Beyləqanda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başladı
Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başladı.
Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar iştirak etdilər.
Əvvəlcə DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminin nümayişi oldu.
Konfransı giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxışında ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanmasından bəhs etdi. İcra başçısı Beyləqandakı dini durum haqqında da məlumat verdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, dini maarifçilik işinin aparılması, dini radikalizm və xurafata qarşı mübarizədə maarifləndirmənin əhəmiyyətindən danışıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin təməlində azərbaycançılıq ideyası dayandığını,bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə böyük işlər həyata keçirildiyini deyən M.Qurbanlı əsas milli vəzifələrimizin Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi, sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması, təhlükəsizliyimizin həm ideoloji, həm də siyasi cəhətdən qorunması olduğunu diqqətə çatdırdı.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev konfransın sonunda bu sahədə görülmüş işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Müasir çağirişlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans sentyabrın 25-də “Dini radikalizmlə mübarizə və maarifləndirimə” adlı panellə öz işini davam etdirdi.
İkigünlük regional konfrans iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.