2019-cu il tarixdə son tarixi səfərini və bu səfərin hər birimizdə yüksək ruh yüksəkliyi yaratmaqla yanaşı, qarşımızda böyük vəzifələr qoyduğunu xatırladan Asif Ağayev məhz bu vəzifələrin öhdəsindən layiqincə gəlmələri üçün hər kəsə uğurlar arzuladı.
Pambıqçı fermerlər göstərilən diqqət və qayğıya və yaradılan bu şəraitə görə dövlət rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.