Beyləqanda müharibə veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olundu.
18 oktyabr - Dövlət müstəqilliyi günündə Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Ordusunun ehtiyatda olan çavuşu, Qarabağ müharibəsinin veteranı Məmmədov Vüqar Vilayət oğluna “Hərbi xidmətlərə görə” Azərbaycan Respublikasının medalı təntənəli surətdə təqdim edildi.
Müdafiə Nazirliyi rəsmilərinin, Beyləqan rayon İcra Hakimiyyəti rəhbərliyinin, ictimaiyyətin və bölgənin müdafiəsində dayanan hərbi hissənin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında müstəsna xidmətlərindən, bu yolda apardığı mübarizələrlə dolu şərəfli xidmət yolundan danışıb və bu işin bu gün Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad edildi.
Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək, tədbir iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından əlamətdar gün münasibəti ilə təbrik etdi və Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ehtiyatda olan çavuş V.Məmmədovun “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Medal alqışlar altında igid döyüşçüyə təqdim edildi.
Ehtiyatda olan çavuş V.Məmmədov keçən əsrin 90-cı illərin əvvəllərində layiq görüldüyü medalın xeyli müddət sonra ona təqdim olunmasında göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi. O, birinci Qarabağ müharibəsi zamanı ağır yaralanmasına baxmayaraq bu gün də qardaşları və övladı ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hazır olduğunu bildirdi.
Polkovnik Elşad Əbilov hərbi birliyin komandanlığı və şəxsi heyəti adından ehtiyatda olan çavuşu təbrik edib və ona uğurlar arzuladı.
Tədbir “Qarabağ Azərbaycandır! Hər birimiz Qarabağ uğrunda Ali Baş Komandanın əmrlərinə hər an hazırıq!” şüarı ilə başa çatdı